14 Aprel 12:42

Bir neçə gün əvvəl Amerika-Rusiya polemikası dünya müharibəsi haqqında təsəvvür yaradırdı. Dünənki zərbələrdən sonra rusların susması və yalnız Xmeymim bazasındakı S-400 hava hücumundan müdafiə qurğularını döyüş vəziyyətinə gətirmələri göstərdi ki, ruslar Amerikadan açıq-aşkar çəkinirlər. Rusiya ABŞ-la birbaşa qarşıdurmaya getmək istəmir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, bu səbəblərdən dünya müharibəsi haqqında danışmaq hələ tezdir: “Fikrimcə, Amerika Suriyada rejim dəyişikliklərinə qədər hərəkətlərini davam etdirəcək, Rusiyanın isə cavab tədbirləri görməyə cəsarəti çatmayacaq. Bu məsələlərdə Türkiyə də özünü dalana soxub.

Sən NATO-nun üzvüsən. Əməliyyatları da həyata keçirən NATO-dur. Avropa Birliyinə üzv olmağa çalışırsan. Amerika ilə aranda strateji müttəfiqlik əlaqələri var. Rusiya ilə isə münasibətlər son vaxtlar qaydasına düşüb.

Bütün bunlara baxmayaraq, ABŞ da Türkiyənin arzu etdiyi planı həyata keçirir. Yəni, əli 1 milyona yaxın öz xalqının qanına batmış Bəşər Əsədi hakimiyyətdən üzaqlaşdırmağa çalışır. Ən azından kimyəvi silah tətbiq etdiyinə görə ona qarşı hərbi əməliyyatlar aparır. Türkiyə isə uğursuz bir formada Rusiya ilə Amerika arasında vasitəçilik etmək niyyətindədir. Onları barışdırmağa çalışır. Bu, tamamilə məntiqdən uzaq və kiminsə saya salmayacağı bir davranış formasıdır”.

Politoloq bildirib ki, bölgədə vəziyyət gərginləşnməkdə davam edəcək: “Başqa NATO ölkələri də qarşıdurmaya cəlb olunacaq. Artıq Britaniya bu prosesdə iştirak edir. NATO gəmiləri də bölgəyə yaxınlaşmaqdadır. Bu fonda Rusiyanın hər hansı bir cavab addımı atması yersiz olar”.


Müəllif: Şəfiqə Nazimqızı
Загрузка...