24 May 2014 23:06
572

Həlledici oyunda İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşılaşacaq

Bu gün Avropada futbol mövsümünə yekun vurulacaq.

Teleqraf.com bildirir ki, məlumatına görə, qitənin bir nömrəli klub turniri hesab olunan Çempionlar Liqasının final matçı keçiriləcək.

Həlledici oyunda İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşılaşacaq. Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luz" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. Final matçını holland FIFA referisi Byörn Kuypers idarə edəcək.

"Real" finala Xabi Alonsosuz çıxacaq. "Bavariya" ilə yarımfinalın cavab matçında cəzalı duruma düşən futbolçu "Atletiko"ya qarşı oynamayacaq. Bundan başqa hər iki komandanın heyətində önəmli futbolçuların zədəsi var. "Real"da Kriştiano Ronaldo, Pepe və Kərim Benzema, "Atletiko"da isə Arda Turan, Dieqo Kosta və Kristian Rodriges zədədən əziyyət çəkir. Onların meydana çıxıb-çıxmayacağı oyun saatında bilinəcək.

"Real" bu mövsüm Çempionlar Liqasında keçirdiyi 12 oyundan 10 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub. "Kral Klubu"nun 37 qoluna rəqibləri 9 dəfə cavab verib. "Real" turnirdə ən çox qol vuran komandadı. "Atletiko" isə 12 oyundan 9 qələbə qazanıb və 3 heç-heçə edib. Madrid klubu Çempionlar Liqasında məğlubiyyət üzü görməyən yeganə komandadır. "Atletiko"nun 25 qoluna rəqibləri 6 dəfə cavab verə bilib.

"Real" indiyədək 9 dəfə kuboku qazanaraq Çempionlar Liqasının ən çox qalibi olmuş komanda adını əldə edib. "Kral Klubu" 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000 və 2002-ci illərdə kuboku başı üzərinə qaldırıb. 1962, 1964 və 1981-ci illərdə finalda uduzan komanda 2001/02 mövsünüdən sonra - artıq 12 ildi kuboka həsrət qalıb. "Atletiko" isə ilk dəfə 1973/74 mövsümündə finala çıxıb və "Bavariya"ya uduzub. Madrid klubu 40 ildən sonra yenidən final oynayacaq.

Çempionlar Liqası
2013/14 mövsümü
Final

23.45 Real (İspaniya) - Atletiko (İspaniya)
Real (təxmin olunan heyət): İker Kasilyas, Daniel Karvajal, Fabio Koentrao, Rafael Varane, Serxio Ramos, Angel di Maria, Asyer İllarramendi, Luka Modriç, İsko, Kriştiano Ronaldo, Qaret Beyl.
Baş məşqçi: Karlo Ançelotti.
Atletiko (təxmin olunan heyət): Tibaut Kourtois, Dieqo Qodin, Filipe Luis, Joao Miranda, Xuanfran, Arda Turan, Qabi, Koke, Adrian Lopes, Tiaqo Mendes, David Vilya.
Baş məşqçi: Dieqo Simeone.
Hakimlər: Byörn Kuypers, Sander van Roekel, Ervin Zeynstra (Hollandiya), Cüneyt Çakır (Türkiyə).
Lissabon. "Estadio da Luz" stadionu.

Bombardirlər: Kriştiano Ronaldo (Real) - 16. Zlatan İbrahimoviç (PSJ) - 10. Dieqo Kosta (Atletiko), Lionel Messi (Barselona) - 8.


Müəllif: