12 Oktyabr 2017 09:40
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçılıq tendensiyası, mərkəzdənqaçma meyilləri çox təəssüf ki, bütün dünyanı bürüyüb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, bir sıra qitələrdə, regionlarda tendensiyaya çevrilən bu hal dünya birliyinin, aparıcı ölkələrin hələ bunu qəbul etməsi demək deyil: “Mənə elə gəlir ki, aparıcı ölkələrin, beynəlxalq strukturların reaksiyası da separatçıların müstəqillik referendumu keçirməsindən sonrakı siyasi addımlarına müəyyən dərəcədə təsir göstərdi. Düşünürəm ki, separatçılar bunu bəlkə də qabaqcadan dərk etmədilər. Bəlkə də bir sıra proqnozları yanlış çıxdı. Ola bilsin, kimsə onlara nəsə vəd, söz verib və onları dəstəkləməyə, şərait yaratmağa söz vermişdi. Amma alınmadı. Kataloniya rəhbərliyi, parlamenti bu müstəqilliyin elan olunmasını dayandırdı. Başa düşdülər ki, müəyyən şərait olmasa və onları heç kim tanımasa, onlar sadəcə olaraq heç kimə lazım deyillər. İstəyir sənayesi inkişaf etmiş olsun, istərsə də digər sahələri qabaqcıl göstəricilərlə fərqlənsin. Çıxış yolu yoxdur. Bunlar nə Avropa İttifaqı, nə də digər hansısa dövlət tərəfindən tanınacaq. İraq Kürdüstanı da eyni vəziyyətdədir. Nə Türkiyə, nə İran, nə də İraqın özü Kürdüstanı tanımaq niyyətində deyil və Ərbil artıq bunu dərk edir”.

Bununla belə F.Sadıxov qeyd edib ki, bu, heç də məsələyə nöqtə qoyulması anlamına gəlmir: “Hər halda onların müstəqilliklərini elan edə bilməməsi öz-özlüyündə müsbət bir hadisədir. Görünür, onlar başa düşdülər ki, bunu hər halda indi etmək olmaz. Amma bu o demək deyil ki, onlar gələcəkdə buna yenidən cəhd göstərməyəcəklər. Mənim zənnimcə, burda dünya birliyindən çox şey asılıdır. Dövlət özü möhkəm olmalıdır. Zəifləyən dövlətlərdə belə hallar tez-tez ola bilər. Dövlət öz gücünü nümayiş etdirməlidir. Əks təqdirdə belə halların baş verməsi qaçılmazdır”.

F.Sadıxov onu da bildirib ki, həm İraq Kürdüstanında, həm də Kataloniyada müstəqilliyin elan edilə bilməməsi Qarabağ separatçılarına çox pis nümunə oldu: “Bu hadisə Qarabağ separatçılarına mənfi təsir göstərməlidir. Onlar yenidən başa düşdülər ki, onları heç vaxt heç kim tanımayacaq. Başa düşdülər ki, dünya birliyi separatçılığı qəbul etmir. Eyni zamanda onlar dərk etdilər ki, onlar digər dövlətin torpaqlarında heç vaxt müstəqil dövlət qura bilməzlər. Mənə elə gəlir ki, proseslərin gedişatı öz-özlüyündə separatçılığın gələcəyinin olmadığını göstərdi”.


Müəllif: Səxavət HƏMİD