27 Oktyabr 2017 08:42
5 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşad Nağı Mustafanı Salam Sarvanın təqdimatında, daha sonra Teleqraf.com-da gedən şeirlərdən tanımışdım. Şeirlərinin qəribə enerjisi var. O şeirlər bəzəksiz sözlərlə belə gözəllik yaratmağın mümkün olduğunu görsədir. Oxuyanda düşünürsən ki, dünyanı gözəllik deyil, sözlər xilas edəcək. Bu şeirlərin bir də mehi var. Bu meh bəzən bizə doğmalarımızın bədən qoxularını xatrladar və şeiri oxuya-oxuya o qoxunu qucaqlamaq istəyərsən.

Rəşad “Endofrin” şeirlər kitabının müəllifidir.

- Rəşad Nağı Mustafadan Rəşad Nuri Güntəkinə gizli bir keçid var. Bu adlar arasında nəsə bağ var məncə?..

- Sadəcə, heca oxşarlığı, ritim oxşarlığı var. Əslində, adımın qoyulmasında Rəşad Nuri Güntəkindən təsirləniblər. Məlum, o zamanın ən məşhur filimi “Çalıquşu” idi. Təsirlənmə ordan olub. Mənası da doğru yol deməkdir. Ancaq məndə Nağı Mustafa sonradan yaranıb. Bunun da öz mənası var. Nağı anamın soyadıdır, Mustafa atamın. Mən də istəmədim ki, ailədə boşanma olsun, heç kimin xətrinə dəymədim, “Nağı Mustafa”nı seçdim. Suala qayıdıram ki, sadəcə ahəng eynidir. Ancaq açığını desəm, heç nə oxumamışam ondan, hətta sözügedən filmə də baxmamışam.

- Rəşad, sən də yazmağa uşaqlıqdan başlayıbsan?

- Məktəb illərində hamının sevən vaxtı olub, elə mənim də (gülür). O vaxt eyni hislərlə yazmışam. Amma əslində, onda daha səmimi yazmışam, o yazdıqlarım indikindən daha müqəddəsdir. Uşaqlıqdan gözümü açıb evdə kitab oxuyan, şeir oxuyan görmüşəm. Anam şeirə böyük sevgiylə yanaşıb hər zaman, hətta zamanla özü də şeirlər yazıb.

- Gənclik, uşaqlıq dövründə yazdıqları şeirlərdən imtina edir çox şair, sən isə onları daha müqəddəs sayırsan.

- İndi belə bir şey formalaşıb, sanki şair təfəkkürü belə olmalıdır. “Mən… mən”. Bunun bir bağı gəlib eqoya çıxır. “Mən imtina etdim”, “Mən mükəmmələm o zamana nisbətdə” kimi sözlər daha çox dəb halını alıb. Onların səmimiyyətinə inanmıram. Məktəb illərində yazdığım şeirlər qalmayıb, qalsaydı, onu redaktə edib indi də üzə çıxardardım.

- Fəlsəfədə inkarı-inkar qanunu var. Səncə, bunu ədəbiyyatda da tətbiq etmək olar?

- Məncə, ədəbiyyatda keçmişi inkar etməklə irəliyə getmək olmaz. Məsələn, keçmiş bir mətnimiz zəif ola bilər. Ancaq bu bizim ondan imtina etməyimizə gətirib çıxartmamalıdır. Bizdə belə bir qorxu var ki, nə zamansa kimisə tənqid edərsən, o da sənin keçmişdəki hansısa bir zəif yazını gətirib qarşına qoyar. Qəbul etməliyik ki, bu da bizim beynimizin məsuludur və biz ancaq o zəif mətnə baxıb özümüzün nə qədər istər mütaliədə, istər yazı baxımdan inkişaf etdiyimizi görə bilərik. Məsələn, mən öz kitabımda bunu qorumağa çalışmışam. Ən zəif hesab etdiyim şeirləri də, ən güclü şeirləri də ilk kitabımda yığmışam. Çünki mənim ilk kitabım mənim inkişaf dövrümdür.

- Şeiri necə yazırsan?

- Heç vaxt şeir yazmaq üçün söz axtarmamışam, söz məni axtarıb. Və o məni axtarıb məsciddə də tutub, hamamda da, küçədə də. Yəni sözün gəlməyini, o ab-havanı tutub məsciddə də yazmışam, küçədə də. Məsələn, məsciddə adamlar Quran oxuyub, ibadət edəndə mən bir küncə çəkilib şeir yazmışam.

- Güvən nədi?

- Xoşbəxtlik an məsələsidir və insanlara görə dəyişir. Məsələn, kasıb adam var-dövlətdə görə bilər xoşbəxtliyi, amma yetərincə maddi imkanı olan bir adam xoşbəxt ola bilməz. Mənim özüm bəzən o qədər problemin içində o qədər xoşbəxt ola bilmişəm ki, sonra qayıdıb özümə demişəm: “Bu qədər problemlə gülürsənsə, bu, xoşbəxtlik yox, sırtıqlıqdı”. Mənim üçün güvən də odur. Yəni an məsələsidir. Bəzən Allaha güvənərsən, bəzən güvənməzsən. Bəzən də Allah olan yerdə onu qoyub, insana güvənərsən. Bəzən sevdiyin bir qadını ilahiləşdirib ona güvənə bilərsən. Bu ana və zamana görə dəyişir.

- Məsələn, mən və bir çox dostlarım səni Salam Sarvanın təqdimatından sonra tanıdıq. Ancaq ona qədər artıq bir kitab müəllifi idin. Səncə, istedad mükəmməl olmalıdır, ya təqdimat?

- Söhbət bizim ədəbiyyatdan gedirsə, təqdimat böyük rol oynayır. Çünki bəzən elə bir adamı elə bir şəkildə təqdim edərlər ki, hamı onu sevərək, bəh-bəhlə oxuyar, amma baxarsan, adamın istedadı sıfırın altındadır, bəzən də elə istedadlı adam görərsən ki, onu heç kəs tanımaz. Məncə, bunun məsuliyyəti bilavastə bizim ədəbiyyat saytlarının üzərinə düşür. Baxıram ki, elə istedadsız yazar, şairləri təbliğ edirlər ki… Hansı ki, mənim ətrafımda onlardan qat-qat istedadlı və sözün əsil mənasında yaza bilən adamlar var. Bir də qadınlara daha çox üstünlük verirlər. Bizdə qadın bədbəxtçiliyi burdan qaynaqlanır. Onları “sən yaza bilirsən”, “əla yazırsan” sözləriylə aldadıb bədbəxt edirlər.

- Qadın yazarlarımız gerçəkdən də çoxalıb.

- Mən, ümumiyyətlə, qadınların şeir yazmalarını səmimi qəbul etmirəm. Bir az da uzağa getsək, Natəvan, Mirvari Dilbazi və s. İndiki düşüncəmlə, indiki ağlımla onların nə yazdıqlarını, nə də şairliyini qəbul edirəm. Qadınların ürəklərini boşaltması üçün kişilərə baxanda alternativləri daha çoxdu. Ona görə də kişilərin şair, yazar olmalarına daha real baxıram, nəinki qadınların. Mən qadın qələminin səmimiyyətinə inanmıram. İndi bir az da sərbəst şeirin dəbə minməsi bu çoxluğu daha da artırıb. Biz ona “enter” şeirləri deyirik. Yazır, enteri vurur, düşür və yazır. Hazırki ədəbiyyatı götürsək, bir, uzağı iki qadın yazardan başqa qalan hamısı küyə düşüb, deyərdim.

- Fikir vermişəm, bizdə bu, daha çox yayılıb. Şeir yazanlar bir-birinə “Şair” deyə müraciət edirlər. Məsələn, o gün bir dostumla söhbət edirdik, sən zəng elədin. Təxmini belə bir dialoq oldu:

- Salam, Şair.

- Əleykum salam, şair.

- Necəsən, Şair?

- Sağ ol, Şair, sən necəsən?

Şeirlərindən səmimiyyət yağan birinə bu söz nə qədər səmimi, ya doğma gəlir?

- Əslində, biz dostlar arasında bu sözü sarkazmla işlədirik. Ciddi şəkildə bir-birimizə müraciətimiz elə deyil.

- Bu söz niyə bu qədər adiləşib ki, siz onunla belə zarafatlaşırsınız?

- Çünki hamı yazır. Çox adiləşdirib, bayağılaşıdırıblar bu sözü. Hamı texnikanı öyrənib yazır. Amma baxırsan ki, bu qədər yazarla hələ də qalmışıq keçmişdə. O təşbehlərdən çıxa bilmirik. Nə qədər bənzətmə olar? Rahat danış da.

- Mənbəsini tam xatrlamadığım bir məlumat oxumuşdum. Yazılırdı ki, qalaktikaya nisbətdə insan ömrü 11 dəqiqədən ibarətdir. Eko da yazır ki, toyuqların yolu keçməsinə bir əsr lazım oldu. Bizim o qədər vaxtımız yoxdur. Bəs bizim nəyə vaxtımız çoxdu?

- Allaha çatmağa. Hər şey allahın əlindədir. Əgər o 11 dəqiqəyə Allaha çata bilsək, hər şeyi edə bilərik. Hətta toyuqlara da yolu keçməyi öyrədə bilərik.

- Şekspir deyir, bəzi adamlar anadangəlmə möhtəşəmdir, bəziləri möhtəşəmliyi sonradan qazanır, bəzilərinin də möhtəşəmlik boynuna qoyulur.

- Əslində, bunu bizim ədəbiyyata bənzətmək olar. Bizdə boynuna möhtəşəmlik qoyulmuş adamlar var. Bir az araşdırırsan, görürsən ki, bunun yazdığı nə varsa, dünya ədəbiyyatından oğurluqdu. Bu, bir növ bizim günahımızdır. Çünki onlar bizim oxu bazamızı bilirlər. Bilirlər ki, bizdə mütailə zəifdir və ona görə də rahatlıqla oğurluq edə bilirlər. Sonra da biz o boynuna möhtəşəmlik qoyulmuş adamlara baxıb deyirik ki, bizim ədəbiyyatda belə möhtəşəm yazarlar, şairlər var, bəs bunlar niyə dünyaya çıxa bilmir? Daha bilmirik ki, necə çıxsınlar? Dünyadan oğurlayıb, dünyaya çıxmaq olar? Bu yaxınlarda dünya ədəbiyyatından mütailə edirəm, baxıram ki, a, bu filan şairimizin, sözüdür, aa, bu filan yazarımızın sözüdür. Sonra baxıram ki, əslində, elə oxuduğum yazarın fikirləridir, sadəcə, bizimkilər əkişdirib. Yəni ən güclü oxucu Azərbaycanda ən güclü yazıçı ola bilər.

- Gənclərlə yaşlı nəsil arasında acı bağırsaq kimi uzanıb gedən qarşılıqlı etinasızlığı nə ilə əlaqələndirisən?

- Paxıllıq. İstisnalar hər zaman var, təbii ki. 20-30 ilin şairləri ilə müqayisə edəndə indi daha çox istedadlı adamlar var. Hətta indi adlarını ehtiramla çəkdiyimiz şairlər var ki, zamanının dahiləri olub, amma bu gün yaşasaydılar, eyni şeirlər ilə eyni dahiliyi çətin qazanardılar. İndiki gənclər onlardan daha savadlı və daha istedadlıdırlar. Yaşlı nəsil isə bunu qəbul etmək istəmir. Ona görə də bir növ mühafizəkar mövqedir onlarınkı.

- Şeir yazırsan, fərqindəsən hansı bir quyuya düşürsən?

- Əslində, şair olmaq kimi bir iddiam yoxdu. Ancaq bu mühitin iyrəncliklərini gördükcə hansı cəhənnəmə düşdüyümün yavaş-yavaş fərqinə varıram. Bizim ədəbiyyatda monopoliya yaradıblar, çox iyrənc durumdu bu. Dörd-beş nəfər şeir zövqü olmayan durub kimin şair olub-olmadığını müəyyən edir. Sosial şəbəkələrdə “ədəbiyyatı” daha çox təbliğ edirlər və gülünc hal odur ki, adamlar dostluq saylarına görə, onların şeirinə gərən “layk”lara görə mübarizə aparırlar. İndi bizdə şeiri “Qız tutmaq“ səviyyəsinə endiriblər.

- Qız tutmaq demişkən, heç şeirlə qız tutmusan?

- Hə, mən tutmuşam, Xəzər aparıb (gülür).

- Belə də yazacam. Xəzər dənizi?

- Yox, yox yazma onu (gülür). Zarafatdı. Mən heç vaxt şeiri o səviyyəyə endirməmişəm, ancaq şeirlərimlə yeni dostlar qazanmışam, ətrafımı genişləndirmişəm. Maraqlı insanlarla tanış olmuşam. Məsələn, mənim kitab təqdimatıma 170-dən çox adam gəlmişdi. Onlardan ancaq 50-60 nəfərini tanıyırdım. Bu artıq mənim şeirlərimin mənə qazandırdığı insanlardı.

- Qabriel Qarsia Markes deyib ki, ədəbiyyat olmasa, heç nə dəyişməzdi. Səncə, kişi zarafat edib, ya ciddi deyib?

- Zarafat edib. Ədəbiyyat insanın daxili rahatlığı, özünü tapması üçün mükəmməl bir vastədir. Ola bilsin, dünyada heç nə dəişməzdi, amma müəyyən bir çatışmazlıq olardı. Hər halda ehtiyac olmayan bir şey yaranıb ətrafına bu qədər adam toplamazdı. Əgər bu gün ədəbiyyat varsa və ətrafında bu fikrin sahibi Markes də varsa, demək, gərəklidir.


Müəllif: Çinarə Ömray