19 Aprel 2017 11:11
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Pespublikasından 1,5 milyon ədəd tut tingləri tədarük edib.

Bu barədə Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, tinglər bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanıb və bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.

Barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması barədə prezidentin tapşırıqlarına uyğun olaraq, cari ildə ölkədə 200 tondan çox yaş barama istehsalı nəzərdə tutulub. Həyata keçirilmiş tədbirlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətindən respublikada istehsal olunacaq barama məhsulunun həcmi nəzərə alınmaqla 6000 qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq 2017-ci il 18 aprel tarixində respublikaya gətirilərək inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.

Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 30 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.

Dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.

Qeyd edilənlərlə yanaşı, yaxın gələcəkdə toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlara uyğun şəkildə yenidən qurulması və modernləşməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Şəfiqə


Müəllif: