24 İyul 2015 15:30
299

Son günlər nüfuzlu beynəlxalq təşkilatların, Qərb dövlətlərinin yüksək rütbəli rəsmilərinin Azərbaycana səfərləri intensivləşib. Avropa İttifaqının prezidenti Donald Tuskdan sonra, ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland da ölkəmizə səfər edib.

Donald Tusk səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və keçirdiyi mətbuat konfransında Azərbaycanla əməkdaşlıq imkanlarından danışıb. O, Avropa İttifaqının Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib.

ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland isə ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq deyib: "Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin. Mən ABŞ tərəfinin "Yeni İpək Yolu” məsələsinə cəlb olunmuş nümayəndəsiyəm. Səfərimin əsas məqsədi Azərbaycanın xarici işlər naziri ilə "Yeni İpək Yolu” məsələsini müzakirə etməkdir. Azərbaycan Çindən Mərkəzi Asiya, Xəzər regionu və Türkiyəyə tranzit məsələsində çox mühüm rol oynayır”.

Qərb siyasətçilərinin, rəsmi şəxslərinin Azərbaycana artan səfərini şərh edən Milli Məclisin deputatı, politoloq Rövşən Rzayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkənin xarici siyasəti ilə bağlı qətiyyətli, konkret addımlar atır: "Bir il bundan öncə AŞPA-nın iclasında çıxışında prezident Azərbaycanın dünəni, bu günü və sabahı barədə ətraflı danışdı, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq təşkilatların bu münaqişəyə olan ikili münasibətlərindən geniş bəhs etdi. Həmin iclasda prezident deputatların ən müxtəlif suallarını cavablandırdı, bir çox məsələlərə aydınlıq gətirdi. Təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, AŞPA Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi. Bu üzdən Azərbaycan prezidenti həmin qərəzli qətnaməyə kəskin münasibətini bildirdi. Dünya Azərbaycanın ərazisini işğal edən separatçılara adekvat reaksiya vermədiyi halda, ölkəmizdə hər xırda məsələni qaldırır, müzakirə edir, qərar verir".

R.Rzayev hesab edir ki, artıq bir sıra Qərb dövləti, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı haqsız, qərəzli mövqe tutduqlarının fərqindədilər. Ona görə də son vaxtlar belə səfərlər intensivləşib. Onların son mövqeləri, son səfərləri ədalətə xidmət etməlidir. Belə səfərlər Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi və siyasi əhəmiyyətindən xəbər verir, eyni zamanda ölkəmizin xarici siyasi kursunu gücləndirir. Düşünürəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq, işğalçı Ermənistan öz adı ilə çağırılacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa uduzmamalıdır".

Ruslan


Müəllif: