22 Noyabr 2017 10:56
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı, hər şeydən öncə hazırda demək olar ki, bütün dünya üçün aktual olan bir məsələnin – terrorizm və separatizimin nə qədər təhlükəli olduğunu aktuallaşdırmaqla həm də Azərbaycanın bu bəladan uzun illərdir necə əziyyət çəkdiyinin diqqətə çatdırılması ilə yadda qaldı.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, forumun “Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələlərinə toxunan Əli Həsənov beynəlxalq münasibətlərin hazırkı vəziyyətində terrorizmin və etnik separatçılığın az qala bütün dünya ölkələrinin ərazi bütövlüyünü təhdid etdiyini bildirib:

“Hindistandan başlamış Şimali Avropaya, Avroatlantik məkandan başlamış Latın Amerikasına qədər olduqca geniş geosiyasi məkanda çoxsaylı dövlətlərin bu problemlə üz-üzə qaldığını xatırladan natiq vaxtilə Azərbaycanda baş qaldıran etnik separatizmə beynəlxalq birliyin və beynəlxalq təşkilatların biganə qalmasının, yaxud ikili standart siyasətilə yanaşmalarının da bu dəhşətli bəlanın geniş yayılmasında oynadığı rolu önə çəkdi. Postsovet məkanında az qala kütləvi şəkildə baş qaldıran etnik separatizmin Avropanın dərinliklərinə qədər irəliləməsində bu problemin vaxtında həll edilməsi üçün yetərli cəhdlərin göstərilməməsi səbəblərdən biri kimi diqqətə çatdırıldı. Doğrudan da Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdə baş qaldıran etnik separatizmə qarşı vaxtında qətiyyətli mübarizə aparılsaydı sonrakı mərhələdə Balkanlarda, Şimali, Qərbi Avropada və nəhayət, İspaniyada separatçılıq bu həddə gəlib çatmazdı. Məsələ ondadır ki, separatizm və terrorizm biri digərini bəsləyən iki radikal vasitə kimi bu gün milli dövlətlərin dağılmasına qədər gedib çıxan dəhşətli dağıdıcı proseslərə səbəb olur. Terror hazırda hibrid müharibə vasitəsinə çevrilməklə müsəlman Şərqində və Şimali Afrikada çoxsaylı dövlətlərin funksional dövlət aparatını dağıdıb, tarixdə görünməmiş vəhşətlərə və miqrasiyaya səbəb olub. Bu gün isə vaxtilə Avropadakı bəzi mərkəzlər tərəfindən dəstəklənərək üçüncü ölkələrə ixrac edilən terrorizm və separatizm şiddətlə Avropanın öz qapısını döyməyə başlayıb. Əli Həsənov haqlı olaraq qeyd etdi ki, bu problemə qarşı mübarizə birgə səylər tələb edir. Əgər beynəlxalq hüquq tərəfindən dəstəklənən dövlətlərin ərazi bütövlüyü prinsipi sözdə deyil, əməldə müdafiə olunarsa, o zaman separatizmə qarşı effektiv mübarizə aparmaq, hətta qısa müddətdə nəticələr də əldə etmək olar”.

H.Babaoğlu Azərbaycanın artıq uzun illərdir separatizmdən və terrordan əziyyət çəkdiyini xatırladıb:

“Ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal edilib. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vaxtı çoxdan çatıb. Ona görə də hazırkı mərhələ belə problemlərin həlli mərhələsi olmalıdır. Əks təqdirdə əgər bu gün dünyada 50-dən çox belə problem mövcuddursa, gələcəkdə yuzlərlə ola bilər. Çünki dünyanın hər yerində, xüsusilə Avropada potensial separatizm ocaqları həddindən artıq çoxdur. Əgər onların hamısı birdən aktiv fazaya keçərsə, onda hazırkı dünya nizamından əsər-əlamət qalmaz. Ən çox əziyyət çəkən isə elə terrorizmə və separatizmə ən çox dəstək verən ölkələr olar. Ona görə də belə ölkələr imperialist ambisiyaları bir kənara qoyaraq dağıdıcı separatizmə qarşı ciddi mübarizə aparmalıdırlar. Məhz Azərbaycanın bu cür qlobal problemi aktuallaşdıraraq dünya ictimaiyyətinin diqqətini buna cəlb etməsi xüsusi qiymətləndirilməli bir hadisədir. Düşünürəm ki, ölkəmizin təşəbbüsü ilə başladılan bu beynəlxalq proses dostlarımızın və tərəfdaşlarımızın sayını artırmaqla Qarabağ probleminin həllinə öz töhfəsini vermiş olacaq”.


Müəllif: Səxavət HƏMİD