21 İyul 2016 14:01

“Bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Bayram günlərində keçdiyimiz yola nəzər salıb, gələcəyimiz üçün bir nəticə əldə etmək bir ənənəyə çevrilib. 25 illik müstəqillik tariximizin ilk əvvəllərində yaşananlar hər birimizə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı və s. kimi xalqın gələcəyə ümidini itirən məqamlar həmin illərin səciyyəvi xüsusiyyəti idi.

Dahi şəxsiyyət Heydər Əliyev belə çətin məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış digər sahələr kimi mətbuatın da inkişaf tarixində yeni bir mərhələnin təməlini qoydu. Məhz ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyul ayının 22-si, yəni, ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycanın 25 illik müstəqillik tarixinin 1993-cü ilin iyun ayından başlanan inkişaf yolundan bəhs edərkən bu fikri böyük fəxr və inamla qeyd edirik ki, bu tərəqqinin, inkişafın möhkəm təməli məhz ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə qoyulub”.

Teleqraf.com xəbər verir ki, bunu YAP-ın saytına açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O, əlavə edib ki, dövlət başçısı İlham Əliyevin “Bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır.

Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikri Azərbaycan mətbuatının dünəninə, bu gününə və gələcəyinə bir baxış, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün əsasdır. Əvvəldə də qeyd etdiyim kimi, tarixin yaddaşı, zamanın hakimliyi fonunda bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin Fərmanı ilə senzuranın ləğvi demokratik, dünyəvi və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın inkişaf strategiyasına uyğun olaraq bugünkü inkişaf yolumuza işıq salmaqdadır.

Bir sözlə, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lərlə bağlı problemlərə operativ və prinsipial müdaxilə edərək həllinə nail olunması ulu öndər Heydər Əliyevin azad sözə və jurnalist əməyinə münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Son 13 ildə Heydər Əliyev siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında mətbuatın rolunu yüksək dəyərləndirərək bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası bu vacib məqam önə çəkilir ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilməsi kimi mühüm bir vəzifə durur. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuatın qarşısına qoyduğu əsas tələblərdəndir.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on üç ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 4 minə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.

Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. İnternet istifadəçilərinin sayı 75 faizdən çoxdur. Son 13 ilin mühüm hadisələri sırasında 2005-ci ildə “”Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamları xüsusi qeyd etməliyik. Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması mətbuata diqqət və qayğının göstəricilərindəndir. Azərbaycan milli mətbuatının 135 və 140 illik yubileyləri də dövlət başçısının biri-birindən əhəmiyyətli sərəncamları ilə yadda qalıb.

Rəhimzadə mediada peşəkar jurnalistika məsələsinin xüsusilə önəmli olduğunu vurğulayıb: “Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışlarında daim jurnalist peşəkarlığına və məsuliyyətinə xüsusi diqqət yönəldir. Jurnalist peşəkarlığının artırılması istiqamətində addımlar davamlıdır. Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alsaq, bu gün cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntilərinin nədən ibarət olduğunu daha aydın görə bilərik.

Ölkəmizdə jurnalist peşəkarlığı və məsuliyyəti heç də aşağı səviyyədə deyil. Amma əgər zaman dəyişirsə, qarşıya yeni tələblər çıxırsa, sözsüz ki, cəmiyyətin güzgüsü olan mətbuat da təkmilləşdirilməli, jurnalist peşəkarlığı və məsuliyyəti daha da artırılmalıdır. Bu istiqamətdə Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər və layihələr təqdirəlayiqdir. Azərbaycan Mətbuat Şurasının qarşısında duran əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etmələrinə ictimai nəzarətin həyata keçirilməsi, “reket jurnalistikası”na qarşı mübarizədir. Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması işində müsbət nəticələr əldə edib”.

Cavad


Müəllif: