22 Aprel 2014 10:35
694

BAXCP sədri amnistiya təklif etdi

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev prezident seçkisi ərəfəsində Azərbaycan müxalifətinin sərgilədiyi mövqe barədə geniş danışıb. O, "Yeni Müsavat" qəzetinə müsahibəsində müxalifətin Rusiyadan ciddi dəstək gözlədiyini söyləyib:

"Rusiyameylli qüvvələr milli maraqlarımıza çox təhlükəlidir. Biz hətta prezident seçkilərində də gördük ki, özünü milli azadlıq hərəkatının fəalları kimi görən insanların çoxu hakimiyyətə gəlmək naminə Rusiyanın Rüstəm İbrahimbəyov layihəsinə açıqdan-açığa dəstək verdilər.

O düşərgədə olan insanların çoxu mənə etiraf da edib ki, "bəli, biz o layihəyə ona görə dəstək verdik ki, Rusiyadan ciddi dəstək gözləyirdik".

Onlar "Milyarderlər İttifaqı"ndan maliyyə dəstəyi gözləyirdilər. Bundan başqa, Putinin Azərbaycana səfərinə qədər bir fikir yayılmışdı ki, Putinlə İlham Əliyev arasındakı münasibətlərdə bir sərinlik var. Putinin səfərindən sonra Rusiya-Azərbaycan münasibətlərində bir az istiləşmə hiss olundu".

BAXCP sədri əlavə edib ki, Ukraynanın ərazi bütövlüyü məsələsində, Azərbaycan haqlı olaraq beynəlxalq hüquqa söykənən bir mövqe ortaya qoydu:

"Həm də Qarabağ məsələsi bizi belə bir mövqe sərgiləməyə vadar edir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləməli idik, bunun əksi Azərbaycan üçün faciə olardı. Bundan sonra, sözsüz ki, Rusiyanın Kremlə yaxın bəzi politoloqları, siyasətçilər, partiya sədrləri Azərbaycanı hədələyən
təhdid bəyanatları verirlər. Eyni zamanda burada yenidən Rusiyaya bağlı qüvvələr, hansı ki, Putinin səfərindən sonra onlara tapşırıq verildi, susdular, yenidən artıq fəallaşmağa başladı. Rusiya hiss etsə ki, onun Azərbaycan hakimiyyətini dəyişmək imkanları var, bu imkandan mütləq yararlanacaq. Amma Rusiya da hələlik vəziyyətlə barışır və bilir ki, onu müdafiə edəcək, hakimiyyət naminə Moskvaya dəstək verəcək və "təki bunlar getsin, kim gəlir-gəlsin" yanaşmasını ortaya qoyanların Azərbaycanda hakimiyyəti dəyişmək imkanı yoxdur".

Deputat Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub: "Azərbaycan indi Rusiya, Türkiyə, İran, NATO, Avropa Birliyi ilə eyni məsafədədir. Mən ilk gündən Azərbaycanın Qoşulmayanlar Hərəkatına qatılmasını yanlış siyasət adlandırmışam. Bəyan etmişdim ki, ibtidai icma quruluşundan bu günə qədər müharibə vəziyyətində olan, müharibə aparan ölkə özünə müttəfiqlər axtarıb. Hətta güclü ölkələrin dəstəyini almaq üçün bəzən suveren hüquqlarından da güzəştlərə gedilib. Bizim Avropadan Qarabağ məsələsində dəstək gözləməyimiz yersizdir. Çünki bir xristian həmrəyliyi məsələsi var. Həm də erməni diasporu Fransada, Amerikada çox güclüdür. Həmin ölkələr onu da nəzərə alır ki, Rusiya da Ermənistanın hərbi-siyasi müttəfiqidir. Ona görə bizim onların dəstəyini alaraq bu problemi danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək imkanlarımız yoxdur. Biz ya NATO-ya doğru seçim etməliyik, ya da Rusiya ilə bir yerdə olmalıyıq. NATO-ya üzvlüyümüz və qurumun bizi
qəbul etməsi hazırda çox müşkül məsələdir. Mövcud reallıqda biz ya hər şeyi gözümüzün önünə alıb müharibə etməliyik, ya da Rusiya ilə dil tapıb Qarabağ məsələsini həll etməliyik. Hesab edirəm ki, Azərbaycan Qarabağ məsələsini həll etmək üçün Rusiya ilə danışıb hətta Gömrük İttifaqına,
Avrasiya İttifaqına da üzv ola bilər. Mən Qarabağ naminə bunu mümkün sayıram. Rusiya ilə Azərbaycan arasında ikitərəfli bəzi sazişlər imzalanmalı və orada da konkret müddətlər qoyulmalıdır. Biz bunları paralel etməliyik. Rusiya ilə danışıqların şərtləri bu olmalıdır ki, biz buna gedə bilərik, amma siz necə ki, bu gün Ukraynadan bəzi məsələləri tələb edirsiniz, Ermənistanın da qarşısına tələblər qoymalısınız. Bu olmayacaqsa, sözsüz ki, Azərbaycan nə Avrasiya İttifaqında, nə də Gömrük İttifaqında olmalıdır".
Q. Həsənquliyev məhbuslarla bağlı amnistiya elan olunmasını təklif edib: "Qarşıdan həm Heydər Əliyevin doğum günü, həm də Respublika Günü gəlir.

Ən doğru addım olardı ki, - həm də bu gün Azərbaycan çox həssas dönəmə qədəm qoyub - bu ərəfədə milli barışığa yol açan amnistiya elan olunsun.

NİDA-çılar, Tofiq Yaqublu və digərləri dərhal azadlığa buraxılmalıdır. Bundan sonra cəmiyyətdə həm dialoq, həm münasibətlərin sivil məcraya salınması üçün yeni imkanlar açıla bilər, bu imkanlardan da istifadə olunmalıdır. Biz 2015-ci ilin parlament seçkilərindən öncə ölkədə konstitusiya islahatları həyata keçirə bilərik. Tutaq ki, 2015-ci ilin martında yeni konstitusiya qəbul olunur, payızda yeni konstitusiyaya uyqun olaraq seçkilər keçirilir. Bu, mənim seçki platformama da daxil idi, biz Azərbaycanın gələcəyini bu cür görürük. Çox istərdik ki, bizim ideyalar geniş xalq kütlələri tərəfindən də dəstək qazansın, iqtidar da bu ideyalara dəstək versin, islahatlar həyata keçsin".

KƏMALƏ


Müəllif: