6 Mart 2015 11:46

Hikmət Babaoğlu: “Onlar məqsədlərinə çata bilməyəcəklər”

Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları Azərbaycana və Avropa Olimpiya hərəkatına qarşı qərəzli kampaniyaya start veriblər.

Bu dairələr “Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışıblar. ”Amnesty İnternational" və “Human Rights Watch” təşkilatlarının I Avropa Oyunlarını “boykot” çağırışı, xarici KİV-lərdə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv materialların sayının artması eyni dairələrin yenidən fəallaşdığını göstərir. Bu iki təşkilatın hesabatlarında Azərbaycanın daim qara rəngdə təsvir olunması, guya Azərbaycanda insan haqlarının pozulması iddiaları təəccüblü deyil və təsadüfi xarakter daşımır.

Bu qurumlar sarı mətbuat ənənələrini yaşadan “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, Meydan TV kimi yerli və xarici KİV-lərin, sifarişlə işləyən bloggerlərin həyata keçirdiyi təxribatçılıq fəaliyyətini daha geniş miqyasda davam etdirirlər. Artıq “Eurovision-2012" ərəfəsində sınaqdan çıxarılmış ”qanunsuz söküntülər", heyvanlara qarşı “qəddar münasibət”, saxta “siyasi məhbus” siyahıları və digər bu kimi məsələlər yenidən süni şəkildə gündəmə gətirilir və Azərbaycana qarşı istifadə olunur. Bəzi yerli qrupların, QHT-lərin və medianın fəaliyyəti Ermənistan və erməni lobbisinin təsiri altında olan analoji qurumların dəst-xətti ilə eynilik təşkil edir. “Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatların də məhz xarici ermənipərəst dairələrin sifarişləri əsasında Azərbaycana qarşı “qara piar” kampaniyası həyata keçirirdiyi aydın şəkildə sezilir.

Bu istiqamətdə söhbətləşdiyimiz “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib ki, I Avropa Oyunları Azərbaycan idman tarixində, ümimiyyətlə dünyanın idman tarixində böyük bir hadisədir. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin, Azərbaycanda idmanın inkişafının, bütövlükdə ölkənin inkişafının təbliğinə çevriləcək bu hadisənin ölkəmizi sevməyən islamafob dairələr və anti-azərbaycançı dairələr tərəfindən bu və ya digər formada gözdən salınmasına çalışılır: “Biz axtarsaq, bu tipli hadisələrin arxasında mütləq iki mərkəz görürük. Bunlardan biri erməni lobbisi və onu dəstəkləyən anti-azərbaycançı mərkəzlər, ikincisi isə islamafob dairələrdir. Bu oyunların bir əhəmiyyəti də ondan ibarətdir ki, bura gələn qonaqlar Azərbaycanda tolerant bir mühit, idman ölkəsi olduğunu görəcəklər. Bütün bunlar nəticə etibarilə Azərbaycanın dünyaya tanıdılmasına xidmət edəcək. Əlbəttə, bu böyük hadisənin, bu böyük tədbirin yüksək səviyyədə baş tutması qeyd etdiyimiz mərkəzləri qıcıqlandırır. Ancaq bir məsələ var ki, onlar öz məqsədlərinə çata bilməyəcəklər. ”Eurovision-2012" ərəfəsində belə bir anti-azərbaycançı təbliğat qurmağa çalışdılar, ancaq buna nail ola bilmədilər. Azərbaycanın diplomatiyası, xarici siyasəti güclüdür".

H.Babaoğlu deyib ki, bu cür fəaliyyət hər zaman olacaq: “Biz buna proses kimi yanaşmalıyıq və Azərbaycan mediası, Azərbaycan ictimaiyyətinin nümayəndələri də artıq bu cür şeylərə həyatın, ictimai-siyasi fəaliyyətin tərkib hissəsi kimi baxmalıdırlar. Bu, həmişə olacaq. Əhəmiyyətli olan bizim bu cür tədbirlərə qarşı hazırlıqlı olmağımız və onlara vaxtında, layiqli cavab verməyimizdir”.

Qeyd edək ki, iki gün öncə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodların heç bir nəticə verməyəcəyini bildirib və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edib.

Bəs, həmin qüvvələr bu addıma adekvat reaksiya verəcəklərmi? Bu sualımızı da cavablandıran H.Babaoğlu bu çağırışın tamamilə yerində olduğunu bildirib: “Çünki hörmətli Əli müəllim bu siyasi prosesləri dərindən təhlil edən və göndərdiyi mesajın dəqiq hədəsini və ünvanını bilən bir adamdır. Ona görə də hesab edirəm ki, çağırış göndərilən ünvanlar, doğrudan da, başa düşməlidirlər ki, belə cılız anti-təbliğat vasitələri ilə Azərbaycandakı bu möhtəşəm tədbirin mahiyyətini kiçiltmək olmaz. Çünki burda təkcə Azərbaycandan yox, sivil dünyanın idmansevərlərinin, Avropa ölkələrinin, Avropa idman cəmiyyətinin özünün maraqlarından söhbət gedir. Əlbəttə, onlar da maraqlıdırlar ki, bu cür mötəbər tədbir keçirilsin. Bu, dünya idman tarixində ilk hadisədir. Cənab prezidentin də qeyd etdiyi kimi bu, Yay Olimpiya Oyunları səviyyəsində təşkil olunacaq bir oyundur. Ona görə bu təkcə Azərbaycanın maraqları ilə manipulyasiya etmək deyil, eyni zamanda burada iştirak edən Avropa ölkələrinin, burada təmsil olunan idmançıların maraqları ilə manipulyasiya etmək deməkdir. Bu mənada hörmətli Əli müəllimin fikirləri çox dəqiqdir ki, nəticə etibarilə bu tədbiri gözdən salmaq istəyənlərin özləri zərərçəkəcəklər”.

Səxavət HƏMİD


Müəllif: