4 İyul 2016 14:41
332

İyulun 5-dən 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, leysanın intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib.

Havanın dəyişməsi regionlarda daşqınlara səbəb ola bilərmi? Məsələ ilə bağlı Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Teleqraf.com-a açıqlama verib.

Baş hidroloqun sözlərinə görə, 2-3 gün ərzində rayonlarda hava qeyri- sabit keçəcək: “Bu zaman çaylarda sululuğun artacağı gözlənilir. Xüsusi ilə Böyük Qafqaz və Kiçik Qafqazın dağ ərazilərdə suluğun artacağını gözləyirik”.

Asif Verdiyev Kiş çayında baş verən daşqının səbəbindən də danışıb: “İyulun 2-3 gecə Balakən-Şəki bölgəsində yağan lokal leysan yağış nəticəsində Kiş çayında daşqın baş verib. Daşqının əsas səbəbi üç çayın - Damarçın, Çuxudurmaz, Qaynarın birləşməsindən əmələ gəlib. Sel əsasən Damarçın qolunda baş verib. Çayın yuxarı dağlıq ərazisində leysan nəticəsində çay vasitəsilə palçıq və lil birbaşa Kiş çayına axıb. Nəticədə Kiş çayında qısa müddətli daşqın olub. Ayın 3 səhər etibarından suyun səviyyəsi azalmağa başlayıb, hazırda çayda sabit sululuq müşahidə olunub”.

Nazirlik rəsmisi bildirib ki, daşqın adətən, Azərbaycanın dağlıq ərazilərində müşahidə olunur: “Balakən, Şəki, Oğuz, Qəbələ zonasından axan çaylar daşqına həssas olan ərazilərdir. Çaylarda daşqın hadisələri tarixi boyu müşahidə olunub və olunmaqdadır”.

İlhamə ƏBÜLFƏT


Müəllif: