19 Aprel 2014 12:47
522

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul etdi.

Konqresmen Ed Roys Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu dedi və bundan məmnunluğunu ifadə etdi. Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndirdilər. Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını də yüksək dəyərləndirdilər.

Dövlətimizin başçısı öz növbəsində Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırdı. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcbur köçkün vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd etdi.

Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirildi, səfərin əlaqələrimizin yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmi qeyd edildi, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif: