16 Aprel 2014 13:21
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhəddin Əkbər: "Üzvlərimizin sayı 1200 civarındadır"

Azad Demokratlar Partiyasının qurultayı, ideoloji xətti, izləyəcəyi siyasət, müxalifətin durumu, Milli Şuranın fəaliyyəti, vəziyyətdən çıxmaq üçün göstərilən təşəbbüslər və digər məsələlər haqqında Sülhəddin Əkbər danışıb. Müsahibimiz bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb, müxalif düşərgədə fəaliyyətsizliyin hökm sürdüyünü qeyd edib.

- Sülhəddin bəy, yeni partiya quruculuğu ilə məşğul olursunuz. Hazırda partiyanın sənədləşmə işi nə yerdədir?

- Demək olar ki, nizamnamə və proqram layihəsi artıq hazırdır. Bizim işimiz indi rayon təşkilatlarında konfransların keçirilməsi, qurultay nümayəndələrinin seçilməsi, eyni zamanda qeydiyyata alınmaq məqsədilə üzvlərimizdən imza toplanması və Ədliyyə Nazirliyinə təqdim edilməsi istiqamətindədir. Düşünürük ki, xüsusi bir problem yaranmasa, mayın sonu, iyunun birinci yarısında qurultayımızı keçirəcəyik. Hər halda planımız və niyyətimiz budur.

- Sizin partiyanın ideoloji xətti hansı istiqamətdə olacaq?

- Sualınıza görə təşəkkür edirəm. Çünki hazırda Azərbaycanda bir ideoloji boşluğun olduğunu düşünürəm. İndi bu boşluğu daha çox dini təriqətlər və cərəyanlar doldurmağa çalışır. Təəssüflər olsun ki, dini radikal ekstremist qruplar, xarici təşkilatlar və beynəlxalq terror qrupları bundan istifadə edirlər. Ona görə də, biz partiyanın fəaliyyətində siyasi ideologiyaya xüsusi önəm verir və bunu ciddi məsələ hesab edirik. Partiyamızın ideologiyası liberal-demokratik ideologiyadır. Yəni bizim təməl prinsiplərimiz liberalizmin prinsipləri olan fərdiyyətçilik, azadlıq, azad bazar iqtisadiyyatı, liberal məhdud dövlət və nümayəndəli demokratiyadır. Bizim əsas təməl prinsiplərimiz bundan ibarət olacaq.

- Siz milli azadlıq hərəkatının öndə olan üzvü olmusunuz. Sonradan Müsavat Partiyasında ikinci postu tutmusunuz. Demək mümkünsə, millətçi xəttə bağlı olmusunuz. İndi bu xətdən imtina edərək liberal ideologiyanı önə çəkmək sizə qarşı münasibəti dəyişməyəcəkmi?

- Düşünmürəm. Siyasi proseslərə qoşulduğum gündən siyasi-fəlsəfi düşüncələrim əsasən liberal cərəyana söykənib. İkincisi, mən Müsavat Partiyası daxilində gedən müzakirələr zamanı da bu xətti müdafiə etmişəm. Digər tərəfdən, Azərbaycanın vətənpərvərləri dünyada gedən siyasi prosesləri nəzərə almalıdırlar və başa düşməlidirlər ki, müasir dünyada inkişaf azad dünyadan və qlobalizmə aktiv adaptasiyadan keçir. Odur ki, bizim partiyanın əsas şüarlarından biri- "Demokratikləşməli, demokratik dünyaya inteqrasiya olunmalı və qloballaşmaya uyğunlaşma" olacaqdır. Müasir Azərbaycan vətənpərvərləri əgər öz millətlərinin və dövlətlərinin inkişafını istəyirlərsə, əsas şüarları bu olmalıdır.

- Demək istəyirsiniz ki, millətçi ideoloji xətti seçənlər hakimiyyətə gələ bilmirlər?

- Bu baxır millətçiliyə hansı anlayışla yanaşırsınız. Millətçiliyin özünün də müxtəlif yanaşmaları və anlayışları mövcuddur. Hərə millətçiliyə bir cür yanaşır. Bizim ideologiya ilə tanış olsanız, görərsiniz ki, Azad Demokratlar Partiyasının siyasətinin mərkəzində milli maraqlar dayanır. Bilirsiniz ki, mən ilk dəfə olaraq 2008-2009-cu illərdə Azərbaycanın milli maraqlar sistemini işləyib hazırlamışdım. Bu prosesdə bir qrup ekspert də iştirak etmişdi. Həmin dövrdən etibarən bu istiqamətdə fəaliyyətimi davam etdirirəm. İlk dəfə məhz mən Azərbaycanın milli maraqlar sistemini işləyib hazırlamışam və indi bunu partiyanın proqramı halına gətirmək niyyətindəyəm. Əgər qurultayda mənim siyasi fikirlərim müdafiə olunsa, bu partiyanın proqram sənədlərində öz yerini tutacaq. Azərbaycanın milli maraqları sisteminin sıralanması tərəfimizdən aparılıb. Bizim siyasətimizin mərkəzində Azərbaycanın milli maraqları duracaq. Baxmayaraq ki, bu gün hər bir partiya Azərbaycanın milli maraqlarından danışır, amma onlardan bu milli maraqların nədən ibarət olduğunu soruşsanız, düz-əməlli cavab verə bilməyəcəklər.

- Azərbaycanda siyasi partiyaların çoxunun sənədində "Azərbaycançılıq" ifadəsinə rast gəlinmir. Bu məsələ Sizdə necə olacaq?

- Azərbaycanın milli maraqlar sistemində bizə görə, birinci sıralamada vətənin müdafiəsi gəlir. Vətənin müdafiəsi dedikdə biz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin qorunması, konstitusiya quruluşunun və vətəndaşlarının müdafiəsini nəzərdə tuturuq. Maraqların kəskinlik dərəcəsinə görə, ikinci yerdə Azərbaycanın hərtərəfli və davamlı iqtisadi inkişafı, Azərbaycan ətrafında əlverişli şəraitin yaradılması, milli birlik, xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması, Azərbaycanın xaricdə qoyduğu investisiyaların müdafiə olunması. Hesab edirəm ki, bu sıralama sizin sualınıza müəyyən qədər cavab verdi.

- Sizin nə qədər üzvünüz var, bununla bağlı konkret məlumat verə bilərsinizmi?

- Azərbaycanda olan digər müxalifət partiyalarından fərqli olaraq səmimiliyin və şəffaflığın tərəfdarıyam. Bu barədə də açıq danışmağı sevirəm. Bilirsiniz ki, müxalif partiyalar adətən üzvlərinin sayını açıqlamır. Halbuki həmin partiyaların qurultay nümayəndələrinin sayına əsasən bunu çox asanlıqla hesablamaq olar. İndi bizim üzvlərin sayını dəqiq deyə bilmərəm, çünki bizdə rayon konfransları davam edir. Amma dəqiq deyim ki, bir partiyanın təsis edilməsi üçün qanunla min nəfər tələb olunur. Yəni bu kəmiyyətə mütləq əməl olunmalıdır. İndi bizim partiya üzvlərinin sayı 1200 civarındadır. Yəni bu şəxslər həm də Ədliyyə Nazirliyində qeydiyyata alınmaq üçün hazırlanan sənədlərə imza atmış şəxslərdir.

- Sizin partiyanızın strukturlaşması digər partiyalardakı strukturların təkrarlanması formasında olacaq, yoxsa hansısa fərqli strukturlar yaradılacaq?

- Təəssüflə qeyd edim ki, qüvvədə olan qanunvericilik bu fərqli yanaşmaya imkan verməzdi. Əgər qanunvericilik fərqli yanaşmaya imkan versəydi, Amerika tipli partiyaların yaradılmasını seçərdim. Yəni az sayda, aktiv və operativ fəaliyyət göstərən struktur və tərəfdarlar. Bu zaman seçkidən seçkiyə tərəfdarlar siyahıya alınır, müəyyən təbliğat işi aparılır.

- Hazırda sizinlə Rəsul Quliyev arasında əlaqə varmı və eks-spiker sizin partiyaya qayıda bilərmi?

- Hələlik bizim elə münasibətimiz yoxdur. Qeyd edim ki, münasibətlərimiz siyasi münasibətlər idi. Bildiyiniz kimi, Rəsul Quliyev özü partiyadan istefa verdi. Bundan sonra bizim aramızda siyasi münasibətlər dayandı. Hazırda da belə münasibət yoxdur. Təbii ki, insan kimi münasibətlərimizdə heç bir dəyişiklik yoxdur.

- Hazırda Müsavat qurultayını keçirə bilmir və iddia edir ki, bunun üçün ona müvafiq yer vermirlər. Sizin qurultayınızda da belə problem yarana bilərmi?

- Bizim qərarımız belədir ki, qurultay nümayəndələrinin sayı 200 nəfərdən çox olmasın. Ona görə ki, qurultayı keçirmək imkanımız olsun.

- Qurultaya qonaq qismində keçmiş başqanınız İsa Qəmbəri dəvət edəcəksinizmi?

- Təşkilat Komitəsində qonaqların dəvət edilməsi məsələsi hələ müzakirə edilməyib. Bu qurultayın dəqiq yeri və vaxtı müəyyən edildikdən sonra müzakirə ediləcək.

- Siz Milli Şurada fəaliyyət göstərirsinizmi?

- Bəli, hələlik mən Milli Şuranın sıravi üzvü olaraq fəaliyyətimi davam etdirirəm.

- Milli Şurada neçə şəxslə təmsil olunursunuz?

- Bizim partiyanın bu qurumda 4 üzvü təmsil olunur.

- Əvvəllər sayınız 12 idi...

- Bəli, ACP zamanında 12 nəfərlə təmsil olunurduq. Sonradan onların bir qismi Milli Şuradan getdi.

- Milli Şuranın fəaliyyəti sizi qane edirmi?

- Müxalifətin fəaliyyəti müxalifətdə olan heç kəsi qane etmir. O cümlədən mənim özümün də fəaliyyəti özümü qane etmir.

- Fəaliyyətsizliyə səbəb nədir?

- Əslində, bunun səbəbləri çoxdur və hər dəfə də mediada bu istiqamətdə müzakirələr açılır. Fikrimcə, bu geniş bir mövzudur. Səbəblər sırasında daxili, xarici, subyektiv, obyektiv elementlər var.

- Bu vəziyyətdən çıxmaq mümkündürmü?

- Əlbəttə, mümkündür. Bələdiyyə və daha sonra parlament seçkiləri yaxınlaşdıqca vəziyyət bir qədər dəyişəcək. İkincisi, hazırda dünyada bir geopolitik mübarizə gedir və bu böhran həddinə çatıb. Geopolitik mübarizə xəttinin bir hissəsi də Azərbaycandan keçdiyi üçün şübhəsiz ki, bu proses də daxili siyasətə təsirsiz ötüşməyəcək. Bir müddətdən sonra müxalifət indi düşdüyü süstlük vəziyyətindən çıxa biləcək. Hər halda buna müxalifətin özü cəhd eləməlidir. Başqası bunu bizim əvəzimizdən etməyəcək.

- Rusiyanın maraqlar uğrunda Ukraynada ABŞ-a qalib gəldiyini deyə bilərikmi?

- Prosesə Ukrayna sərhədləri çərçivəsindən baxsanız belə görünə bilər. Amma məsələyə regional və qlobal çərçivədə baxsanız, bu qənaətə gəlməzsiniz. Amerika nəyə nail oldu, ilkin nəticələr nədən ibarətdir? Birincisi, ABŞ Avropa ilə zəifləyən əlaqələrinin güclənməsinə nail oldu. Çünki ABŞ və Avropa arasında müxtəlif səbəblərdən münasibətlərdə problem yaranmışdı. Rusiya təhlükəsinin üzə çıxması Avropanı Amerikaya yaxınlaşdırmaq üçün gözəl şərait yaradır. İkincisi, ABŞ-ın Avropada iştirakı, xüsusilə hərbi iştirakının artırılması üçün yeni şərait yarandı. ABŞ-ın hərbi müttəfiqləri ildən-ilə öz xərclərini azaldır, ixtisarlar aparırdı. İndi ABŞ-ın müttəfiqlərindən hərbi xərcləri artırmaq üçün tələb irəli sürməyə haqqı çatacaq. Bu həm də NATO-nun genişlənməsi üçün yeni şərait yaradır. Bu günə qədər Rusiya ilə əməkdaşlıq, Kreml ilə əlaqələrin pozulmaması imkan vermirdi ki, Gürcüstan və Ukraynanı NATO-ya dəvət etsinlər. Fikrimcə, indi bu aradan qalxır. İndiyə qədər Rusiya ilə olan münasibətlər, eləcə də Fransa, Almaniya və Roma deklorasiyası imkan vermirdi ki, NATO-nun hərbi strukturu Şərqi Avropada artırılsın. İndi isə Şərqi Avropa ölkələri ABŞ və NATO-dan xahiş edirlər ki, burada hərbi iştirakını artırsın.

Nemət Hüseynli


Müəllif: