29 Sentyabr 2017 09:19
2 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qədər də məşhur olmayan rejissor Spiros Melaris təəccüb doğuracaq açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, britaniyalı rejissor 17 dəqiqəlik “Yadplanetlinin yarılması” videosunun müəllifi olduğunu iddia edib.

Qeyd edək ki, 1995-ci ildə yayılan sözügedən video saxta videolar tarixində ən məşhurudur. Həmin videoda 1947-ci ildə ABŞ-ın Rozuell aviabazasında iki patoloqoanatomun guya qeyri-yer sivilizasiyası nümayəndəsinin cəsədini yarması səhnəsi əks olunur.

Sensasiyalı video və dünyanın buna reaksiyası

Əgər xatirinizdədirsə, 22 il əvvəl bu sensasiyalı material bomba partlayışı effekti doğurmuşdu. Onu bütün kanallar yayımlayır, ufoloqlar qalib səslə çığıraraq, nəhayət, yadplanetlilərin mövcudluğunun yüz faiz sübut edildiyini bildirir, paranoiklər gəlmələrin müdaxiləsinə hazırlaşır, amerikalılar hökumət binalarının qarşısında piketlər keçirir, hakimiyyətdən “uçan boşqablar”ın atəşə tutulmasını dayandırmağı tələb edirdilər. Bir sözlə, çığırtılar yeni obraza keçmişdi.

Ancaq dərhal sayları o qədər də az olmayan skeptiklər və rəsmi şəxslər tapıldı. Onlar sözügedən kinomaterialda əks olunanları təkzib etməyə başladılar. Məsələn, ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi heç vaxt heç bir Uçan Naməlum Obyekt (UNO) vurmadıqlarını, Rozuell aviabazasının isə silahların hazırlanması səbəbindən bağlı olduğunu bəyan etdi. Məhkəmə-tibb ekspertizasının nümayəndəsi isə dərhal bildirdi ki, videoda əks olunan insanlar bundan əvvəl əllərinə heç vaxt skalpel almayıblar. Xüsusilə, videoda “patoloqoanatomlar” tibbi alətləri düzgün tutmayıblar. Bundan əlavə, “yaşıl adam”ın daxili orqanlarını tərəzidə çəkmirlər, bu isə bu iş üçün qəbuledilməzdir.

Ancaq bütün bunlar saxtakarlığın dolayı sübutları idi. İndi məlum olur ki, səs-küy doğuran video xüsusi xidmət orqanlarının gizli bazada çəkdikləri video deyil, çəkiliş qrupunun Londondakı adi mənzillərin birində etdiyi improvizədir. 58 yaşlı Spiros Melaris bu günlərdə Britaniya telekanallarından birinə müsahibəsində əfsanəvi “Yadplanetlinin yarılması” videosunun müəllifinin məhz özü olduğunu sidq-ürəkdən etiraf edib. Videonun çəkilmə səbəbi isə çox bayağı olub; 50 min dollara çəkilmiş rolik rejissora və onun həmkarlarına milyonlarla dollar qazandırıb. Mistifikatorlar bu pulları öz materiallarını jurnalistlərə verdikdən sonra qazanıblar.

Saxta video necə yarandı?

Britaniyalı bildirib ki, 1995-ci ildə Kannı ziyarət edib və orada kinoprodüser Rey Santilli ilə görüşüb. Bu zaman Santilli Melarisə 1947-ci ildə yadplanetlinin autopsiyası barədə psevdosənədli ağ-qara film çəkməyi təklif edir. İşsizlikdən əziyyət çəkən rejissor bu kələyi həyata keçirməyə həvəslə razılaşır. Layihədə, həmçinin xüsusi effektlər ustası Con Xemfris də iştirak edib.

Köhnə tibii avadanlıqları və 40-cı illərə aid cərrah geyimini Santilli teatr rekvizitçilərindən əldə edir. Çəkiliş zamanı əsas problem yadplanetlinin cəsədini imitasiya edən kuklanın hazırlanması ilə bağlı olur. Con Xemfris bu işi həmin vaxt 10 yaşı olan oğluna həvalə edir. Nəticədə penoplastik karkas üzərinə lateks geyindirilir və kukla hazırlanır. Kuklanın “beyni” qoyun beyni olur, daha sonra “beyin” adi moruq cemi ilə dəyişdirilir. Burda da məqsəd “yaşıl adam”ın “beyni”nin tamamilə duru olduğu barədə rəy yaratmaqdan ibarət olub.

Rejissor niyə tövbə etdi?

Bəs Melarisin tövbə etməsinə nə səbəb oldu? O, iki onillikdən çox zaman ərzində niyə susub? Müsahibə zamanı o bildirib ki, ötən illər ərzində insanların böyük bir hissəsini aldatmasından və bu yalan üzərində böyük pullar qazanmasından dolayı vicdan əzabı çəkib. “Ola bilsin başqa səbəblər də var, amma əsas səbəb insanlara həqiqəti çatdırmaq istəyim olub”, - deyə rejissor bildirib.


Müəllif: Səxavət HƏMİD