11 İyul 2015 18:18

Əli Kərimli qorxuya düşüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlının partiyadan istefa verməsi haqda xəbər təsdiq edilsə də, onun konkret hansı səbəblərdən getməsi bəlli deyil. Ə.Qurbanlı özü mətbuata hər hansı bir açıqlama vermir. Bildirir ki, zamanı gələndə bu haqda danışacaq.

Ötən gün Qurbanlı istefası haqqında sosial şəbəkədə belə yazıb: "Ayrı-ayrı saytların istefamla bağlı təhlilləri, xəbərləri konkret olaraq partiya rəhbərliyinə daxil olan ayrı-ayrı şəxslərlə problemlərimin olması ilə izah etmək gerçəkliyə uyğun deyil. Zərurət yaranacağı halda öz fikirlərimi bildirəcəm".

Sədr müavini Həsən Kərimov-Əli Kərimli ittifaqının qurbanı olub

Qurbanlı istefası haqqında danışmadıqca, onun istefası barədə ən müxtəlif versiyalar ortaya çıxır. Son sayımızda qeyd etmişdik ki, sədr müavininin istefası daha çox partiyadaxili məsələlərlə əlaqədardır. Daha doğrusu, onun AXCP Ali Məclisinin sədri Həsən Kərimov və sədr müavini Gözəl Bayramlı ilə problemləri var. Bu iki şəxs faktiki olaraq partiya daxilində qeyri-müstəsna səlahiyyətlərə malikdirlər, digər şəxslərə partiya daxilində əl-qol açmağa imkan vermirlər. Bu istefa haqqında ən son xəbərlər də dediklərimizi təsdiq edir.

Belə ki, Qurbanlı AXCP Ali Məclisinin sədri Həsən Kərimovla davasına görə istefa verib. Davaya səbəb kimi isə hazırda həbsdə olan AXCP Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzi göstərilib. Bildirilir ki, S.Həzi həbs olunduqdan sonra "Azadlıq"da aldığı əmək haqqından əlavə partiya tərəfindən müavinət ayrılıb. Qurumun son iclaslarının birində Həsən Kərimov S.Həziyə ayrılan əlavə müavinətə etiraz edərək kəsilməsini tələb edib. Ə.Qurbanlı buna öz etirazını bildirib. Nəticədə tərəflər arasında ciddi narazılıq yaranıb. Sonda Əli Kərimli Həsən Kərimovu müdafiə edib. Bu isə gənc müavinin qərarını qətiləşdirməyə səbəb olub.

Sabiq cəbhəçi: "Rəyasət Heyətinin daha bir üzvü istefa verəcək, şoka düşəcəksiniz"

Qeyd edək ki, AXCP-dən istefa verən Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu da bu istefaya münasibət bildirib. O qeyd edib ki, AXCP-də və digər qurumlarda vurulan qanadlar sonda gəncliyin ətrafında birləşəcək: "Bu günlərdə Əbülfəz Qurbanlıdan sonra Rəyasət Heyətinin daha bir tanınmış üzvü istefa verəcək. Hamı bu istefadan şoka düşəcək. Partiya o vəziyyətdədir ki, insanlar kənardan kömək axtarırlar. Hamı bütün iyrənclikləri görüb. Qurultayda Müsavatın qərargahının zalı da Əli Kərimliyə böyük gələcək. Açıq şəkildə bəyan etmişəm ki, Əbülfəzə dəstək olacağam. Əlinin "zombi"ləri onu top atəşinə tutsalar, yanında olacağam. O, Əlinin yelkənsiz gəmisində batmaq istəmədi. Tənəzzülə doğru gedən partiyada qalmağın mənası yoxdur. Əbülfəz Əli Kərimlinin küyünə gedib həyatını məhv elədi. Mən 26 ilimi qurban verdim. Artıq başa düşmüşəm ki, Əli Kərimli uğrunda imiş bu mübarizə. Əbülfəzin bu yaşında gerçəkləri görməsini qəhrəmanlıq sayıram. O, istefasında bəzi eyhamlar vurub. Deyib ki, çox şeylər edə bilərdim, amma imkan vermədilər. Bunu düz deyir. O, gəncliyi ilə çox şeylər edə bilərdi. Əli Kərimli partiyadan biznes kimi istifadə edir. Sadəcə, partiyanı gündəmdə saxlamaq üçün 5-10 gəncdən istifadə edir".

Rauf Arifoğlu: "Əli Kərimli qoymur ki, "Azadlıq" qəzeti Qurbanlının istefasından yazsın"

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da Əbülfəz Qurbanlının istefasına və bu istefanın AXCP-yə yaxın mediada işıqlandırılmamasına reaksiya verib. Baş redaktor sosial şəbəkələrdə bəyan edib ki, "Azadlıq" qəzeti və saytı Əbülfəz Qurbanlının, təşkilatın sədr müavininin, Əli Kərimlinin ən xas adamının qəribə istefası barədə bir sətir belə yazmayıb: "Baş redaktor həmkarım hörmətli Əli Kərimli qoymayıb. Amma Müsavat Partiyasından sıravi bir üzv də gedəndə, dərhal sayta, sabahısı da qəzetə qoyurlar. Sonra da onu danışdırırlar. Bir qəzeti siyasətçi yönəldəndə, ortaya bu cür absurd, gülünc nəticələr çıxır. "Azadlıq" Radiosu da mənim ehtimal olunan, hələ baş verməmiş istefama dair anonsu həvəslə dərc edir, lakin AXCP sədr müavininin istefa xəbərini yayınlamır, bu boyda faktı görməzdən gəlir".

CAVİDAN


Müəllif:
Загрузка...