25 İyun 13:34
2 600

Azərbaycanın, Türküstanın, Krımın, İdil-Uralın və digər Türk yurdlarının bolşeviklər tərəfindən işğalından sonra ictimai-siyasi liderlər mübarizələrinə mühacirətdə davam etdilər. Mühacirətin ağır şərtləri, ortaq tarix şüuru bu siyasi liderləri zamanla bir araya gətirdi, düşmənə qarşı birgə hədəflər müəyyən olundu.

Mühacirətdə çap olunan kitablara, jurnallara baxdığımızda bu münasibətlərin necə sıx olduğunu, çətin zamanlarda qarşılıqlı şəkildə bir-birilərinə kömək etdiklərini görürük.

Xüsusilə, Krım türklərinin lideri Seyid Cəfər Krımər ilə Məhəmmədəmin Rəsulzadənin yaxın münasibətləri bu baxımdan seçilir.

Bu yaxınlarda Azərbaycan və Krım mühacirəti arasındakı əlaqələrdən də bəhs edilən bir xatirə kitabını oxudum. Krım mühacirətinin önəmli simalarından, Krım davasının rəsmi orqanı olan “Emel” dərgisinin qurucusu Müstecip Ülküsalın “Krım yolunda bir ömür” adlı bu xatirə kitabı II Dünya Müharibəsi dönəmində mühacirlərin fəaliyyətinin anlaşılması üçün önəmli qaynaqlardandır.

Müstecip Ülküsal kimdir?

Ülküsal 1899-cu ildə Rumıniyanın Mangalya qəsəbəsinin Azaplar kəndində doğulub.

1917-ci ildə Krım Türk Cümhuriyyətinin elan edilməsindən sonra 1918-ci ildə gizli şəkildə bir gəmi ilə Krıma gedir, lakin Akyarda (Sevastopol) həbs edilir. Tezliklə azadlığa çıxır, müəllimlik fəaliyyəti ilə məşğul olur, 1920-ci ildə bolşeviklər Krımı işğal etdikləri üçün buradan getmək məcburiyyətində qalır.

İstanbulda lisey təhsilini tamamladıqdan sonra Rumıniyaya dönür, 1926-cı ildə Buxarestdə hüquq fakultəsini bitirir.

1930-cu ilin yanvarın 1-də Rumıniyada Krım türklərinin tarixində önəmli yer tutan “Emel” dərgisinin ilk sayını nəşr etdirir.

II Dünya Müharibəsi illərində Krım Milli Mərkəzinin qərarı ilə Almaniyada olur, əsir düşən krımlıların həyatı ilə yaxından maraqlanır, Krımın Sovet işğalından qurtarıldığı təqdirdə gələcəyi ilə bağlı alman nümayəndələri ilə və eyni məqsədlə burada olan digər ölkələrin liderləri ilə əlaqələr qurur. Azərbaycan siyasi mühacirətinin önəmli simalarından olan Məhəmmədəmin Rəsulzadə və Hilal Münşi ilə bu dönəmdə sıx münasibətdə olur.

Ülküsal 1942-ci ildə Türkiyəyə dönür, 1976-cı ilə qədər vəkillik edərək dolanır. 1955-ci ildə Seyid Cəfər Krımər xəstələndiyi zaman Krım Milli Mərkəzinin idarə edilməsi vəzifəsi onun üzərinə düşür. 1960-cı ildə Krımər öldükdən sonra başqanlıq ona keçir.

1960-cı ildən etibarən “Emel” dərgisi Türkiyədə yayımlanmağa başlayır, Ülküsal 1986-cı ilə qədər dərginin rəhbəri olur.

Uzun ömür yaşayan Ülküsal “Dobruca və Türklər”, “Krım Türk Tatarları”, “II Dünya savaşında (1941-1942) Berlin xatirələri və Krımın qurtuluş davası”, “Dobrucadakı Krım türklərində atalar sözləri və deyimlər” kitablarının müəllifidir.

Ülküsal 10 yanvar 1996-cı ildə İstanbulda vəfat edib.

***
İstanbulda “Krım Türkləri Kültür və Yardımlaşma” Dərnəyi tərəfindən çap olunan Ülküsalın “Krım yolunda bir ömür” kitabı isə onun xatirələrinin tam geniş formasıdır. Biz bu kitabda Ülküsalın Rəsulzadə və Münşi ilə bağlı xatirələrindən bəhs edəcəyik.

Rəsulzadə ilə bağlı xatirələr

Ülküsalın kitabında Məhəmmədəmin Rəsulzadə haqqında bir sıra xatirələr və maraqlı faktlar var. Rəsulzadənin Polşa, Rumıniya və Almaniyadakı həyatı ilə bağlı franqmentlər onun bu illərdə hansı əziyyətləri çəkdiyini göstərir.

Xatirələrdən birinə diqqət edək:

“... Lehistan (Polşa – D.Ə) almanlar və ruslar tərəfindən işğal edildi. Lehistan xarici işlər naziri ilə bəzi hökumət və ordu nümayəndələri Rumıniyaya sığındılar. Polşada olan türk liderləri, tələbələrimizdən bir qismi Rumıniyaya və Köstenceyə (Konstansa – D.Ə) gəldilər. Bunların arasında azərbaycanlı Məhəmmədəmin Rəsulzadə və Kazım Dadaş da vardı... 1940-cı ilin 23 iyununda Türkiyədən gələn səfir Həmdullah Sübhi Tanrıöveri Məhəmmədəmin Rəsulzadə bəy ilə Köstencedə qarşıladıq... Ertəsi gün Məhəmmədəmin bəylə Buxarestə getdik. Məhəmmədəmin bəy Kiryazi otelinə yerləşdi. Ertəsi gün sabah onu ziyarət etdim. Çox üzgün idi. Səbəbini soruşdum. “Bu sabah paltarımı ütülətmək üçün qarsonla dərziyə göndərdim. Bütün pulumu şalvarımın arxa cibində unutmuşam. Paltarım geri gətirildiyi zaman pul yox idi, tamam pulsuz qaldım” dedi. Tez birlikdə ən yaxın polis idarəsinə getdik. Baş komissara Məhəmmədəmin bəyi tanıtdım və başına gələni anlatdım. Baş komissar dərzinin adresini soruşdu, söylədik. Komissar: “Narahat olmayın, mən məsələni həll edərəm və sizə xəbər verərəm” dedi. Bir saat keçmişdi ki, otelə bir polis gəldi və Məhəmmədəmin bəyə: “Buyurun, pulunuzu alın!” deyərək bir dəstə zloti (leh pulu) uzatdı. Tam 1400 zloti idi. Əmin bəy sevindi və təşəkkür edərək polisə 100 zloti bəxşiş verdi”.

Ülküsal kitabında Rəsulzadə ilə Qafqaz konfederasiyası mövzusundakı müzakirələrindən, Rəsulzadənin Krım və İdil-Ural haqqında ona dediyi düşüncələrindən bəhs edir. Xatirədə Rəsulzadənin Krım haqqında görüşü bu şəkildə verilir: “Krım tarixən bir Türk yurdudur. Fəqət geopolitik durumu baxımından Qafqaz Konfederasiyasına girməz. Türkiyə ilə də güclü bağı olmaz. Bundan başqa, Krımın əhalisi, təəssüf ki, çox azdır. Digər millətlər qarşısında çoxluq təşkil edə bilmir. Krım Ukraynanın və ya digər Qərb dövlətlərinin nüfuz bölgəsinə düşməkdədir. Krım bu dövlətlərlə bir şeylər etsə, məncə, daha yaxşı olar”.

Rəsulzadənin bu fikrinə qarşı Ülküsal hansı əks arqumentlər gətirdiyini də qeyd edir.

Ülküsal 1942-ci il 21 fevral, şənbə günü qeydində yazır: “... Məhəmmədəmin bəygilə getdim. Günorta yeməyini birgə yedik. Hilal Münşiyə çatdırmağım üçün bir məktub və iki cüt corab verdi”.

Həmin ilin 4 Mart tarixli qeydində yazır: “Professor von Mendenin yanına getdik. Rumıniya səyahətim haqqında bilgi verdim. Polşa müftisi Yaqub Əfəndini xüsusi bir məktubla çağırdıqlarını, bir neçə günə qədər gələcəyini, qurulmaq üzrə olan Türküstan legionundakılara dini dərslər verəcəyini söylədi. “Sizə bu acı həqiqəti də açıqlayacağam” deyə bunları əlavə etdi: “Burada gürcülərin və ermənilərin yetişmiş çox adamı var, hər yerə soxulurlar. Sizlərdən, türklərdən, demək olar ki, kimsə yoxdur. Adamsızsınız. Siz müsəlmanlar öz içinizdə, qəlibinizdə yaşayırsınız. Məsələn, azərilərdən Məhəmmədəmin Rəsulzadəni və Əbdülvahabı (mühacir Əbdülvahab Yurdsevər – D.Ə) gətirmək istəyirik”.

Hilal Münşi ilə əlaqələr

Azərbaycan Cümhuriyyətinin xaricə təhsil almağa göndərdiyi yüz tələbədən biri, Almaniyada Rəsulzadənin yanında Azərbaycanın azadlığı üçün mübarizə aparan Hilal Münşi ilə də Ülküsalın yaxın əlaqələri olub. Xatirələrdə bir neçə yerdə onun adı xatırlanır.

1942-ci il 7 Yanvar tarixli qeyddə Humboldt klubunun binasında Mustafa Çokayın xatirəsini anma günü ilə bağlı tədbir keçirilməsi, Şimali Qafqazlılar adından Əli Qantəmirin, İdil-Urallılar adından Əbdürrəhman Şəfinin, azərbaycanlılar adından Hilal Münşinin çıxış etməsi bildirilir.

1942-ci il 24 Yanvar qeydində Ülküsal yazır: “Axşam Hilal Münşi bəyi evində ziyarət etdik. Burada azərbaycanlı, İstanbul Universitetinin tarix bölümünü bitirmiş Məryəm adlı bir xanımla tanış olduq. Kübar bir xanım idi. Məhəmmədəmin bəyə Rumıniyaya çatdığım zaman təslim etməyim üçün mənə bir məktub verdi”.

Bu qeydin davamında Hilal Münşinin təyyarədən Qırmızı ordudakı azərbaycanlılara atılmaq üçün hazırladığı broşürdən bəhs edir.

“Azərbaycan Türkiyəyə qatılsa...”

1942-ci il 27 Fevral qeydi: “... Saat 16-da Hilal Münşi bəylə görüşdük. Azərbaycan Müsavat Firqəsinin Azərbaycan üçün istiqlal istədiyini, Almaniyanın bu haqqı tanıyıb-tanımayacağını indidən öyrənmək istədiyini bildirdiyini söylədi. Bununla bərabər Azərbaycanın uzun illər Alman dövlət təşkilatının təcrübələrinə və köməyinə ehtiyacı olduğunu söylədiyini dedi. Hilal Münşi bəy bunu qətiyyətlə bəyan etdi: “Azərbaycanın istiqlal ideyası yalnız bir tezisin gerçəkləşdiyi halda qüvvədən düşə bilər: Azərbaycan Türkiyəyə qatılsa və ya ilhaq edilərsə...”.

1942-ci il 7 Mart qeydi: “Günortadan sonra Edige ilə birlikdə Hilal Münşi bəyə getdik. Məhəmmədəmin bəydən gətirdiyim məktub və hədiyyəni verdim. Saat 19:30-a qədər qaldıq. Gürcülər və ermənilər haqqında danışdıq. Qırmızı ordudakı azəri əsgərlərinə atılmaq üçün hazırladığı və Şərq Nazirliyinə verdiyi iki bəyannaməni oxudu. Yaxşı yazmışdı”.

