12 İyun 12:21

Sənətə “Dəli Kür” filmində Cahandar ağanın Mələyi kimi gəldi. Cəsarətinə, gözəlliyinə heyran qaldıq. İri-xırdalı 40-a yaxın filmdə rol aldı. Amma potensialından lazımınca istifadə olunmadı.

“Danışan fotolar”da bu dəfə gözəl gözlü, gözəl baxışlı, gözəl gülüşlü bir qadın - böyük sənətkar Yusif Vəliyevin ömür-gün yoldaşı, əməkdar artist Zemfira Sadıqova ilə həmsöhbət olduq.

Fotoarxivini araşdırıb, xatirələri ilə bərabər uzun, incə bir yola çıxdıq...

***

- Ailədə üç uşaq olmuşuq: iki bacı, bir qardaş. Baxın, bu şəkildə anam da yanımızdadır. Ayaqüstə duran mənəm. 11 yaşındaydım. Bacım məndən 8 yaş böyük idi.

(Foto burada)

- Bunlar bacımın 45 illiyi ilə bağlı evdə təşkil olunan məclisdə çəkilib. Yusif də ordadır. Boynuna sarılan isə qızımız Bahardı.

(Foto burada)

- Soldakı atamdır, yanındakı yoldaşı... Atam yazıçı, publisist, tərcüməçi idi. Sonuncu iş yeri “Kommunist” qəzetinin xarici xəbərlər bölməsinin müdiri vəzifəsi idi. Deyirlər, atama oxşayıram.

(Foto burada)

Çətin keçir uşaqlığı... Atası ilə anasının ayrılığı ona pis təsir edir. Ailəni dolandırmaq üçün 14 yaşından işləməyə başlayır. Ən böyük arzusu aktrisa olmaq idi, amma atası buna qəti etiraz edirdi.

- Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumaq istəyirdim, atam məni Moskvaya buraxmadı. Heç Teatr İnstitutuna da daxil olmağa icazə vermədi. Məktəbi bitirən il sənədlərimi heç bir instituta vermədim. İkinci il Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldum. Cəmi yarım il oxudum, yoldaşımın da icazəsi ilə bir gün ürək edib Teatr İnstitutunun direktoru Rahib Hüseynovun yanına gedib, ona aktrisa olmaq istədiyimi dedim. Komissiya təşkil olundu. Adil İsgəndərov, Məlik Dadaşov, Müxlis Canızadə, Rza Təhmasib də orda idi. Monoloq, şeir dedim, bəyəndilər və instituta qəbul etdilər. Hamlet Xanızadə, Kamal Xudaverdiyevlə bir qrupda oxudum.

Bu, oğlum Pərvizin toyunda çəkilib. Soldakı qardaşım, sağdakı qızım, o biri isə oğlumun dostudur. 85-ci ilin şəklidir. Pərvizlə aramda iyirmi yaş fərq var. Hazırda ailəsiylə birgə Moskvada yaşayır. 55 yaşı, iki nəvəsi var.

(Foto burada)

- Niyə belə tez ailə qurdunuz?

- Qonşu idik, uşaqlıqdan bir yerdə oynayırdıq. Onilliyi bitirər-bitirməz ailə qurduq. Sonra Pərviz dünyaya gəldi. Bir neçə ildən sonra yoldaşım rəhmətə getdi və bir uşaqla tək qaldım. İnstitutu bitirəndən sonra isə Yusifə rastlaşdıq...

Onlar ömürlərinin ikinci baharında tanış oldular. Zemfiranın bir, Yusifin iki evliliyi olmuşdu. İnstitutu bitirəndən sonra 26 yaşlı gənc xanımın təyinatı Gənc Tamaşaçılar Teatrına verilir. Teatra işləməyə gələn aktrisanı Kürdəmirə qastrol səfərinə göndərirlər. Və böyük məhəbbət belə başlayır...

(Foto burada)

- Yusifi ilk dəfə 1965-ci ildə Kürdəmirdə “Komsomol” tamaşasındakı Gəray bəy rolunda görüb vuruldum. O vaxta qədər onu tanımırdım. Səhəri günü hamılıqla bərabər yemək yeyəndə söhbət edib, tanış olduq. Kürdəmirdən qayıtdıqdan sonra ailə qurduq.

Yusifi dünyalar qədər sevirdim. Yaradıcılığı, sənəti, istedadı öz yerində, onun həyatdakı duruşu, danışığı, qabiliyyəti, özünü aparmağı məni valeh etmişdi. Adicə siqaret çəkməyi belə sənət əsəri idi. Dünyada heç kimi onun qədər sevməmişəm. Qadın xoşbəxtliyinin, sevginin nə demək olduğunu Yusiflə başa düşmüşəm. İnsan bir dəfə sevirmiş, qızım...

Bu isə Əlisəttar Atakişiyevin çəkdiyi bir filmin fotosınağındandır. Bir epizodunu Həsənağa Salayevlə oynadım, ikinci epizodun çəkilişlərinə qala bilmədim. Çünki teatrda tamaşamın daxili baxışı olacaqdı. Bunu rejissora deyəndə əsəbiləşib özündən çıxdı. Rəhmətlik Yusif dedi ki, əsas işin teatrdır, get ora. Getdim və məni filmə çəkmədilər.

(Foto burada)

- Bu sizsiniz?

- Onu çəkməyin, xahiş edirəm (Gülür). Bir ara 110 kilo idim, sonra arıqladım. İnsan sağlam olmaq istəyirsə, mütləq formada qalmalıdır. İllər əvvəl ürəyimdən əməliyyat olundum, səmimi deyirəm, məni idman ayaqda saxlayır. Gündə bir saat gəzib, yarım saat idman edirəm. Qamət həmişə düz olmalıdır. İnstitutda xarici teatr tarixi dərsində Ədilə xanım danışırdı ki, Sara Bernard “Hamlet”dəki roluna hazırlaşarkən sözləri əzbərləmək üçün tabutda uzanıb məşq edirmiş. O söz məni necə tutdusa, anındaca qamətimi düzəltdim və o vaxtdan bəri heç vaxt əyri oturmuram.

Bu şəkillər fotosessiyamdandır. Təsəvvür edin, 140-a yaxın şəkli 8 saata çəkmişdik. İş adamın ürəyincə olanda heç bir yorğunluq hiss etmirsən.

(Foto burada)

- Bu, Bahardır? Necə şirindir...

- Pribaltikada çəkilib. Dələ Baharın əlindən fındığı götürüb qaçırdı. Saxlamağa gücü çatmırdı, əli əsirdi. O biri fotoda Yusifin böyük qızı, nəvəsi və Bahardı.

Baharın çox gözəl şəkilləri var. Onun görünüşü, xasiyyəti ikinci Yusifdir. Pərviz isə mənə oxşayıb. Mən Yusiflə ailə quranda Pərvizin hələ üç yaşı yox idi.

(Foto burada)

- Oxumuşam ki, Baharı dünyaya gətirmək istəməmisiz...

- Oğlum ideal uşaq idi. Ondan başqa uşaq ağlıma gətirə bilmirdim.

- Yəqin Yusif müəllim inad edib...

- Yusifdən çox oğlum inad edirdi. Deyirdi, hamının bacısı, qardaşı var, mənim heç kimim yoxdu. Heç olmasa mənə it, pişik alın (gülür). Bu, ailəlikcə çəkdirdiyimiz tək-tük şəkillərdəndir. Həmin gün Yusifin tamaşası var idi, oğlumla ona baxmağa getmişdik. Yusif Lenin obrazında çıxış edirdi. Tamaşadan sonra çəkdirdik bunu. Yusif şəkil çəkdirməyi sevməzdi. Ona görə birlikdə çox az şəklimiz var.

(Foto burada)

Yusif birinci həyat yoldaşı ilə Şəki Teatrında tanış olmuşdu. Qadın Yusifdən on iki yaş böyük idi. Vətəndaş nikahında yaşayırdılar.

Bu izdivacdan iki qız övladları dünyaya gəlir. Qadının beyninə qan sızandan sonra özünü tanımayacaq qədər ağır xəstəliyə tutulur. Yusifin növbəti evliliyi Gənc Tamaşaçılar Teatrında işləyən aktrisa Sona Pirverdiyevlə ilə olur. Amma bu evlilik heç bir il də çəkmir.

- Mən Yusifə rastlaşanda ayrıldığı ikinci həyat yoldaşı artıq teatrda işləmirdi. Birinci həyat yoldaşının sağ olduğunu isə bilmirdim. Yusif bunu məndən gizlədirdi, heç teatrda işçilər də mənə deməmişdilər.

Amma bu sirr bir gün üzə çıxır. Zemfira həqiqəti öyrənəndən sonra Yusifdən ayrılmaq qərarına gəlir. Buna görə də övlad istəmir. Aktrisa 1967-ci ildə mühim qərar qəbul edib, Gənc Tamaşaçılar Teatrından ayrılıb, İrəvan Teatrına gedir.

- 1965-ci ildə rəsmi nikahımız olsa da, bir yerdə yaşamırdıq. Mən anamla, Yusif də qızları ilə yaşayırdı. Yusifin o zaman evi yox idi. Yoldaşının sağ olduğunu biləndən sonra oğlumu, anamı götürüb İrəvana getdim. Üç ay həmin teatrda işlədim, bir gün Şamil Mahmudbəyov məni “Torpaq, dəniz, od, səma” filminə dəvət etdi.

Zemfira filmin çəkilişləri üçün Bakıya gəlir və daha geri qayıda bilmir. Çünki Yusif onu buraxmır.

- Ayrılıq vaxtı mənə çoxlu məktublar yazırdı, oxuyub ağlayırdım. Heç kim bilmir, amma Yusif çox romantik idi. Məni çox sevirdi. Niyə onun yanına qayıtdım - soruşursunuz. Onu mənə, mənim ona sevgim tükənməzidi... Gəldim və ayrıla bilmədim. Nə mən, nə o... Birlikdə anamgildə yaşamağa qərar verdik. Məni teatrda işləməyə qoymadı, ona görə radioya getdim. Beş il sonra qızımız Bahar dünyaya gəldi.

Bu fotolar radioda işlədiyim zaman çəkilib. 67-ci ildən 74-cü ilə qədər radioda çalışdım, “Son xəbər”lə yanaşı bir neçə verilişin mətnini oxuyurdum.

Baxın, bu şəkildə sağdakı Fatma Cabbarova, ortadakı Asya və mənəm. Mən “Dantenin yubileyi”ndə bu qadının tipajını yaradırdım. Erməni qızı idi, adamı şirin-şirin sancırdı.

(Foto burada)

- Kimlərlə işləmisiniz?

- Ofeliya Sənani, Gültəkin Cabbarlı, Züleyxa Hacıyeva, Fatma Cabbarlı, Aydın Qaradağlı, Ramiz Mustafayev, Zərifə Yusifova.

- O illər həyatınıza rəng qatdımı?

- Deməzdim. Həyatıma rəng qatan çəkildiyim filmlər olub.

- Sanki məcburi işləyirmisiniz...

- Məcburi işləmək lazım idi. Çünki Yusif teatrda işləməyimi istəmirdi. 74-cü ildə kinostudiyada aktyor ştatına təsdiqləndim. Kinostudiya bağlanana qədər də orda çalışdım.

Sağdakı “Mən ki gözəl deyildim” filminin fotosınağındandır. Sonra dedilər ki, çox gözəl çıxmısan deyə səni çəkə bilmərik. O birisi tələbə vaxtı çəkilib. O vaxtlar məni “Durnalar uçur” filmindəki Tatyana Samoylovaya bənzədirdilər.

(Foto burada)

- Məşhur fransız aktrisa Ketrin Denöv də sizə bənzəyir. Bunu deyən olmuşdumu?

- “Dmitriyev 86” filminin təqdimatında kinoperator Rafiq Qəmrəbov da bunu mənə dedi.

Roza Avşarova, Ofeliya Sənani və mən. Roza Muxtar Avşarovun qardaşı qızı idi. Birlikdə Moskvada Nəriman Nərimanov haqda filmə çəkilirdik. Rozanı Mələk roluna da dəvət etmişdilər. Çox gözəl qız idi. Amma aktyorluq bacarığını bəyənmədiklərinə görə seçilmədi.

(Foto burada)

“Bağ mövsümü”ndəndir. İtlə danışa-danışa gileylənirəm, amma filmdə o epizod yoxdu. Çəkilən bir çox səhnələri Tofiq Tağızadə filmə daxil etmədi. Filmə baxanda çox məyus olmuşdum.

Çəkiləcəyim məlum idi, amma rejissor məni çəkmək istəmirdi. Bir gün eşitdim ki, öz namizədi olan aktrisa film üçün geyimləri seçir. Əsəbiləşdim, amma özümü ələ alıb, kinostudiyanın direktoru Eyvaz Borçalının yanına getdim. O zamanlar belə bir qayda vardı: ştatda işləyən aktyor dəvət olunan aktyordan 20 faiz zəif oynasa, gərək filmə ştatdakı aktyor çəkilsin. Bunu əsas gətirərək dedim ki, mən ştatda ola-ola və onların heç birindən əskik olmaya-olmaya niyə çəkilməyim? Tofiq Tağızadə Eyvaz müəllimə Ağababa roluna Həsən Məmmədovu çəkmək istədiyini deyəndə Eyvaz müəllim də cavabında “Ağabacı roluna da Zemfira xanımı çək”, demişdi. Beləcə Tofiq Tağızadə məcbur olub məni çəkdi.

- Kəsilən səhnələrə görə rejissorları qınaya bilərikmi?

- Mən qınayıram. Çünki dram yüklü bir ssenarini Tofiq Tağızadə başqa bir filmə döndərdi. Mənim səhnələrimi kəsib, Leyla Şıxlinskayanın səhnələrini artırmışdı. Leyla Tofiq Tağızadənin qızlığı idi, məxsusi onun üçün ssenaridə olmayan səhnələr çəkmişdi.

- Bu, Həsən Məmmədovla ilk işiniz idi?

- Bəli. Həsən çox ağırtəbiətli insan idi. Çox danışmazdı, az hallarda zarafat edərdi. Amma çox gözəl aktyor idi.

(Foto burada)

- Daha çox filmə və baş rola çəkilə bilərdiniz...

- Cəmil Əlibəyli “Azərbaycanfilm” kinostudiyasının direktoru olanda məni filmlərə çəkilməyə qoymurdu. Çünki onun dediyini eləmirdim. Bu haqda danışmaq mənə yaraşmaz. Kino sınaqlarından uğurla keçirdim, hamı razı qalırdı, bircə Cəmil Əlibəyov deyirdi ki, Zemfiranın potensial imkanları yoxdur.

Bir gün iclas keçirdi, Eldar Quliyev, Həsən Turabovu və başqalarını çağırdı, hamının yanında məni “yararsız aktrisa” adlandırıb, işdən çıxarmaq istədi. Yusif rəhmətə getmişdi, iki uşaqla qalmışdım. Dedim, mənim başqa sənətim yoxdu. Məsələ böyüdü və mənim işdən çıxarılmağıma icazə vermədilər.

Atam deyirdi ki, bu sənətin səhnəarxası çox ağırdı, qaranlıqdı, orda batarsan, yox olarsan. Adam gərək özü palçığa batsın ki, gerçəyi görə bilsin. Gəldim və gördüm. O bataqlıqda batmaq istəmədim. Düzlüyə, təmizliyə qurban verdim. Peşman da deyiləm, heç kimin yanında başım aşağı olmadı.

- Zemfira xanım, şəkillərə baxıram, əksəriyyətində qısa saç düzümündəsiniz. Niyə?

- Saçlarım uzun, yumşaq, amma çox qalın idi, ona görə tez-tez kəsdirirdim. “Dəli Kür”də saçlarımı məxsusi olaraq uzatmışdım.

- Yəqin ən sevdiyiniz rolunuz Mələkdi.

- Niyə elə fikirləşirsiniz?

- Bir gecənin içində sizi məşhurlaşdırdığına görə...

- Hamı “Dəli Kür”ü qeyd edir, o film cavanlıqdır. Cavanlıq isə özü elə gözəllikdir. Məni xalqa sevdirib, məşhurlaşdırdığına görə “Dəli Kür”ə minnətdaram. Amma ən sevdiyim obrazlar - “Dantenin yubileyi”dəki Anaxanım və son illərin istehsalı olan “Dmitriyev 86” filmindəki Şəfiqədir. Onlar püxtələşmiş aktyor obrazları idi. Bu gün də şiddətli dərəcə də filmlərə çəkilmək istəyirəm. Seriallara dəvət edirlər, amma məni qane etmədiyinə görə razılaşmıram.

Bu şəkillər “Dəli kür”dəndir. Təəssüf ki, iri plan səhnələrimin çoxunu Hüseyn Seyidzadə filmə salmadı. Yalnız Adil İsgəndərovun sayəsində bir-iki səhnəm iri planda verilib.

(Foto burada)

- Axı Hüseyn Seyidzadə sizi bəyənib, filmə dəvət etmişdi. Belə davranışının səbəbi nə idi?

- Elə şeylər var ki, onları demək olmur. Məni çəkməyinə peşman idi, ona görə bir gün gəlib deyirdi ki, eşitmişəm sən açıq-saçıq filmlərə çəkilməzsən, Yusif icazə verməz. Dedim, Yusif həyat yoldaşımdır, mən isə aktrisayam. Əgər siz məni dəvət etmisinizsə, nə lazımdır, necə lazımdırsa, elə də çəkiləcəyəm. O səhnəni oynamasaydım və məni filmdən azad etsəydilər, deməyəcəkdilər ki, Zemfira həya-abır edib çəkilmədi, deyəcəkdilər ki, gör nə qədər qabiliyyətsizdir. Çünki sonralar da mənə qabiliyyətsiz damğası vurmuşdular. Mənim qabiliyyətli və qabiliyyətsiz olmağımı filmlərim göstərdi.

- Paltarınızın cırılan və çayda ətəyinizi çırmaladığınız səhnələr ailənizdə necə qarşılandı?

- Atam filmə baxıb çox bəyənmişdi. Yusif də heç bir etiraz etmədi, bircə 9 yaşlı oğlum dedi ki, mama, bir də elə filmlərə çəkilmə.

70-ci illərdə “Dəli kür” Belorusiyanın Minsk şəhərində keçirilən festivalda nümayiş etdirildi. Leyla Bədirbəyli və filmin yaradıcı heyəti ora getdi, məni isə aparmadılar.

Festivalda məni “Ən yaxşı qadın rolu” nominasiyasında mükafatlandırıblar. Bu qəzetdə də qeyd olunub. Amma mən nə o qəzeti gördüm, nə də mənə məlumat verildi. Bunu mənə sonralar Sumqayıt Teatrında işləyən bir aktrisa demişdi.

- Belə biganə münasibət...

- Leyla xanım olan yerdə belə də olmalıydı. O mənimlə Reyhan Müslümovanı bir yerdə görəndə demişdi ki, niyə bunları filmə çağırıblar, nə istedadları var, nə də görünüşləri... Filmdəki o silləni Leyla xanım necə vurmuşdusa, sözlər yadımdan çıxmışdı.

Rəhmətlik Yusifə də çox biganə münasibət var idi. Və bu Yusifin içini asta-asta yeyirdi. Ömrününü son illəri çox çətin keçdi. Gənc Tamaşaçılar Teatrında rollarını repertuardan çıxartmışdılar. Teatrın baş rejissoru Ağakişi Kazımov elə əsərlər seçirdi ki, orda Yusifə aid rollar yox idi. Bu, ona çox pis təsir edirdi. Belə münasibətlə barışa bilmirdi. Hər şeyi ürəyinə salırdı, ona görə də o çox tez rəhmətə getdi.

Bir bahar sabahı dünyaya göz açmışdı Yusif. 1980-cı ilin baharı gəlmədən dünyasını dəyişdi. İki ay xəstəxanada müalicə olundu. Ölümündən bir gün öncə Yusif Zemfiranın yuxusuna əynində qara kostyum, əlində aspirinlərlə qonaq gəlib. Deyib, bayramlıq üçün gəlmişəm, iyirmisində gedəcəm. Səhər açılar-açılmaz Zemfira xəstəxanaya Yusifin yanına gəlir. Yuxusunu ona danışır. Heç nə deməyib, susan Yusifin gücü Zemfiranı bərk qucaqlayıb hönkürtü ilə ağlamağa çatır.

- Həyatımda Yusifi elə ağlayan görməmişdim. O gün yaxşı ayrıldım ondan. Səhəri günü martın 18-i yanına gələndə başa düşdüm ki, Yusif artıq yoxdu.

İki uşaqla həyatın bütün çətinliklərinə sinə gərmək var idi qarşıda... Sənətdə var olmaq, yıxılmağını, məğlub olmağını pusquda gözləyən insanlarla mübarizə aparmaq və övladlarına həm ana, həm də ata olmaq...

Hazırda qızının evində yaşayan 77 yaşlı aktrisa bu gün yaşadığı hər şeyə görə Allaha şükür edir:

- Yusifin ölümü böyük itki idi. O məni elə çərçivədə saxlayırdı ki, dükan-bazar bilməzdim. Deyirdi, evə gələndə kişinin yanında torbası olmalıdır. Hər mənada Yusifsiz mənə çətin oldu. Amma şükürlər olsun ki, övladlarımı boya-başa çatdırdım. Övladlarımdan, nəvələrimdən, nəticələrimdən də çox razıyam. Heç biri mənim sənətimi davam etdirmədi, düzünü deyim ki, buna mən icazə vermədim. Çəkdiyim əziyyəti onların da çəkməsini istəmirəm.

Söhbətin sonunda Zemfira xanım bizə öz iştirakı ilə çəkilən videoroliki də nümayiş etdirdi. Ramazan ayını yaşadığımızı nəzərə alaraq oxucular üçün maraqlı olacağını düşünüb həmin videonu təqdim edirik:


Müəllif: Nərmin Muradova, Elçin Murad