13 Oktyabr 17:16
105

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının oktyabrın 9-da Tiflisdə təşkilatın təsis edilməsinin 20 illiyinə həsr olunmuş toplantıısında iki təklif diqqət çəkdi.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin GUAM-ın fəaliyyətinə dair hazırladığı analitik yazıda öz əksini tapıb.

Qeyd olunur ki, birinci təklifi Gürcüstanın xarici işlər naziri səsləndirib: “Mixeil Canelidze dedi ki, GUAM çərçivəsində azad iqtisadi zonalar yaradılacaq. Gürcü nazir ilin sonuna qədər bu sahədə irəliləyişin əldə olunacağını vurğuladı. İkinci təklifi Azərbaycanın xarici işlər naziri səsləndirdi. Elmar Məmmədyarov dedi ki, GUAM-a üzv ölkələrinin idman yarışları keçirilə bilər”.

“Atlas” bildirir ki, hər iki təklif GUAM ölkələri arasındakı əməkdaşlığın inkişafına xidmət etməlidir: “Son illər GUAM çərçivəsində sadəcə Azərbaycanla Gürcüstan arasında əməkdaşlıqdan danışmaq mümkün idi. Bu iki ölkə arasında enerji və nəqliyyat layihələri reallaşdırılır. Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimi keçiriləcək. Azərbaycanın Gürcüstana investisiyaları da artır. Son bir ildə Ukrayna da tədricən Azərbaycan-Gürcüstan birliyinin imkanlarından istifadə etməyə başlayıb. Birincisi, Ukrayna mallarını Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə və Çinə çatdırır. Bunun hesabına Ukrayna ilə Azərbaycan arasında ticarət mübadiləsi bir neçə dəfə artıb. İkincisi, Ukrayna Qara dəniz sahilindəki bir neçə limanını özəlləşdirməyi planlaşdırır. Azərbaycanın dövlət şirkətləri bu özəlləşdirmədə iştirak etmək istəyirlər. Bu baş tutarsa, Ukrayna ilə Azərbaycan arasında iqtisadi bağlılıq daha da artacaq”.

Bildirilir ki, GUAM-da yeganə zəif ölkə kimi Moldovanı göstərmək olar: “Bu ölkə ilə Azərbaycan və Gürcüstan arasında ortaq layihələr azdır. Moldova prezidenti İqor Dodon Rusiya ilə yaxınlığa çalışır. Buna baxmayaraq, Moldova hökuməti və baş naziri Qərblə yaxınlığa üstünlük verirlər. Bu mənada Moldova hökuməti GUAM-a da maraq göstərməlidir. Ancaq hələ ki, Moldovanın regional layihələrə necə qoşulacağı aydın deyil.

Beləliklə, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi, 2014-cü ildə Ukraynada baş verən inqilabi hadisələrdən sonra passivləşən GUAM bu ildən başlayaraq fəaliyyətini gücləndirməyə qərar verib. GUAM-a müxtəlif dövlətlərin – ABŞ, Türkiyə, Yaponiya, Polşa və Çexiyanın marağı artıb. Bu mənada GUAM-ın perspektivinin olduğunu söyləmək olar”.


Müəllif: Səxavət