1942-ci il 6 aprel, bazar ertəsi qeydində Ülküsal yazır: “... Saat 17-də bizə azərbaycanlı Hilal Münşi bəy gəldi. Şərq Nazirliyində cərəyan edən bayraq məsələsini anlatdı: “Almanların, gürcülərin və ermənilərin bayraqlarını olduqları kimi buraxdıqları halda, Azərbaycan və Şimali Qafqazın milli bayraqlarını dəyişdirmək istədiklərini, çünki bunlarda pantürkizm və panislamizm işarətləri olduğunu söylədiklərini, amma buna şiddətli və məntiqli etirazı və açıqlaması nəticəsində almanların bu düşüncələrindən vaz keçdiklərini söylədi. Hilal Münşi bəy almanların, əvvəlcə yazıb vermiş olduğu bir bəyannamədəki “istiqlal” sözünü çıxardıqlarını, beləcə almanların rus əsirliyindəki millətlərə və türklərə istiqlal vermək fikrində olmadıqları anlamını çıxardığını söylədi. Hilal bəyin bu qənaətinə qatıldığımı açıqladım”.

Bir qeydində isə Ülküsal maraqlı bir fakta toxunur: “... Saat 17:30-da Charlottenburg stansiyasına gəldim. Burada Hilal Münşi bəy gözləyirdi. Məhəmmədəmin Rəsulzadə bəyə çatacaq bir məktub verdi və bunları söyləməyimi rica etdi: “Aldığım son xəbərə görə, bolşeviklər İran Azərbaycanında bir neçə azəri millətçisini tutub öldürüblər”.

Miryaqub Mirmehdiyevlə əlaqələr

Xatirələrdə Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi Nümayəndə Heyətində təmsil olunan, sonralar mühacir həyatı yaşayan Miryaqub Mirmehdiyev haqqında da qısa məlumatlar var. 1942-ci il 18 may tarixi ilə bağlı qeyddə yazılır: “... Günortadan sonra, saat 15:30-da azərbaycanlı doktor Miryaqub bəy gəldi, saat 17:00-a qədər danışıb dərdləşdik”.

“Emel” jurnalına yardım

Xatirələrdə, azərbaycanlı mühacirlərin “Emel” jurnalına olan dəstəyindən də bəhs edilir. Belə ki, 1931-ci ildə Krım davasının rəsmi orqanı halına gəlmiş bu dərgi ümumi böhranın nəticəsində çap problemi yaşayır. Redaksiyanın bu probleminin həllinə azərbaycanlı mühacirlər də kömək edirlər: “Bir neçə gün sonra İstanbuldan krımlı Abdullah Zihni Soysal gəldi və azərbaycanlı qardaşlarımızdan bizə 24 dollar gətirdi. Biz pula müqabil “Emel”in üç sayında 12 səhifəni Azərbaycana aid onlar tərəfindən göndəriləcək yazılara ayıracaq və özlərinə hər saydan üç yüz məcmuə göndərəcəkdik. Təəhhüdümüzü axsatmadan yerinə yetirdik və azərbaycanlı qardaşlarımıza bu qardaşca köməklərindən ötrü təşəkkür etdik”.

Ülküsalın xatirələrində Azərbaycan mühacirəti ilə bağlı bəzi kiçik franqmentlər də var.

Ümumiyyətlə, istər Krım türkləri və onların başda Seyid Cəfər Krımər olmaqla mühacirətdəki liderləri, İdil-Ural türkləri və onların önəmli şəxsiyyətlərindən Abdullah Battal Taymas və digərlərinin xatirələrində, məqalələrində Azərbaycanla bağlı kifayət qədər öyrənilməmiş bilgilər var. Ümid edirik ki, bu kimi kitablar bizim türkcəmizə də çevrilib yayımlanacaq.


Müəllif: Dilqəm ƏHMƏD