4 May 2016 20:00
1 520

Həmid Herisçi: “Bu gün mən varamsa, Mircəfərə görə varam”

Anar İsgəndərli: “Bununla bağlı heç bir arxiv sənədi yoxdur”

İosif Stalinin hakimiyyəti illərində azərbaycanlıların Orta Asiyaya sürgün olunmaları və bu məsələdə Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun oynadığı rol zaman-zaman cəmiyyətdə müzakirə olunur.

Yazılan məqalələrdə və çəkilən sənədli filmlərdə nədənsə M.Bağırovu müsbət planda təqdim etməyə cəhdlər göstərilir.

Bu isə Bağırovun şəxsiyyətinin digər cəhətləri barədə cəmiyyətdə fikir müxtəlifliyinin yaranmasına səbəb olur.
Sonuncu dəfə tarixçi Cəmil Həsənli bununla bağlı Feysbuk-da status yazıb.

O, Stalinin hakimiyyəti illərində azərbaycanlıların sürgün olunması və bu məsələdə M.Bağırovun rol oynaması barədə səslənən fikirləri fantaziya adlandırıb: “Xalqımız arasında belə bir əfsanə dolaşır ki, guya Böyük Vətən Müharibəsi illərində Stalin azərbaycanlıları köçürmək istəyib və Bağırov da bunun qarşısını alıb. Bəla burasındadır ki, bu əfsanə artıq tarixçilər arasında da yayılmaqdadır və son illərdə bir sıra tarixi ədəbiyyata da sirayət edib. XX əsr tarixinə az-çox bələd olduğumdan tam məsuliyyətlə deyirəm ki, belə bir şey yoxdur. Bunu iddia edən, yazan, bu nağılı danışan adamlar ancaq rəvayətlərə istinad edirlər.

Ayrı-ayrı respublikalarda yaşayan müxtəlif əhali qrupları öz doğma yurdlarından deportasiya edilsələr də, nə Azərbaycanın, nə də digər bir müttəfiq respublikanın köçürülməsi məsələsi heç vaxt müzakirə mövzusu olmayıb. Çünki müttəfiq respublikalar SSRİ-nin təsisçiləri hesab edilirdilər və ittifaq dövləti formal da olsa, onların birliyindən ibarət idi. Azərbaycan və Rusiya arxivlərində heç vaxt bu köçürməyə işarə olunan bir məktuba, sənədə, arayışa, dövlət rəhbərləri arasında VÇ xətti ilə telefon danışığına, şifrəli yazışmalara rast gəlmədim. Kiminsə rast gəldiyinə də əmin deyiləm”.

Teleqraf.com olaraq tarixdə həqiqətən azərbaycanlıların köçürülməsi söhbətinin olub-olmamasına müəyyən qədər aydınlıq gətirmək və M.Bağırovun şəxsiyyətinin bəzi məqamlarına işıq tutmaq qərarına gəldik.

Söhbətləşdiyimiz yazıçı-publisist Həmid Herisçi bildirib ki, azərbaycanlıları köçürmək istəyiblər, ancaq o dövrdə Güney Azərbaycan məsələsi var idi. Güney Azərbaycanda, Təbrizdə böyük sovet ordusu yerləşmişdi və azərbaycanlıları buna görə köçürməyiblər. “Mircəfər də ki, öz yerində”, deyən H.Herisçi əlavə edib ki, Güney Azərbaycanda “Vətən uğrunda” adlı qəzet çıxırdı və sovet hökuməti Bakını Şərqə nümunə olaraq göstərirdi: “Necə olardı ki, şimali azərbaycanlıların hamısını köçürəsən, Güney Azərbaycanda isə sovet hökumətinin uğurlu siyasətindən danışasan?! Bu, gülməli bir şey olardı.

