30 İyul 2015 12:07

“İŞİD-in tutduğu bir sıra ərazilər sonradan PKK-ya verilirdi. Və ya PKK olmasa da, kürd silahlılarının əlinə keçirdi. Türkiyənin İranla sərhədində olan torpaqlar kürdlərin əlinə keçdi, bəzən bu torpaqlar qara pullarla alındı. Daha sonra İraq sərhədində türkmənlərin əraziləri ələ keçirildi və İraqın şimalında qurulan kürd muxtariyyətininin nəzarətinə keçdi. İndi də bu prosesi Suriya vasitəsilə Aralıq dənizinə qədər uzatmağa çalışırlar”.

Bunu Teleqraf.com-a müsahibəsində VHP sədri, millət vəkili, Sabir Rüstəmxanlı bildirib. Müsahibəni təqdim edirik.

- Sabir bəy, Türkiyədə ictimai-siyasi durum getdikcə kəskinləşir, sanki qardaş ölkə xaosa sürüklənir və bunda maraqlı qüvvələrin olduğu hiss olunur. Sizcə, Türkiyədə nə baş verir?
- Türkiyədə baş verənlər gözlənilən idi. Azərbaycan-Türkiyə münasibətləri bizim üçün son dərəcə əhəmiyyətlidir. Biz, bu münasibətləri ölkələrin iqtidarı və müxalifəti ilə bağlamaq niyyətində olmamışıq. Bu münasibətlərə bir xalqın iki parçası prizmasından yanaşırıq. Türkiyədə baş verənlər Azərbaycan vətəndaşlarında dərhal reaksiya doğurur. Yəni öz millətimizin bir hissəsində olan hadisə kimi yanaşırıq. Elə İraqda türkmənlərlə bağlı olaylara da yanaşma bu cürdür. Çünki bütün bunlar həm də bizim taleyimizdir. Türkiyədə son illərdə müşahidə etdiyimiz proseslər buna gətirib çıxarmalı idi. Bunu biz imkan daxilində çatdırmağa çalışmışıq.

- Konkret nəyi nəzərdə tutursunuz?
- Türkiyədə aparılan siyasət sanki PKK-nı leqallaşdırmaq, onu terror təşkilatından siyasi təşkilata çevirmək istiqamətində gedirdi, buna doğru addımlar atılırdı. Məsələn, Abdulla Öcalana münasibət ortada idi. Onu siyasi masada tərəf kimi əyləşən şəxs kimi təqdim etmək, onunla məsləhətləşmələr aparmaq, Türkiyənin gələcək siyasətinə münasibətini öyrənmək və bu kimi digər məqamlar ortalıqda idi. Biz Türkiyədə yaşayan kürd xalqının hüquqlarını başa düşürük. Onların ana dili, digər məsələləri anlaşılandır. Amma bununla bərabər terror hadisələri var ki, bunun da 30 mindən çox qurbanı var. Bu qurbanların da bir hissəsi elə kürd xalqının nümayəndələridir. Onlar da neçə illərdir ki, bu terrordan əziyyət çəkir. Amma təəssüflər olsun ki, Türkiyədə aparılan siyasət, bir sıra xarici dövlətlərin dəstəyi terrorçu təşkilatının müəyyən üzvlərini gətirib parlamentə çıxarıb. Onlar cəza evində oturmaqdansa, parlamentdə əyləşiblər. Təbii ki, parlamentdə əyləşəndən sonra başqa iddialarda olurlar. Son parlament seçkilərində HDP-nin 13 faiz səs alması, əslində, onun dəstəklənməsi də deyildi. Ola bilsin ki, HDP 7-8 faiz səs alacaqdı. Ancaq Türkiyənin indiki iqtidarından narazı qalan qüvvələr AKP-nin təkbaşına dövləti idarə etməsini istəməyənlər HDP-yə səs verdilər. Beləcə, mövcud şərait yarandı. Mənim müşahidə etdiyim budur.

