6 Oktyabr 2017 01:22
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəqibin güclü olduğunu oyundan qabaq da qeyd etmişdik. Matçdan əvvəl turnir cədvəlində bizdən geridə olsalar da, səviyyəli komandadır. Çox top itkisinə yol verdik Çexiya millisi isə əlinə düşən fürsətlərdən yaxşı yararlandı".

Teleqraf.com-un məlumatına görə, bu sözləri millimizin futbolçusu Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduqarı oyundan sonra deyib. Milli komandada vida matçını keçirən 35 yaşlı kapitan daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komanda yoldaşlarınız sizə görə qələbə qazanmaq istədiklərini söyləyirdilər. Bu amilin komandanı "yandırdığını" söyləmək olar?

- Açığı, bu cür motivasiya görmədim. Belə bir şey yox idi. Rəqib bəzi epizodlarda bizi üstələyirdi. Daha da yaxşı oynaya bilərdik. Buna rəğmən, qol imkanlarımız oldu.

- Hesab 1:1 olandan sonra nə baş verdi?

- Düşündük ki, qələbə də qazana bilərik. Ancaq alınmadı.

- Yığma karyeranızdan razısınız, yoxsa yerinə yetməyən arzular qaldı?

- Hər bir idmançı böyük turnirlərdə iştirak etməyi arzulayır. Mən də istəyirdim. Əlçatmaz bir arzu idi. Düzdür, son seçmə mərhələdə buna yaxın idik, Şimali İrlandiya ilə məğlubiyyətə qədər şanımız qalmışdı. Təəssüflənirəm... Amma 16 il yığmada oynamaq da hər bir futbolçunun arzusu ola bilər. Bütün milli məşqçilərimə, komanda yoldaşlarıma təşəkkür edirəm. AFFA-ya minnətdaram. Azarkeşlərə "çox sağ ol" deyirəm. Hamı haqqını halal etsin. Azərbaycan yığmasına daha çox xeyir verə bilərdim. Alınmadı.

- Xəyal etdiyiniz bir sonluq vardı?

- Bu gün qələbə qazansaydıq, qrupda 3-cü ola bilərdik. Çexiya və Norveç kimi komandaları qabaqlamaq yaxşı nəticə olardı.

- Millini kənardan izləmək çətin olmayacaq ki?

- Əlbəttə, çox çətin olacaq. Lakin hər bir işin sonu olduğu kimi, bununla da barışmalıyam.

- Meydana çıxmasanız belə, oktyabrın 8-də Almaniya ilə matça gedəcəksiniz?

- Komandanın yanında olacam.

- Robert Prosineçki mətbuat konfransında bildirib ki, oyunların birində Dəniz Yılmazı meydana buraxmaq istəyib, lakin o çıxmayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bu, məşqçi ilə futbolçu arasında olan məsələdir. Biz şahidi olmamışıq.

- Çox məyus görünürsünüz...

- Əsas məyusluğum bugünkü məğlubiyyətə görədir. Heç vaxt məğlubiyyətlə barışmamışam, həzm etməmişəm. Oyuna çox köklənmişdim. Qələbə istəyirdim.

- Azarkeşlər sizi layiqincə yola saldılar?

- Hər birinə təşəkkür edirəm. Dəstəklədilər, adımızı səsləndirdilər. Sağ olsunlar.


Müəllif: Teleqraf.com