19 Avqust 2014 13:40
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Polemikaya hazıram”

“Borçalı” cəmiyyətinin sədri, KXCP üzvü Zəlimxan Məmmədli sosial şəbəkə vasitəsilə Azərbaycanda siyasi partiyaların qüsurlarını açıqlayıb.

Z.Məmmədlinin daha çox müxalifət partiyaları ilə əlaqələrinin olduğunu nəzərə alsaq, onun fikirlərinin bu düşərgəyə aid edildiyi başa düşüləndir.

“Borçalı” Cəmiyyətinin sədrinin fikrincə, siyasi sistemə nəzər salanda onun tərkib hissəsi olan siyasi partiyaların siyasət elmi ilə uzlaşması mümkünsüz olan vərdişləri meydana çıxır.

Z.Məmmədli hesab edir ki, bu vərdişlər əsasən aşağıdakılardır:

“İnkarçılıq, özünə vurğunluq, təkəbbürlü olmaq, düşmənçilik, qisasçılıq, aşağılamağa aludəçilik, novatorluğun yoxluğu, təşəbbüslərin dəstəklənməməsi və ya onu edənə düşmənçilik, milli maraqların istismarı, daxili savaşa mütləq aludəçilik, nəsil dəyişmə prosesinin yoxluğu, siyasi uzlaşma fəlsəfəsinin olmaması, şəxsi zəmində liderlərin bir-birinə nifrəti, avtoritar düşüncənin hökmranlığı, yad fikirliliyə dözümsüzlük, siyasətə elmi yanaşmanın yoxluğu, xalqla işləmə vərdişlərinin tamamilə sıradan çıxması, siyasi prinsiplərin davamsızlığı, ideologiyaların fərdin boynuna ölçülməsi və insanlarda siyasətə rəğbət yarada bilməmək”.

Müxalifətdə qüsurları göstərən Zəlimxan Məmmədli sonda bu partiyalara müraciət edərək bildirib ki, dəyişmək, dəyişilmək, dəyişdirmək lazımdır.

O, həmçinin əlavə edib ki, yuxarıda qeyd etdiyi qüsurların hər biri istiqamətində açıq polemikaya tam hazırdır: “Ancaq mən eyni zamanda şübhə etmirəm ki, məntiq axtarmaq əvəzinə köhnə vərdişlər üstünlük təşkil edəcək”.

Cavidan


Müəllif: