10 İyun 2014 15:16
767

Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku"nun üzvü Lük Deyvison gələn ay Avstraliya milli komandasının heyətində daha bir nüfuzlu yarışda çıxış edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, ölkəsinin trek üzrə yığma komandasının velosipedçisi iyulun 23-dən avqustun 3-dək Şotlandiyanın Qlazqo şəhərində təşkil olunacaq sayca 20-ci "Birlik Oyunları"nda mübarizə aparacaq.

Qeyd edək ki, keçmiş Böyük Britaniya imperiyasına daxil olan ölkələr arasında təşkil edilən "Birlik Oyunları" hər 4 ildən bir keçirilir. Yarışların proqramına velosiped idmanının mounten bayk (dağ velosipedi), şosse və trek növləri də daxildir.

Bu ilin fevralında Kolumbiyanın Kali şəhərində keçirilən trek üzrə dünya çempionatında Avstraliya milli komandasının heyətində 4000 metr məsafəyə komanda izləmə yarışında qızıl medal qazanan L.Deyvisonun adı artıq "Birlik Oyunları"nda iştirak edəcək heyətə salınıb.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.


Müəllif: