11 May 2016 16:26
489

Super marketlərin əksəriyyəti bonus kartlarında toplanan balların müqabilində müştərilərə verəcəkləri hədiyyəni müxtəlif bəhanələrlə əsirgəyirlər.

Şikayətçilər bildirir ki, bəzi marketlər bonus kartına yüklənən xalların sayını artırır, bəzi marketlər isə indiyə qədər kartlara toplanan balları silməklə hədiyyə verməkdən boyun qaçırır.

Deyilənlərin doğruluğunu yoxlamaq üçün Teleqraf.com araşdırma aparıb.

Başlayaq “Araz” supermarketlər şəbəkəsindən. Bu marketdən verilən bonus kartının şərtlərinə görə, marketdə hər 10 manatlıq alış-verişin nəticəsi olaraq karta 1 xal yüklənir. Toplanan xalların məbləğinə uyğun sonda müştəriyə hədiyyə verilir.

Hədiyyə paketinə ütü, fen, telefon, blender, tava, mobil telefon kimi əşyalar daxildir. Hədiyyə qismində verilən bu məhsullar adi dükanlarda daha ucuzdur. Məsələn, maksimum 100 manat olan buxarlı ütünü hədiyyə kimi almağa 361 bal tələb edilir.

Şəbəkənin 8-ci mikrorayon ərazisindəki bölməsinə yaxınlaşıb, bonus kartını təqdim edib yığdığımız xalı hədiyyəyə dəyişmək istədiyimizi dedik. Kartı yoxlayan market nəzarətçisi bir aydan artıqdır sözügedən marketdən alış-veriş etmədiyimiz üçün xalların ləğv olunduğunu söylədi.

Buradan əlimizi üzüb 8-ci mikrorayon ərazisindəki “Fərid” marketə üz tutduq.

“Fərid” marketin bonus kartını nəzarətçi Xatirə xanıma təqdim etməli olduğmuzu bildirdilər. Nəzarətçi xanım heç karta baxmadan bonusluq hədiyyələrinin qalmadığını dedi.

Mağazadakı daha bir müştəri də gileylənərərk bir aydan çoxdur hədiyyə olmadığından kartının geri qaytarıldığını bildirdi. Kassir bonus hədiyyələrin olub-olmayacağı barədə sualımıza susmaqla cavab verdi.

“Qızılgül” marketin bonus kartından isə xallar nə silinib, nə də hədiyyə kasadlığı var. Bu marketin müştərilərinə “sürprizi” xalların sayına görə alış-veriş məbləğinin artırlmasıdır. Tutaq ki, əvvəl 10 manatlıq alış-veriş üçün karta 1 xal vurulurdusa, indi 20 manatlıq alış-veriş üçün bir xal vurulur.

Ekspertlər belə davam edəcəyi təqdirdə ölkədə yenicə formalaşmağa başlayan super market mədəniyyətinin fiaskoya uğrayacağını gizlətmirlər.

İnam azalacaq

Marketoloq Vüsal Hacıyev bonus, endirim elektron kartlarının istehlakçı seçiminə təsir edən vasitə olduğunu deyir.

Marketinq qaydalarının mövcud olduğu sahədə bonus kartlarının şərtlərinin maksimum sərfəliliyinə diqqət çəkən ekspert bizdə bunun əksinin baş verdiyini bildirir: “Əksər marketlərimizdə bonus kartlarının faiz şərtləri bankların taksit kartlarının şərtlərindən daha ağırdır. Elə mallar var ki, market ondan 50 faiz qazanc əldə etdiyi halda, müştəriyə cəmi 10 faiz bonus hesablayır. Bu əslində kiçik bir faiz olsa da, market rəhbərliyi bu cüzi məbləği belə verməyə xəsislik edir, alıcının haqqını bütün mümkün yollarla mənimsəməyə çalışır. Şərt kimi qoyulan məbləğ qazancdan dəfələrlə artıqdır ki, bu da sahibkara daha çox qazandırır, nəinki alıcıya”.

Müsahibimiz bu cür davam edərsə, istehlakçıların bonus kartlara inamının azalacağını və beləliklə maraqlı marketinq qaydasından məhrum ola biləcəyimizi deyir.

“İstehlakçı şirnikləndirilir və ziyana düşür”

Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov marketlərin ƏDV-dən azad olunmayacağı ilə bağlı vergilər nazirinin açıqlamasını doğru addım sayır və deyir ki, market sahibləri onsuz da qeyri-leqal yolla qazanc əldə edirlər: “Məsələn, super marketlərdəki çörək piştaxtası istehsalçı firmalara böyük məbləğdə vəsaitə satılır və həmin vəsaitlər vergidən yayındırılır.

Məndə olan məlumata görə, market daxilində bir firmaya piştaxta vermək min manatdır. Onlar da məcbur olub piştaxtaya 100 əvəzinə 150 çörək qoymalı olur və satılmayan çörəklər tullantıya gedir.

Bundan başqa, məhsul istehsalçılarından satış üçün nəzərdə tutulandan əlavə məhsul alır və onun pulunu vermirlər. Hər malı marketə buraxmırlar. Təzə məhsulların tanınması üçün şərtlər xüsusilə ağır olur”.

Ekspert marketlərin ən böyük oyununun elə bonus kartları üzərindən aparıldığını deyir: “Dünya təcrübəsində bonus və endirim kartları müştəri cəlb etmək üçün reklam üsuludur. Bundan həm sahibkar faydalanır, həm də istehlakçı. Bizdə isə istehlakçı bundan nəinki faydalanır, əksinə şirnikləndirilir və ziyana düşür.

Bu yaxınlarda “Makro Market”lə bağlı bizə şikayət daxil olmuşdu. O zaman araşdırma apardıq və məlum oldu ki, bonus üçün nəzərdə tutulan 10-15 manatlıq hədiyyəni əldə etmək üçün müştərinin marketdən ən azı 1500 manatlıq alış-veriş etməsi lazımdır. Bu isə faiz gəlir nisbətinə görə marketinq qaydalarına ziddir.

Amma marketlər “bonus oyunu” ilə müştərilərdən əlavə gəlir əldə edirlər”.

Eyyub Hüseynov marketlərin “bonus oyunu” ilə qarşılaşdığı təqdirdə istehlakçıların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət ünvanlanmağı tövsiyə edir: “Xoşagəlməz hallarla bağlı istehlakçıların dövlət qurumuna müraciət etməsi vacibdir. Yəni idarəedici qurumlar da bilsinlər ki, əhalini aldadan hansı marketlərdir”.

Naibə QURBANOVA


Müəllif: