11 İyul 00:29

“İran İslam Respublikasında təşkil olunan Azərbaycan Mədəniyyət Günləri çox uğurla keçdi. Ölkəmiz Tehranda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə geniş nümayəndə heyəti ilə təmsil olunurdu. Musiqili Teatr bu mötəbər tədbirdə iştirak edən yeganə teatr kollektivi idi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İran mədəniyyət günləri çərçivəsində Azərbaycanı təmsil edən teatr kollektivinin rəhbəri, Azərbaycan Dövlət Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib:

“Tamaşadan sonra ölkəmizin İran İslam Respublikasındakı səfiri cənab Bünyad Hüseynov və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri cənab Əsgər Farsi səhnə arxasına gələrək kollektivimizlə görüşdülər. Biz İranlı teatrsevərlərə Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyasını ərməğan aparmışdıq. İki dəfə - iyulun 7-də və 8-də Tehranın “Hünər” Sarayında çıxış etdik. Tamaşanın hər iki nümayişi böyük coşquya səbəb oldu. Əsl anşlaq yaşandı”.

Qeyd edək ki, “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərovdur. Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova və başqaları ifa ediblər.


Müəllif: Könül