Ona görə də köçürmə baş verməyib. Sovet hökuməti böyük məmnuniyyətlə şimali azərbaycanlıları köçürərdi, bəs güneyli azərbaycanlılara nə deyəcəkdi? Çünki güneylilər sovet hökumətinə deyəcəkdilər ki, nə üçün şimallıları köçürdün? Ümumiyyətlə, Azərbaycan hər zaman sovet hökumətinin Şərqə göstərdiyi nümunəvi respublika olub. Ona görə də hesab edirəm ki, əslində azərbaycanlıları ölümdən qurtaran güney məsələsi olub. Əlbəttə ki, Mircəfər bu işdə fəallıq göstərib”.

H.Herisçi qeyd edib ki, M.Bağırov bu rakursda hərəkət edib və Güney Azərbaycan məsələsindən istifadə edərək şimali azərbaycanlıların köçürülməsinin qarşısını alıb.

“Ailəmizdə Bağırova münasibət müsbət olub”

H.Herisçi M.Bağırova münasibət məsələsindən də danışıb:

“Bizim ailəmizdə ona münasibət müsbət olub. 1946-cı ilin dekabrında sərhəddə çox böyük gərginlik olanda, güneydən fədai dəstələri gələndə sovet sərhədçiləri onları tərksilah etmək istəyirdilər. Fədailər də silahı vermirdilər. Vəziyyət ağır idi, hər an qan tökülə bilərdi.

Fədailərin də başçısı rəhmətlik atam idi. O vəziyyəti yoluna qoyan, qan tökülməsinin qarşısını alan və atamı Bakıya gətirən Mircəfər Bağırov olub. 1946-cı ilin dekabrında Mircəfər Bağırov atam Qafar Kəndlini, yəni Təbriz fədailərininin başçılarından birini qoyub öz maşınına, gətirib Bakıya. Şəxsən bizim ailəni, mənim atamı xilas edib. Bu, konkret və dəqiqdir. Şəxsən bizi ölümdən qurtarıb. Ümumiyyətlə, Bağırov çox adamı ölümdən qurtarıb. Təkcə öldürməyib, həm də ölümdən qurtarıb. Əgər bu gün mən varamsa, Mircəfərə görə varam”.

“Cəmil Həsənlinin özünü Sovet hökuməti yetişdirib”

H.Herisçiyə Azərbaycan SSR-də həyata keçirilən repressiyalara M.Bağırovun başçılıq etdiyini xatırlatdıqda o bildirib ki, bu repressiyalar SSRİ-nin hər yerində olub: “Özü də Azərbaycanda az olub. Rusiyada lap çox olub. Gürcüstanda lap dəhşət olub, Ermənistanda bizdən də çox olub. Əksinə, ən az bizdə olub ki, bu da Mircəfərə görədir. Əslində, Azərbaycanın ziyalılarını sovet hökuməti təkcə qırmayıb, sovet hökuməti həm də milyonlarla insanı ali məktəblərdə havayı oxutdurub. Sovet hökuməti ziyalı-zad qırmayıb. Bu, bizim millətçilərin uydurduğu məsələlərdir. Sovet hökuməti ona uyğun olmayan ziyalıları məhv edib. Amma özü həm də çoxlu Azərbaycan ziyalısı yaradıb. Cəmil Həsənlinin, Sabir Rüstəmxanlının özünü sovet hökuməti yetişdirib, havayı oxutdurub. Mənim özümü də sovet hökuməti oxutdurub. Mənim kimi milyonlarla insan havayı təhsil alıb. Məni bir ziyalı kimi sovet hökuməti yetişdirib”.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli isə bildirib ki, jurnalist söhbətlərində azərbaycanlıların köçürülməsi fikrinə rast gəlmək mümkündür. Amma bununla bağlı konkret olaraq heç bir arxiv sənədi yoxdur: “Amma ehtimallar, fikirlər var. Krım tatarları və Qafqazdakı digər müsəlman xalqları – çeçenlər, inquşlar, qaraçay-çərkəzlər, kabarda-balkar hamısı köçürüldü. Belə bir fikir var idi ki, guya azərbaycanlılar da köçürülməlidir.

Amma konkret olaraq bununla bağlı heç bir arxiv sənədi yoxdur. Sadəcə fikirlər var. Həm də o zaman Azərbaycanın dövlət başçısı çox nəhəng bir şəxsiyyət idi. Sonrakı dövrdə onunla bağlı hansı qərarın qəbul olunmasından asılı olmayaraq o, çox böyük şəxsiyyət, nəhəng bir insan idi”.

“Qarabağın Azərbaycanın tərkibində qalmasının qəhrəmanı Bağırovdur”

A.İsgəndərov azərbaycanlıların sürgün olunmaması məsələsində M.Bağırovun oynadığı roldan da danışıb:
“Birincisi, Böyük Vətən müharibəsi başa çatandan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının bir qəhrəmanı var, o da Mircəfər Bağırovdur. İkincisi, Böyük Vətən müharibəsi illərində azərbaycanlı qadınların müharibəyə səfərbər edilməməsinin səbəbkarı Mircəfər Bağırovdur. Üçüncüsü, bəli, bu fikir də geniş yayılıb ki, müharibə illərində azərbaycanlı əhalinin köçürülməməsində də Bağırov mühüm rol oynayıb. Belə ki, Böyük Vətən müharibəsi başlananda Dağıstanın gənc əhalisinin 80 faizi müharibədən imtina etmişdi.

Mərkəzdən gələn tələb belə idi ki, əgər Dağıstan ram olunmasa, Qafqazdakı bütün müsəlmanlar köçürüləcəkdi. Mircəfər Bağırov bu missiyanı, öhdəliyi öz üzərinə götürdü və onun təşəbbüsü ilə böyük təşkilatçı, soydaşımız Əziz Əliyev Dağıstana birinci katib göndərildi. Əgər, əhali səfərbər olunmasaydı, dağıstanlılar köçürüləcəkdi. Əziz Əliyev öz işini yüksək səviyyədə gördü, qısa müddət ərzində 30 min dağıstanlını cəbhəyə göndərdi. Dağıstana Əziz Əliyevin göndərilməsi Azərbaycanın birmənalı olaraq xilas olması deməkdir. Bununla Azərbaycanla bağlı problem aradan qalxdı. Bütün bunlar hamısı onu göstərir ki, həmin dövrdə Azərbaycanın dövlət başçısının azərbaycanlı əhalinin köçürülməməsində mühüm rolu olub. Bu, birmənalı olaraq Mircəfər Bağırovun xidmətidir.

Bunu heç kim inkar edə bilməz. Dağıstanla bağlı köçürülmə olacaqdısa, ondan sonra növbə Azərbaycana çatacaqdı. Bağırov sovet rəhbərliyinin Dağıstanla bağlı nə narazılığı var idisə, həmin narazılığı çox ustalıqla həll etdi. Azərbaycanla bağlı nə təhlükə yaranacaqdısa, onu aradan qaldırdı. Amma mən tarixçilərin adından deyə bilərəm ki, azərbaycanlıların köçürülməsi ilə bağlı bugünədək arxiv sənədi tapılmayıb”.

A.İsgəndərli də qeyd edib ki, M.Bağırovun Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edən repressiya təkcə Azərbaycanda, yaxud Özbəkistanda həyata keçirilməyib: “Repressiya başqa məsələdir. Sizə dəqiq bir fakt deyim. Gürcüstanda repressiyaya məruz qalan ziyalıların sayı Azərbaycanda repressiya olunana ziyalıların sayından çoxdur. Stalin ki, gürcü idi. Yəni, dövlətin özü, onun qanunları tələb edirdi ki, bu repressiya həyata keçirilsin və həyata keçirildi”.

Səxavət HƏMİD


Müəllif: