24 İyul 19:26
1 251

“Mosfilm” kinostudiyasında işləmək mənim üçün çox böyük təcrübə oldu. İşçiyə və işə olan yaxşı münasibət film istehsalına xidmət edən bütün sahələrdə açıq şəkildə sezilir. Burada professional işə bəsit yanaşma yoxdur. Yaradıcı qrupa nə lazımdırsa, hər bir xırdalığına qədər təmin olunur. Məsələn, çapıqları bizdə adətən pambıq və yapışqanla hazırlayırlar, burda isə çapıq izi uzun illərdir bütün dünyanın istifadə etdiyi şəkildə - silikonlarla əldə edilir. Bu da dəridən heç də fərqlənmir.

Bu sözləri Azərbaycanda qrim rəssamı kimi çalışan, hazırda isə Rusiyanın əsas kino studiyası olan “Mosfilm”lə əməkdaşlıq edən Adelia Məmmədova Teleqraf.com-a açıqlamasında deyib.

O, Azərbaycanda film çəkilişi zamanı gedən iş prosesi ilə Rusiyadakı iş prosesini müqayisə edib:

“Rejissor ve prodüserlər professional, dünyasəviyyəli film çəkmək üçün qrim sahəsinə də xüsusi diqqət ayırırlar. Bu da professional heyət ve keyfiyyətli qrim materiallarının köməyilə ərsəyə gəlir. Düzdür, ölkəmizdə bu sahə çox inkişaf etmədiyi üçün bizdə çeşid azlığı problemi yaranır. Moskvada işə yeni başladığım zamanlar elə qrim materialı adları eşidirdim ki, əvvəllər bu adları eşitməmişdim və bu da təbii ki, mənə müəyyən çətinliklər yaradırdı. Azərbaycanda yeganə professional qrim materialı satan kiçik kryolan mağazamız var. Əksər materialları isə xaricdən sifariş etmək lazım olur. O da hər zaman mümkün olmur. Ona görə də bizdə kino qrimi ciddi və inandırıcı görünmür.

Müasir kameralar da qrimdə yol verilən yanlışlıqları asanlıqla ifşa edir. Ona görə də daha diqqətli və uyğun qrimdən istifadə etmək lazımdır.

Ancaq onu da etiraf etmək mütləqdir ki, Moskva Amerika deyil, burda da bütün layihələr ideal şəkildə işlənmir. Mən həm də yaxşı büdcəsi olan - “Qalaktikanın qapıçısı” filminə düşmüşəm. Necə deyərlər, bəxt üzümə gülüb".

Adelia Məmmədova həmçinin Azərbaycanda film istehsalı zamanı bir nəfərin üzərinə daşıya bilmədiyi dərəcədə ağır yük qoyulduğunu da söyləyib:

“Moskvada çəkilən bu film fantastika janrında olduğu üçün biz həm də plastik qrimlə işləyirik. Yadplanetlilər, amazonlar, apokalipsis, 30 il sonra... Filmdə hər millətdən, hər irqdən olanlar var. Qeyri-adi və fərqli obrazlar yaradılır. O obrazları fikirləşmək və hazırlamaq çox böyük zövq verir. Təəssüf ki, müqaviləyə görə, işlərimizi paylaşa bilmirik. Cəriməsi 700 min rubldu. Yəni 14 min manata yaxın pul.

Filmdə qrim rəssamının həm plastika, həm də qrim üzrə əsas köməkçisiyəm. Gördüyüm qədərilə burda bizdən fərqli olaraq, on işi bir adam görmür. Hər kəsin öz işi var. Biri saç düzümünü hazırlayır, digəri isə qrimlə məşğul olur. Amma hamı hər şeyi bilməlidir. Bu qanundur”.

Adelia Məmmədova Moskvada konkret qrafiklə işlədiyini də açıqlayıb:

“Bütün işlər öncədən təşkil olunmuş bir aylıq plana görə aparılır. Hər gün bütün işçilər bir yerə yığılır, orda kimin nə iş görəcəyi yazılır və sabah kimsə demir ki, mən bunu bilmədim.

Əgər qrafikdə 8:00 qrim vaxtı kimi yazılıbsa, demək ki, 9:30 məşq, 10:00 “motor” vaxtıdır. Gecikmədən söhbət gedə bilməz. Bizdə isə müəyyən məqamlarda gecikmələr müşahidə olunur.

Bütün bunlara baxmayaraq, bizim hazırda həm qocaman, həm də gənc istedadlı qrim rəssamlarımız var. Təcrübəlilərin qədrini bilməliyik, gənc kino işçilərimiz isə xaricdə təcrübə yığsalar, ölkəmizə daha çox faydalı ola bilərlər”.


Müəllif: Könül Əlibəyli