22 May 2014 12:44
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar Araşdırmalar İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ““Azərbaycan tarixi-Azərbaycan gəncliyi” tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində ali məktəb tələbələri üçün mühazirə-seminar təşkil edib.

Teleqraf.com xəbər verir ki, toplantını ictimai birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı açıb. O bildirib ki, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti şərqin ilk demokratik respublikasıdır. Məhz qadınlara da ilk dəfə seçki hüququ verən Azərbaycan Xalq Cümhuriyyəti olub.
Deputat Azər Badamov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra bir sıra islahatlar həyata keçirilib. Bayrağımız təsis edilib, milli bank yaradılıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, əməkdar müəllim, dosent Firdovsiyyə Əhmədova mühazirəsində cümhuriyyət dövründə keçilən yolu təhlil edib, maraqlı faktları diqqətə çatdırıb.

Deputat Qənirə Paşayeva layihənin gənclər üçün əhəmiyyətindən bəhs edərək gəncləri xüsusilə sosial şəbəkələrdə tariximizi, mədəniyyətimizi təbliğ etməyə çağırıb.

Daha sonra iştirakçıların suallarına cavab verilib. Müzakirələrə yekun vuran deputat, tarixçi professor Musa Qasımlı 1918-1920-ci illərlə indiki müstəqilliyimiz arasında paralellər apararaq müstəqil dövləti qorumağın, vətəndaşın fəal olmasının vacibliyi üzərində dayanıb.

Səxavət


Müəllif: