14 İyul 2014 11:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanaraq rəy verilməsi üçün BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə təqdim olunmuş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun layihəsi Komitə tərəfindən müsbət dəyərləndirilib.

Xatırladaq ki, cari ilin 1-2 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən “Əlillərin hüquqları haqqında” Konvensiya üzrə ölkəmizin ilk məruzəsi təqdim olunmuşdu. Konvensiyaya uyğun olaraq ölkədə görülən işlərdən, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan islahatlardan bəhs edən Səlim Müslümov respublikada əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanun layihəsi barədə də məlumat vermiş, layihəyə komitənin ekspertləri tərəfindən də rəy verilməsini təklif etmişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təklif komitə üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanın bu təşəbbüsünün Komitə üçün ilk təcrübə, digər dövlətlər üçün isə müsbət nümunə olacağı vurğulanmışdı.

Beləliklə, cari ilin aprel-iyun aylarında qanun layihəsi Komitənin ekspertləri tərəfindən diqqətlə nəzərdən keçirilib. Layihə ilə bağlı Komitənin Azərbaycan Hökumətinə bu günlərdə təqdim etdiyi rəydə layihənin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının ümumi ruhuna, əsas prinsip və müddəalarına uyğun şəkildə hazırlandığı vurğulanıb. Bununla yanaşı, Komitənin ekspertlərinin Qanun layihəsindəki bir sıra terminoloji ifadə və anlayışların, terminlərin beynəlxalq konvensiyalara uyğunlaşdırılması, ayrı-ayrı maddələrin bir daha təkmilləşdirilməsi ilə bağlı təklifləri də diqqətə çatdırılıb. ƏƏSMN qeyd olunan təkliflərin yeni qanun layihəsində əksini tapması üçün müvafiq işlərə başlayıb.

Xəbər verdiyimiz kimi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun layihəsi, həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın (2014-2018-ci illər) layihəsi ƏƏSMN-nin rəsmi internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) “Qanunvericilik” bölümündəki “Qanunvericilik layihələri” alt-bölümündə ictimai müzakirəyə təqdim olunub.

Naibə


Müəllif: