16 İyul 2015 16:58
437

Sülhəddin Əkbər: “Yeni müxalifət ortaya çıxmayınca bu vəziyyət davam edəcək”

Müxalifət düşərgəsində yeni fikir ayrılığı yaranıb.

Buna səbəb Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin müxalifətin durumu haqqında işlətdiyi fikirlər olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasında istefaları şərh edən Sülhəddin Əkbər qeyd edib ki, müxalifətin bu duruma düşməsinin iki əsas səbəbi var. Onun fikrincə, müxalifət düşərgəsində demokratik təsisatlar sıradan çıxıb: “Meydanda qalanların isə göz qarşısında açıq-aydın şəkildə çox zəifləməsinin şahidi oluruq. Digər tərəfdən, müxalifət partiyaları da yaranmış vəziyyətə adekvat strategiya və taktika hazırlaya bilmədilər. Nəticədə gördüyümüz vəziyyət yarandı. Müxalifətlə xalqın qarşılıqlı əlaqəsi demək olar ki, minimum səviyyədədir. Bu anormal bir vəziyyətdir. Ölkədə yeni siyasi şərait yaranmayınca, yeni siyasi müxalifət ortaya çıxmayınca, müxalifət yenidən formatlanmayınca, mən bu vəziyyətin davam edəcəyini düşünürəm”.

Pənah Hüseyn: “Sülhəddin Əkbər fikrini ifadə etmək üçün uğurlu olmayan ifadə seçib”

Sülhəddin Əkbərin bu açıqlamasına Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn etiraz edib. O, xüsusilə,S. Əkbərin “yeni siyasi müxalifətin ortaya çıxmayanacan bu düşərgədə durumun dəyişməyəcəyi” haqda fikrini qəbul etməyib. Pənah Hüseyn deyib ki, Sülhəddin Əkbərin nə demək istədiyi ona aydındır: “ Lakin hesab edirəm ki, fikrini ifadə etmək üçün uğurlu olmayan ifadə seçib. Konseptual baxımdan yanaşsaq Azərbaycana yeni müxalifət lazım deyil. İqtidarın daxilində islahat olacaqsa, müxalifət də təbii ki, yeniləşəcək. Mən başa düşürəm, “yeni müxalifət lazımdır” deyəndə demək istənilir ki, mövcudlar nəsə edə bilmir. Formal baxımdan bəlkə də bu mülahizə məntiqi görünə bilər, amma məncə, real prosesləri təsvir etmək üçün yaramır. Ümumiyyətlə isə istərdim bu söz, ibarə, terminoloji oyunu kimi başa düşülməsin, əşyanın təbiəti kimi dəyişməz mahiyyətdə “müxalifətdə olan siyasi partiya” olmur”.

“Deyəcəklər ki, Pənah Hüseyn yeni oyun oynayır, sifariş yerinə yetirir”

Yeri gəlmişkən, Pənah Hüseyn yenə də AXCP ilə Müsavatın birləşməsini vacib sayıb, ancaq qeyd edib ki, bu haqda danışanda obnu səhv anlaya bilərlər: “Açıqcası, elə vəziyyət yaradıblar ki, mənim kimi komplekssiz adam belə çəkinməyə başlayıb. Durub, məsələn, İsa Qəmbərə, Cəmil Həsənliyə, Əli Kərimliyə, Arif Hacılıya təkliflər verməyə həvəslənirsən, dərhal düşünürsən ki, deyəcəklər yəqin Pənahın seçkiqabağı nəsə oyunu var, yəqin bizim adımızdan, imkanlarımızdan yararlanıb Milli Məclisə düşmək istəyir, ya bəlkə kimlərinsə sifarişini, vasitəçiliyi oyununu aparır? Yəni belə bir axmaq vəziyyət yaradıblar. Əslində isə, əlbəttə ki, ən azı bu seçkidə iştirak etmək istəyən, hətta istəməyən qüvvələr seçkilərə ay yarım qalmış toplanıb seçkiqabağı vəziyyəti dəyərləndirib, onun monitorinqini apara bilərlər. Bu, elə müxalifətçiliyin meyarlarından biri olardı. Əgər “Azadlıq-2015" Seçki Blokunda əməkdaşlıq edən 8 partiya AXCP və Müsavatla birlikdə belə bir bəyannamənin altına imza atırsa, AXCP və Müsavat bundan bu gün nə itirəcək? Biz konkret situasiyada aktual məsələ kimi vahid seçki monitorinq mərkəzi yaradılmasını təklif etmişik. Adını çəkdiyim təşkilatlar iştirak etməsə belə, biz bunu yaratmaqda israrlıyıq”.

Cavidan


Müəllif: