26 May 2017 13:12
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresini Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın milli bayramı – Respublika gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk dünyəvi parlamentli respublika qurduğunu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını və qadınlara səsvermə hüququ verən ilk müsəlman dövlət kimi tarixə düşdüyünü bildirib.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən Konqres üzvü ölkəmizin bir çox çətinliklərlə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, habelə BMT TŞ-nin erməni qoşunlarının bu torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini vurğulayıb.

Daha sonra bəyanatda Azərbaycanın beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşı olduğu qeyd olunub. Azərbaycanın İraq, Kosovo, habelə Əfqanıstanla bağlı əməliyyatlara verdiyi töhfə vurğulanıb. Bundan əlavə, ölkəmizin Xəzər dənizinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynadığı və Cənub Qaz Dəhlizinin gələcəkdə ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.

Sonda Azərbaycanın müsəlman ölkəsi olmasına rəğmən, İsraillə sıx əlaqələrə malik olduğu və İsrailin neft istehlakının 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayan Konqres üzvü, çoxsaylı yəhudi və xristian icmalarının sülh şəraitində yaşadığı Azərbaycan cəmiyyətinin güclü dini tolerantlıq ənənələrinə malik olduğunu vurğulayıb.


Müəllif: Səxavət