14 Avqust 2014 15:34
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasında çalxalanma başlayıb. Müşahidələr göstərir ki, son istefalar məhz qurultay, onun nəticələri, keçirilməsi proseduru ilə bağlıdır.

Hazırda Müsavatın daxilində qeyri-rəsmi mübarizə gedir. Başqanlığa iddiaçılar ətrafını genişləndirmək, daha çox müsavatçının dəstəyinə nail olmaq istəyir. Bu zaman lazım gələndə hansısa oyun qaydaları da pozulur. Bu isə göstərir ki, Müsavatda qurultay öncəsi baş verən bu proseslər qurultay günü və ondan sonra daha geniş miqyaslı istefalara və hətta parçalanmalara səbəb ola bilər.

Ziyalılar qurultaya nümayəndə seçilmir

Artıq qurultay oyunlarına görə Niyazi Mehdi partiyadan istefa verib. Niyazi Mehdinin istefasının bir səbəbi də qurultaya nümayəndə seçilməməsidir. Ziyalı bu halı özünə qarşı hörmətsizlik kimi qəbul edib. Düzdür, konkret olaraq N.Mehdi partiya daxilində gedən oyunlarda iştirak etməyib və daha çox müsavatçılığa bağlı şəxs olub. Amma partiyada təmsil olunan bir ziyalı kimi onun qurultay nümayəndəsi seçilməməsi qurumda oyunların getdiyinə ən bariz nümunə hesab oluna bilər.
Qubad İbadoğlunu dəstəkləyənlər linç edilir

Bu günlərdə isə İsa Qəmbərin müşaviri, son 11 ilini bu partiyaya həsr edən Hüseyn Məlik təşkilatda fəaliyyətini dayandırdığını elan edib. İstefa səbəblərini açıqlamasa da, bəllidir ki, əsas səbəb qurultayla bağlıdır. Üstəlik müşavir İsa Qəmbərin sədrliyi ilə yaradılan qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü olub. Deməli, qurultayla bağlı hansı oyunların getdiyindən məlumatlı şəxsdir.

Müşahidələr göstərir ki, istefa addımlarına daha çox Arif Hacılının başqan olmasını istəməyən şəxslər əl atırlar. Hüseyn Məlik hələ bir neçə ay əvvəl elan etmişdi ki, seçkilərdə Qubad İbadoğlunu dəstəkləyəcək. Ancaq bəlli olur ki, müşaviri İsa Qəmbərin qurultayla bağlı mövqeyini bölüşməyib. Nəticədə çıxış və həm də təzyiq yolu kimi bəyanat verməyi seçib.

Kim kimə səs verəcək oyunu...

Müsavat partiyasında daha bir maraqlı oyun kimin hansı namizədə səs verməsi ilə bağlıdır. Partiyada olan vasitəçilər başqanlığa iddia edən namizədlər arasında söz aparıb-gətirirlər. Məsələn, əgər kimsə deyirsə ki, qurultayda Arif Hacılıya deyil, Qubad İbadoğluna səs verəcək, bu məlumat qısa müddətdən sonra Arif Hacılıya çatdırılır. Və yaxud bunun əksi baş verir. Mənbə qeyd edib ki, ötən gün Müsavat Qadınlar Təşkilatının fəal üzvlərindən biri açıq formada qeyd edib ki, qurultayda səsini Arif Hacılıya verəcək. Bundan az sonra Qubad İbadoğlunu dəstəkləyənlər həmin xanıma yaxınlaşaraq onunla qısa söhbət ediblər. Xanım isə deyib ki, İsa Qəmbərdən sonra partiyanı ən yaxşı halda Arif Hacılı idarə edə bilər. Nəticədə iki iddialı şəxsin tərəfdarları faktiki olaraq düşmənə çevrilmək ərəfəsindədir.

Arif Hacılının güclənməsi digər namizədlərin narahatlığına səbəb olur

Müsavat başqanlığına iddia edən ən gənc namizəd Tural Abbaslı da partiyada baş verən hadisələrdən mümkün qədər divident götürməyə çalışır. Bunu ona yaxın şəxslər də bildirirlər. Məsələn, Hüseyn Məlik istefa verdikdən dərhal sonra Tural Abbaslı onunla əlaqə saxlayıb, görüşərək müzakirələr aparıb. Abbaslı çalışıb ki, Hüseyn Məlik istefasından imtina etsin və partiyaya qayıtsın. Mənbə deyir ki, indiki situasiyada Hacılının namizədliyinə qarşı olan şəxslərin tərki-silah “edilməsi” digər namizədlərin maraqlarına uyğun deyil. Çünki partiyada uzun illər fəaliyyət göstərən və Hacılıya qarşı olan şəxslər partiyadan kənarlaşdırıldıqca digər namizədlər tədricən zəifliyini hiss etməyə başlayır. Ehtimallara görə, qurultayda Tural Abbaslı Qubad İbadoğlunun xeyrinə iddiasından geri çəkilə bilər. Odur ki, indi Abbaslı qüvvələrin birləşdirilməsini daha vacib hesab edir.

Piar, söhbət yazısı və iddia

Başqan olmaqda israrından vaz keçməyən Səxavət Əlisoy isə hələlik baş verənləri kənardan seyr edir. Görünən budur ki, hazırda Arif Hacılıya qarşı daha sərt mövqe seçən rəqibi məhz Səxavət Əlisoydur. O, hətta Hacılını milli azlığın nümayəndəsi olduğunu deməkdən də çəkinməyib. Hazırda Əlisoyun Bakıda olmadığı və istefalardan məlumatsız olduğu deyilir. Ancaq əldə etdiyimiz xəbərə görə, bir müddət əvvəl başqanlığa iddia edən iki namizəd arasında görüş keçirilib. Həmin görüşdə daha bir müsavatçı da iştirak edib. Görüş daha çox münasibətlərin aydınlaşdırılmasına həsr edilibmiş. Ancaq görünən budur ki, Müsavatda qarşıdurma bu sürətlə davam etsə, tərəflər bir-birinə qarşı lent yazısından, görüşlərinin stenoqramından və digər vasitələrdən açıq istifadə edəcəklər. Bu isə Müsavatı çalxalanmaya və parçalanmaya aparan yol kimi qiymətləndirilə bilər. Bunun qarşısını isə ancaq Müsavatın ən nüfuzlu üzvləri ala bilər. Ancaq nüfuzlu üzvlərdən Hikmət Hacızadə belə oyunlarda iştirak etmir. Nəsib Nəsibli artıq illərdir ki, partiyada görünmür. Vurğun Əyyub yalnız Məclisin toplantılarına qatılır.

Cavidan


Müəllif: