15 İyul 2015 16:46

“Bakı-Supsa kəmərinin marşrutu dəyişdirilməsə belə, bu, kəmər üçün hansısa problem yaratmayacaq”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.


E. Nəsirovun sözlərinə görə, Azərbaycanın “qara qızıl”ı Supsa limanına alternativ yollarla çatdırmaq imkanı var: "Düşünürəm ki, Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə kilometrlik hissəsinin marşrutu dəyişdirilməsə belə, çətinlik yaranmaz. Çünki 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib. Digər tərəfdən, hansısa problem yaransa belə, bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq".

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ölkəsinin İctimai televiziyasının efirində bildirib ki, Bakı-Supsa neft kəmərinə təhlükə yaransa, hökumət alternativ layihəni işə salacaq: “Söhbət 1500-1600 metrlik yeni bir hissənin inşasından gedir”.

Qonşu ölkənin mətbuatında yayılan xəbərlərə əsasən, Tsxinvali regionunda (Cənubi Osetiya) Rusiya hərbçiləri bir neçə gün öncə tikanlı məftillərdən ibarət sərhəd xəttini bir neçə yüz metr Gürcüstanın daxilinə sürüşdürdükdən sonra BP şirkətinin operatoru olduğu Bakı-Supsa kəmərinin bir hissəsi faktiki separatçıların nəzarəti altına düşüb.
/APA/


Müəllif:
Загрузка...