20 Sentyabr 2017 09:28
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Birləşmiş Millətlər Təşkilatı (BMT) çox fəaliyyətsiz quruma çevrilmişdi. Hətta BMT-nin fəaliyyətinin dayandırılması kimi ideyalar tədricən gündəmə gəlirdi. Çünki BMT öz əsas missiyasını - sülhyaratma işini həyata keçirə bilmirdi. Dünyanın hər yerində - Asiyada, Afrikada, Avropanın şərqində çoxlu sayda hərbi münaqişələr mövcuddur.

Odur ki, bu gün BMT-də islahatlar məsələsinin gündəmə gətirilməsi, bu mötəbər təşkilata yenidən güc və təkan verilməsi ideyası ortaya çıxıb. Məncə, Nyu Yorkda dünya liderlərinin toplaşmasının bir səbəbi də BMT-nin gücləndirilməsi və əhəmiyyətli hala gətirilməsidir.

Bunu Teleqraf.com-a “BMT-də islahatların aparılmasının zərurəti hardan doğur” sualına cavab verən hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədov deyib.

Rüstəm Məmmədov BMT Təhlükəsizlik Şurasının üzvü olan Rusiyanın Nyu York toplantısında iştirak etməməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, Rusiya özü hərbi münaqişələrdə iştirak edən dövlətdir:

“Rusların bir ayağı Suriyada, digəri Ukraynadadır. Donbas hadisələri ortadadır. Moskva anlayır ki, ittiham edilənlər siyahısında Rusiyanın da adı var. Odur ki, ruslar bu təsir elementinin qarşısını almaq üçün Nyu Yorkda BMT ilə bağlı məsələlərin müzakirəsindən imtina edib”.

Politoloq əlavə edib ki, BMT-də islahatların aparılması barədə bəyannaməni artıq 128 ölkə imzalayıb.

Onun fikrincə, Rusiyanın bu prosesdə iştirak etməməsi faktı var: “Üstəlik nəzərə almaq lazımdır ki, bəyannamə hüquqi qüvvəyə malik sənəd deyil. Əksinə, tövsiyəedicidir. Təbii ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün müsbət rəyi olmadan bu sənədin həyata keçirilməsi müşkül məsələyə çevriləcək. Bu daimi üzvlərdən biri də Rusiyadır. Bu mənada sözügedən bəyannamənin həyata keçirilməsi hələlik dumanlıdır”.

Bununla belə, Rüstəm Məmmədov qeyd edib ki, bəyannamə dünyada müəyyən qədər yeni ab-hava yaradacaq.

Xatırladaq ki, dünən Nyu Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-də islahat aparılmasına dair dünya liderlərinin görüşü keçirilib. ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi bəyannaməni 193 ölkədən 128-i imzalayıb.

Rusiya isə ABŞ-ın təşəbbüsü ilə BMT-də islahatlara dair tədbirdə iştirak etməyib. Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bəyan edib ki, rəsmi Moskva BMT-də islahatların lehinə olsa da, digər mövqedən çıxış edir:

“İslahat hərtərəfli olmalıdır. İslahatla bağlı bütün qərarlar dövlətlərarası dialoq çərçivəsində quruma üzv ölkələr tərəfindən qəbul edilməlidir. Bugünkü tədbir ayrıca bir ölkənin təşəbbüsüdür”.


Müəllif: Cavad