- Hazırda PKK hərbi hissələrə hücum edir, imkan tapan kimi zabitləri hədəfə alır, körpüləri partladır. PKK-nın aktivləşməsi nəyə hesablanıb?
- Son illər Türkiyədə PKK-ya qarşı ciddi mübarizə aparılmayıb. Türkiyə jandarması və əsgəri ancaq gözləmə mövqeyində dayanıb. Yəni, onlara “sizə hücum etsələr, siz də onlara cavab verin” şəklində göstəriş olub. Hansısa bir əməliyyat aparılsın, PKK-ya zərbələr endirilsin, zərərsizləşdirilsin, zəiflədilsin kimi addımlar olmayıb. Anlamıram ki, bunun arxasında hansı məqsəd dayanıb. Bu, vətəndaşı incitməmək xətti olub, ya nə? Ancaq bütün hallarda terrorun bir adı var, ikinci adı yoxdur. Dünyanın hər yerində terror pislənilir. Üstəlik bu, vətəndaşın dəstəklədiyi deyil, kənardan gələn terrordur. Şübhəsiz ki, terrora qarşı ciddi mübarizə olmalı, terror ocaqları söndürülməlidir. Türkiyə uzun illər bu ocaqları söndürməyib. Əksinə, PKK-ya qanad verən bəzi qüvvələr Türkiyədə rahatlıq tapıb. Hətta onlarla danışıqlar olub. Bunların İraqda gördüyü işlər ortalıqdadır və onlar küçə tərbiyəsi alan şəxslərdir. Bəlkə də, burada bir siyasi məqsəd var. Söhbət ondan gedir ki, seçkilərdən sonra Türkiyədə koalisiya hökuməti yaradılmalı, tezliklə hökumət qurulmalı, dövlətin vacib postları tutulmalıdır. Yəni, dövlət başsız qala bilməz. Məncə, burada müəyyən qüvvələr həm də onu bildirmək istəyirlər ki, baxın, təkbaşına bir partiyanın hakimiyyətə gəlməməsi səbəbindən hansı xaotik vəziyyət yarana bilər, qarışıqlıq hökm sürər. Bəlkə də, burada Türkiyəni erkən seçimlərə aparmaq, koalisiya yaradılmasına mane olmaq niyyəti var. Eyni zamanda, HDP-nin parlamentə gəlməsi bəzi terror qruplarına qol-qanad verib.

- Ancaq hazırda PKK ilə yanaşı İŞİD terror qruplaşması da Türkiyəni hədəfə alıb...
- İŞİD-in hansı layihə olması, hansı mərkəzlərə xidmət etməsi tam mənasında açıqlanmayıb. Amma görünən odur ki, Şimali İraqda, Suriyanın şimalında İŞİD tərəfindən təmizlənən ərazilər sonradan kürdlərin əlinə keçir. Sanki gizli bir danışıqlar var ortada. İndi Orta Doğu layihəsi həyata keçirilir. Xarici ölkələrin bu ərazidə tikmək istədiyi paltarlara uyğun olan niyyətlər var. Onların məqsədi Yaxın Şərqdə qarışıqlığın hökm sürməsi, sakitliyin əldə olunmamasıdır. Hətta İraq və Suriya parçalansın. Gələcəkdə imkan olsa, Türkiyə və İran da parçalansın. Yəni Türkiyə və İran da bu məsələdən kənarda deyil. Burada qüvvələr nisbətini dəyişmək üçün Kürdüstan dövlətinin qurulması məqsədi də var. İsrail də burada maraqlıdır. Çünki Suriyanın İsrailin şimal sərhədində möhkəm olması ona sərf etmirdi. Burada Suriyanın da parça-parça olması, əvəzində Kürdüstanın yaradılması və onun bir hissəsinin Urmiya torpaqlarına, bir hissəsinin də Aralıq dənizinə qədər olması nəzərdə tutulur. Beləcə, İraqın şimalındakı neft sərvətləri Türkiyə üzərindən deyil, ondan kənar keçməklə dünyaya çıxarılır.

- İŞİD-lə də PKK arasında süni qarşıdurma yaradılır...
- Bütün bunların bir hissəsi gözlə görünən, bir hissəsi medianın yazdığı, bir hissəsi isə açıqlanmayan məsələlərdir. Bunun da, əlamətləri görünür. İŞİD-in tutduğu bir sıra ərazilər sonradan PKK-ya verilirdi. Və ya PKK olmasa da, kürd silahlılarının əlinə keçirdi. Türkiyənin İranla sərhədində olan torpaqlar kürdlərin əlinə keçdi, bəzən bu torpaqlar qara pullarla alındı. Daha sonra İraq sərhədində türkmənlərin əraziləri ələ keçirildi və İraqın şimalında qurulan kürd muxtariyyətininin nəzarətinə keçdi. İndi də bu prosesi Suriya vasitəsilə Aralıq dənizinə qədər uzatmağa çalışırlar. Faktiki olaraq Türkiyənin İran, İraq və Suriya ilə olan sərhədinin o tərəfi kürdlərin nəzarətinə keçib. Üstəlik o bölgələrə yaxın olan Türkiyə ərazilərinin bir hissəsində kürdlərin yaşadığını nəzərə alsaq, bunun gələcəkdə Türkiyə üçün hansı böyük təhlükənin yarana biləcəyini görmək çətin deyil. Halbuki, Türkiyənin İranla sərhədi boyunca Qəzvin şəhərinə qədər türk əhalisidir. Yəni sərhədin o tərəfində də, bu tərəfində də türklər yaşayır. İndi bu qardaş xalqların birliyini pozmaq xətti yürüdülür. Vaxtilə Ermənistanı ortaya ataraq sərhədin hər iki tərəfində olan bir milləti aralayıblar. İndi də, bu prosesi başqa formada cənubda etmək, Türkiyənin özünü zəiflətmək istəyirlər. Bu, türk birliyinə olan zərbədir. Bunun əvəzinə bir Kürdüstan yaratmaq, onun Aralıq dənizinə qədər uzanması istəyi var. Bu isə bölgədə vəziyyətin tamam dəyişməsi anlamına gəlir. Odur ki, İŞİD-in bir müsəlman təşkilatı olmasına zərrə qədər də inanmıram. Bu silahlı qruplaşmanın arxasında tamam ciddi qüvvələr dayana bilər. Məncə, Türkiyə bunu əvvəldən görməli idi. Türkiyə PKK-nın hara gəlib çıxa biləcəyini görməli olduğu kimi, İŞİD-in də hara qədər gəlib çıxacağını müəyyən etməli idi.

- İddia olunur ki, Türkiyənin xeyir-duası ilə bölgədə yaşayan türkmən xalqının 5 minlik ordusu qurulur...
- Bu məsələ mətbuata çıxıb. Açığı, buna ciddi yanaşmıram. Orada başqaları 50-100 minlik ordu qurur və hər kəs də buna sanki normal yanaşır. Türkmənlər öz ocaqlarını qorumaq məqsədilə bir araya gəlirlərsə, bunu o dəqiqə xüsusi məqam kimi qabartmaq və yaymaq, Türkiyənin bu işdə əli olması kimi baxmaq doğru deyil. Türkiyənin burada türkmənlərə səmimi yardım etməsini görməmişəm və buna inanmıram. Çünki Türkiyənin Kərkük üzərində qarantorluq hüququ var. Bu şəhər ayaq altında qalanda, türkmənlər evlərindən qovulanda, ac-susuz qalanda Türkiyə səsini qaldırıb işini görməli idi. Hazırda bu torpaqların böyük qismi əldən çıxandan sonra Türkiyənin türkmənlərə kömək etməsinə inanmıram. Hətta qaçqın ərəblər Türkiyə sərhədindən asan keçdiyi təqdirdə, türkmənlərin belə hüququ yox idi. Sanki türkmənlər türk deyil, Türkiyə dövlətinin belə qayğısı yoxdur.

- İraq və Suriya ərazində üst-üstə 5 milyondan çox türkmən yaşayır. Əgər bölgədə barıt çəlləyi partlayırsa, xalqlar öz gələcəyini düşünərək təşkilatlanma həyata keçirirsə, nədən türkmənlər bunu etməsin?
- Türkmənlər təşkilatlansın, proseslərə qatılsın. Buna kim nə deyir ki? Amma təəssüflər olsun ki, bu proses indiyə qədər olmayıb. Burada İraq və Suriya türkmənlərini gücləndirmək niyyəti olmayıb. PKK-nı dəstəkləyən qüvvələr heç vaxt türkü düşünməyib. Türkiyənin də bu bölgədə yaşayan türklərlə bağlı açıq və sistemli siyasəti olmayıb. Ona görə də İraqda 3 milyon, Suriyada kifayət qədər türk var. Onlar həm də Azərbaycan türklərinə yaxındırlar. Vaxtında Türkiyənin onlarla bağlı normal siyasəti olsaydı, indi türkmənlər ayaq altında qalmazdı.

Nemət Orucov


Müəllif:
Загрузка...