2 İyul 2015 15:02

“Adamı necə əsəbləşdirdilərsə, yengəni döydü”

Teleqraf.com Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevlə müsahibəni təqdim edir.

– Elşən bəy, rahat söhbət olsun istəyirəm. Rəsmilikdən uzaq. Olarmı?
– Əlbəttə. Zatən mən rahat adamam. Yəqin, yazılarım da bunu hiss etdirir. Çərçivə insanı deyiləm.

– Siz partiya sədrisiniz.
– Aha. Azərbaycan Demokratik Maarifçilik Partiyası.

– Apardığınız maarifçilik işləri əsasən, hansı istiqamətdə olur?
– Bizim işimiz siyasi yönlü maarifçilikdir. Yəni tədris və təlim işləri ilə məşğul olmuruq. Siyasi sahədə ziyalıların və cəmiyyəti önə apara biləcək insanların daha çox üstünlük təşkil etməsinə çalışırıq.

– Məqsəd nədir?
– Əlqərəz, məqsəd budur ki intellektual kütlə siyasətdə əsas rollardan birini oynasın.

– Alınır?

– Xeyr

– Niyə?

– Çünki siyasətimizdə hələ də bazar adamları yetərincədir. Özü də kitab üzü görməyən bazar adamları. Bizdə əsasən, heç bir işdə özünü doğrulda bilməyən adamlar siyasətlə məşğul olmaq qərarına gəlir. Yəni bu fikir əksəriyyətə aiddir. Hamıya olmasa da. “Tutar qatıq, tutmaz ayran” söhbətinə bənzər bir şeydir bu.

– Peşəkar yoxdur?
– Peşəkarlar siyasətə çox az meyl edir. Bir lətifə var. Deyir, bir gün zibillikdə qurdalanan birinə gəlib deyirlər, səni filan partiyaya üzv etmək istəyirik. Qayıdır ki, sən Allah məni murdar işlərə cəlb eləməyin.

– Bir az konkret danışaq. Tutalım, sizcə, Fəzail Ağamalının bir siyasətçi kimi maariflənməsinə ehtiyac var?
– Fəzail Ağamalı köhnənin kişilərindəndir. Yəni dünyagörmüş adamdır. Onun nəyi varsa odur. Bundan sonra nə öyrənməsinə ehtiyac var, nə də öyrətməsinə. Amma bizim məqsədimiz gənc nəslin maariflənməsidir. Ələlxüsus da, siyasətdə olan gənc nəslin.

– Məsələn, gənc siyasətçilərdən kimlər var? Düzü, yadıma kimsə düşmür. Kimləri sıralaya bilərsiniz?
– Yetərincədir. Amma sadəcə, adları siyasətçidir. Özləri yox. Müxalif tərəf qara-qura uşaqları ortalığa çıxarır. Məmurlar da qohum-əqrəbalarını. Üstəlik anlamırlar ki, qohumu uzaq başı firma direktoru, zavod müdiri eləmək olar, fəqət siyasətçi yox. Bu, təxminən ona bənzəyir ki, tutalım, mənə deyirlər ki, al bu yüz milyonu get ürək əməliyyatı elə. Oysa, onun yüz qatını da versələr, edə bilmərəm. Bax, siyasət də o cürdür. Gərək qohum əqrəba basmayasan ortalığa.

– Konkret adlarla danışaq?
– Adlara gəlincə mən də düşünməkdə çətinlik çəkirəm. Əslində, adlar var, amma həmin adların əmiləri, qayınataları, bibi ərləri vəzifədən gedəndən sonra yenə də siyasətçi olacaqlar, ya yox, bax, bunu düşünüb konkret ad söyləməkdə bir az ehtiyat edirəm. Ortalıqda olanlar da şoumenlərdir.

– Aydındır.
– Buyurun.

– Elşən bəy, tez-tez cəmiyyətin problemlərini tənqid edirsiniz. Fikir vermişəm, sizin yazılarda başlığına demək olar, həmişə çılpaq fikirlər çıxarırsınız. Niyə?
– Çılpaq fikir, çılpaq başlıq bir yazar fəndidir. Oxucunu yazıya cəlb etmə fəndi. Bu yaxınlarda bir təhsil eksperti də yekə bir yazı yazmışdı haqqımda. Əsas da siz deyən məsələni qabartmışdı. Amma yazılarımın içini oxuyan adam dərhal anlayır ki, əslində, söhbət çox ciddi problemlərin təftiş olunmasından, insanlara çatdırılmasından gedir. Hər halda ciddi başlıq qoyub sərək-sərək yazılar yazmaqdansa, yüngül başlıq qoyub ciddi mövzulara toxunmaq daha məqsədəuyğundur. Ən azından mən belə düşünürəm.

– Əsasən, xalqın keçmiş adət-ənənələrini tənqid edirsiniz. Bir qədər konkret danışaq. Siz cəmiyyətimiz üçün hansı adətləri zərərli hesab edirsiniz?
– Bizim adətlərimizin əksəriyyəti cəmiyyət üçün zərərlidir. Və nəinki zərərli, hətta təhlükəli. Bütün bunlar isə hiper kompleksli olmaqdan irəli gəlir. Biz sərbəst, rahat deyilik. Biz özümüz üçün yaşamırıq. Biz hətta öləndə də kimin üçünsə ölürük. Əgər fikir vermisinizsə, bizim məmləkətdə vəfat edən şəxsin son arzusu bu olur: "Mən urvatlı dəfn edin". Yəni adam özünün cismən yox olduğu, yox olacağı dövr üçün də səmimi düşünmür. Hər şey publika üçündür. Və ya indi Ramazan ayıdır. Yetərincə insan oruc tutur. Amma baxın, iftara ancaq oruc tutmayan müdirlər, vəzifə adamları çağırılır.

– Niyə?
– Onların yanında xoş görünsünlər deyə. Yaxşı, o zaman adamdan soruşmazlarmı ki, sənin inancın, imanın hara getdi bəs? Əgər Allah adamısansa, Allahla olan münasibətinə də riyakarlıq qatırsansa, ta sənin tutduğun orucun nəyi oruc oldu bəs? Yəni dediyim odur ki, heç nədə səmimi deyilik. Hər şeydə öz rolumuzu təyin edib oynayırıq. Evdə, çöldə, bayırda. Bəlkə də ona görə qalstuk, kəndir, kəmər bizlər qədər kimsəyə yaraşmır. Özünü boğub gəzməyin ən ali variantıyıq biz. Həqiqətən.

– Uzun illərdir televiziyada, mətbuatda müzakirə olunan bir mövzu var: yengəlik məsələsi. Sizə görə bu adətin zərəri nədir?
– Bu adət deyil, biabırçılıqdır. Dünyanın hansı yerində "yengə" haqda danışsan, səni haydu-huyduya salıb qovarlar. Kimsə səni "homo sapiens" tipinə aid eləməz.. O ki qala zərərə. Bu, zərər deyil, ər və arvad üçün işgəncədir. Mənim bir uzaq tanışım var. 50 yaşında evləndi. Buna da yengə gətirmişdilər. Təsəvvür edin, adamı necə əsəbləşdirmişdilərsə tutub yengəni döymüşdü. Düz də eləmişdi.

– Bu mövzu haqqında bir az geniş danışsaq, olar?
– Buyurun. Mümkün bildiyim həddə qədər danışa bilərəm.

– Bu adəti xalqa unutdurmağa ehtiyac varmı? Varsa, unutdurmaq üçün hansı yolları təklif eləyə bilərsiniz?
– Bu cür adətləri xalqa unutdurmaq yox, tərgitdirmək lazımdır. Qoy unutmasın, amma keçmişə baxıb gülsün, dədə-babaların elədiyindən utansın. Bunun üçün isə kitab oxumaq lazımdır. Yalnız kitab. Vəssalam. Cahillikdən doğan bütün adət- ənənələrin müalicəsi kitabdır. Düzdür, ola bilər, kimsə bunu məcburi - simptomatik müalicə üsulu da seçsin.

– Necə?
– Məsələn, ailə qurduğu adam çox müasir olduğu üçün "ayıbdır" deyib fikrindən daşınsın, amma ürəyində xal qalsın, yəni düşünsün ki, səhv elədim. Amma bir də var insan "yengə" anlayışının absurd və tərbiyəsiz olduğunu dərk eləsin. Bax, biz ikinci müalicə üsuluna önəm verməliyik. Yəni insanlar maariflənməlidilər ki, nəyin düz nəyin yalnış olduğuna özləri qərar versinlər. İçləri rahat olaraq.

– Bilirsiniz, cəmiyyətdə nə qədər cinayətlər baş verir. Əksəriyyəti eyni məzmunlu qətllər: qız bakirə çıxmadı, namus getdi və s. Bunun çıxış yolunu nədə görürsünüz? Bakirə çıxmayan qız ölməlidir? Yoxsa, təbii qarşılansın? Ümumən bu məsələlər üçün maarifləndirmə işləri sizcə, nə cür getməlidir?
– Qətlin özü də bütün hallarda cahillik əlamətidir. Zehniyyəti olan adam əlini əsla qana bulamaz. Qeyrət anlayışı isə nisbidir. Bax, misal üçün bizim məmləkətdə siqaret çəkən qıza pis baxırlar, çünki o, üzdədir. Amma başı aşağı gəzib arxada yüz hoqqadan çıxanı hamı gözünə təpir, çünki üzdə deyil. Yəni dediyim odur ki, bizim qeyrətimiz yalnız gözlə görünən yerlərdə baş qaldırır. Xəbər tutulmayan şeylər isə qeyrət kateqoriyasına aid deyil. Bir qızın bakirə olmadığına görə öldürülməsi isə yolverilməzdir. Hətta absurddur. Onda bu məntiqlə bir qız bir dəfə boşanıbsa ikinci dəfə ərə gedərkən hər an potensial qurban ola bilər? Yoxsa necə? Xoşun deyil, boşa. Ya da evlənmə. Niyə öldürürsən?

– Mental dəyərlər belə demir, ona görə də...
– Təbii ki, mental dəyərlər var. Onu istəsək də dəyişə bilmərik. Uzun illər boyunca. Amma bu kimsəyə əsas vermir ki cinayət törətsin. Ayrıca, qadın öz bakirəliyini bir tək namussuzluqdan deyil, milyon səbəbdən itirə bilər.

– Bəzən bu cür mövzularda açıq fikir bildirəndə eyni şeyi sənin özündən soruşurlar. Məsələn, öz bacın belə olsa, nə edərsən? Öz anan o cür olsa, razı olarsan? Öz arvadın belə etsə, dözərsən? Və s. Təbii, bu cür suallar xəstə düşüncənin məhsuludur. Amma sizə elə gəlmirmi ki, Azərbaycanda bu mövzu ətrafında açıq fikir bildirən adamlar hər cür suala hazır olmalıdır?
– Düşünmürəm. Eyni zamanda hər insanın özəl həyatının özünə aid olduğu qənaətindəyəm. İkincisi, bir şeyi demək o anlama gəlmir ki, bu həm də onu eləməkdir. Xeyr. Məsələn, mən açıq- saçıq geyimə qıcıqlanıram. Bu məsələdə mühafizəkaram. Amma açıq-saçıq geyinəni də qınamıram və ya ona damğa vurmuram. Əksinə, hamının fikrinə hörmət edirəm. Ana-bacı söhbəti edənlərin, qeyrətdən lap çox danışanların ömrü boyu evindən və yaxın ətrafından xəbəri olmur. Bir insan bir şey haqda çox danışdısa əmin ol ki, onda həmin şeydən əsər-əlamət yoxdur.

– Deyirsiniz ki, ana-bacı söhbəti edənlərin, qeyrətdən lap çox danışanların ömrü boyu evindən və yaxın ətrafından xəbəri olmur. Çox sərt fikir deyil ki?
– Qətiyyən. Sərt deyil. Ana-bacı söhbəti edənlər deyərkən, bütün günü kiminsə anasından, bacısından, arvadından danışanları qəsd edirəm. Kişi qeybət eləməz. Kişinin kişi sözü olar, kişi hərəkəti olar. Kişi kiminsə qadınını müzakirə elədisə, apar tulla onu Balaxanı zibilliyinə. Bu məmləkətin əxlaqsızı da var, namuslusu da. Amma biz metr-metr gəzib bütün namussuzluğun qarşısını ala bilmərik. Hərə özünə cavabdehdir. Uzağı nəyisə təbliğ etmək olar. Adam balası kimi söhbət eləmək olar. Amma elə ki, qeybətə, dedi-qoduya keçdin, artıq sən kişi deyilsən. Qeyrətli oğlan qeyrət müzakirəsi aparmır, qeyrət müamiləsi etmir. O, sadəcə, həyatını qeyrətli qurur, onun davranışı qeyrətli olur. Yəni "mən qeyrətliyəm" sözünü dilinə gətirmir. Əməli ilə, davranışı ilə, ailəsinə, ətrafa münasibəti ilə sübut edir ki, o qeyrətlidir.

– Bəzən namuslu qadını təhqir eləmək çox asan olur, amma fahişəyə fahişə demək adama çox baha başa gəlir. Sizcə, niyə belədir?
– Çünki "fahişə təkəbbürü" deyilən bir şey var. O, özünü hamıdan namuslu hesab edir. Əxlaqlı insan isə əxlaqlı olduğu sürəcdə daima əzabla, dərdlə əlləşir, fahişəyə nisbətdə başı hər zaman daha çox zillət çəkir. Bu da həyatın yazılmamış qanunudur.

– Məncə, kifayətdir. Fikirlərinizin maraqla qarşılanacağına inanıram.
– Təşəkkür edirəm. Var ol.

Kəramət Böyükçöl


Müəllif:
Загрузка...