1 Avqust 20:25
459

1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu gün Azərbaycanda işlədilən latın qrafikalı əlifbanın tarixi isə iki mərhələdən ibarətdir: 1922-1940 və 1991-ci ildən günümüzə qədər.

Azərbaycan ərazisində latın qrafikalı ilk yazı Qobustan qayasında aşkar olunub. Arxeoloq İshaq Cəfərzadənin 1948-ci ildə aşkarladığı Roma imperatorluğuna aid kitabə 84-96-cı illər arasında yazılıb. Qədim latın əlifbası ilə yazılan kitabənin mətni belədir: “İmperator Domisian Sezar Avqust Germanikusun dövrü Lütsi Yuli Maksim XII ildırım sürətli legionun senturiyası”.

Orta əsrlərdə isə Azərbaycanda alban əlifbası, Xilafətin işğalından sonra isə ərəb əlifbası işlədilib. Çar Rusiyasının işğalından sonra isə kiril qrafikası da rəsmi sənədlərdə işlədilməyə başlanılıb. XX əsrin əvvəllərində isə Avropada oxuyan Azərbaycan ziyalıları latın qrafikasından şəxsi yazışmalarda istifadə ediblər.

Axundzadənin fədakarlığı

XIX sərdə ilk dəfə Mirzə Fətəli Axundzadə müsəlman xalqlarının geridə qalmasının mühüm səbəblərindən biri kimi ərəb əlifbasını görmüş və yeni əlifba islahatçısı kimi hökumətdən pul alaraq Osmanlı sultanını inandırmaq üçün İstanbula yola düşmüşdü.

O, 1873-cü ilin iyun ayının 18-də Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri vasitəsilə İstanbulda çıxan “Həqayiq” qəzetinin redaktoruna göndərdiyi məktubunda yazırdı: “Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifbası hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan sağa yazmaq lazım gələcək. İkincisi isə, hazırki əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan sola yazmaq olar”.

Lakin İstanbulda paşalarla görüşündə əsaslandırmasına baxmayaraq, ona belə cavab verilmişdi: Yeni əlifbadakı hərflərin şəkli qüsurlu hesab edilib; yeni hərflər türk dilinə uyğun deyil; yeni hərflərin qarşılığı mətbəələrdə yoxdur; bu əlifba qəbul edilsə, gərək bütün köhnə ədəbiyyat məhv edilsin, bu isə mümkün deyil.

Əslində isə səbəb aydın idi. Xanədanlıq mütərəqqi addımlara qarşı idi. Necə ki, Axundzadə əlifba islahatında ona dəstək olan Mirzə Melkum xana məktubunda yazır:

“Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt bir xalq olsun. Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər”.

Axundzadədən sonra Məhəmmədağa Şahtaxtlı, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə kimi ziyalılar da bu kimi təşəbbüslərlə çıxış edirlər. Şahtaxtlı 1879-cu ildə Tiflisdə “Təkmilləşdirilmiş müsəlman əlifbeyi” kitabını nəşr etdirir.

Cümhuriyyət dönəmi

Azərbaycan Cümhuriyyəti dönəmində 1919-cu ilin martında yeni əlifbanın layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaradılır. Komissiyaya üç müxtəlif layihə – Məhəmməd ağa Şahtaxtlının, Abdulla bəy Əfəndizadənin və Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birgə layihələri – təqdim olunsa da, Abdulla bəy Əfəndizadənin latın qrafikasına keçməklə bağlı layihəsi bəyənilir. Layihə 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilir. Lakin Cümhuriyyətin işğalı nəticəsində proses başa çatmır.

Sovet Azərbaycanı dönəmi

Sovet Azərbaycanının ilk illərində isə bütün radikal islahatlar kimi əlifbanı dəyişmək məsələsi də geniş müzakirəyə açılır. Bu müzakirələr zamanı “latınçılar” və “ərəbçilər” adlı iki cərəyan ortaya çıxır.

“Latınçılar” komissiyasının tərkibi 8 nəfərdən ibarət idi: Fərhad Ağazadə (sədr), Xudadat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov, və Hüseyn İsrafilbəyov.

Bu müzakirələrdə “ərəbçilər” vaxtilə Osmanlı xanədanlığında Axundzadəyə verilmiş cavabları “latınçılara” verirlər. Onlar bildirirlər ki, hürufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsaydı, qədimdə ərəblərin, indi isə yaponların mədəniyyəti olmazdı. Firənglərin və ingilislərin də imlaları çətindir, fəqət onların da mədəniyyəti bundan müşkülə düşməmişdir; ərəb hürufatının çətinliyindən farslar və ərəblər özləri heç bir şikayət etmirlər; latın hürufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə gələcək, camaat qəbul edəcəkmi?

“Ərəbçi”lərin ən tutarlı arqumenti isə yeni əlifbanın Azərbaycanı digər türk-müsəlman ölkələrindən qoparması təhlükəsi idi: “Latın hürufatını qəbul edib-etməmək məsələsi üçün Azərbaycan Cümhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul edilərsə, İslam millətlərindən ayrılmış qalar”.

Bu arqumenti Cümhuriyyətin işğalından sonra Türkiyədə mübarizə aparan Rəsulzadə və silahdaşları da təkrarlayırdı.

Mirzə Bala Məmmədzadə yazırdı:

“Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi və türk dünyası ilə əlaqələrini tərk etməsi azəri türklərinin milli varlığına böyük zərbə olacaqdı”.

S.Ağamalıoğlu isə 1927-ci ildə “Elmdən və tarixdən” adlı kitabında yazır:

“Yeni əlifba barəsində müsavatçılarla ingilisin sözü bir gəlir. Doğru, hər kəsin ayrı niyyəti, məqsədi var, amma iş burasındadır ki, ikisi də bir sinifdirlər, ikisinə də bir qaranlıq sərfəlidir”.

Lakin Türkiyənin də latın qrafikasına keçidindən sonra mühacirlər bu dəfə yeni əlifba prosesini dəstəkləyirlər. Hətta Müsavat firqəsi bütün üzvlərin latın qrafikasını öyrənməsinin vacib olması ilə bağlı qərar verir. Azərbaycanda və Türkiyədə qəbul edilən əlifbalar arasında bəzi işarələrdə fərqliliklər olduğu üçün Rəsulzadəgil çap etdikləri “Odlu yurd” jurnalında müqayisəli şəkildə hər iki əlifbanı və ərəb əlifbasını da nəşr edirlər.

AYTƏK yaradılır

Beləliklə, Sovet Azərbaycanında “latınçı”ların mütəşəkkil fəaliyyəti, həmçinin artıq yeni hökumətin radikal islahatlar tərəfdarı olması nəticəsində latın qrafikasına keçid qəbul edilir. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifbası Komitəsi (AYTƏK) təşkil edildi. Komitənin ilk tərkibi 5 nəfərdən ibarət idi: Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov.

1922-ci ildə AYTƏK-in Şuşada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Ağdamda, Şəmkirdə, Zaqatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Salyanda, Şamaxıda, Türküstanda, İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada, Cəbrayılda yerli təşkilatları yaradılır.

Bakıda yeni əlifba ilə “Yeni yol”, Tiflisdə isə “İşıqlı yol” qəzetləri çap edilir.

Bu dəfə də layihələri təqdim edənlər eyni şəxslər idi. Ancaq bu dəfə Abdulla Tağızadə və Mirəziz Seyidovun layihəsindən daha çox istifadə edilir.

“Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun tarixli qərarla məcburi və dövlət əlifbası hesab olunur. Əlifba ilə yanaşı Avropadakı rəqəm sistemi də götürülür.

21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən AYTƏK-nin 6 illik yubileyi münasibətilə verilmiş və həmin ilin oktyabrında komitənin 4-cü sessiyasında təsdiq olunmuş qərarla, 1 yanvar 1929-cu ildən etibarən, Azərbaycanda ərəb əlifbası, 1923-cü ildən başlayaraq paralel tətbiq olunan latın əlifbası ilə rəsmi əvəz olunur.

Yeni əlifbanın qəbulundan sonra bu əlifba ilə yeni kitabların çapı məqsədilə Cəlil Məmmədquluzadə, Abdulla Tağızadə və Hacı Kərim Sanılıdan ibarət bir komissiya yaradılır. Mirzə Cəlil sədr təyin edilir.

1923-cü ilin dekabrında XKS nəzdində Q.Musabəyovun sədrliyi ilə “Savadsızlıqla Mübarizə Komitəsi” yaradılır. Bu mübarizə on il müddətində nəticə verməli idi. Bu məqsədlə də kütləvi şəkildə kitablar çap edilir.

Məsələn, AYTƏK-nin 1 oktyabr 1923 – 1 oktyabr 1924-cü il aralığında fəaliyyəti haqqında hesabatda göstərilir ki, bu 1 il müddətində komitə tərəfindən, savadsızlığın ləğvi yolunda, 26 adda 334.000 tirajla dərslik, uşaq ədəbiyyatı, müxtəlif kitabça və broşürlər çap edilib.

Yeni Türk Əlifbası Komitəsi və başqa nəşriyyatlar tərəfindən 1928-ci ilin noyabr ayının 1-ə qədər isə 473 adda, 2.377.350 tirajla kitab dərc edilir.

Yeni əlifba müzakirələri bu dövrdə də davam etdirilir. Komissiyalar yaradılır, Türküstana, Krıma, Dağıstana səfərlər edilir. Türkoloji qurultayda geniş müzakirələrə səbəb olur.

Bu müzakirələrdə, ümumiyyətlə latın qrafikasına keçiddə Fərhad Ağazadənin önəmli rolu olub.

Əlifba niyə ləğv edildi?

Lakin Türkiyənin latın qrafikasına keçməsi, 1939-cu ildə isə II Dünya müharibəsinin başlaması çəkilən bu qədər əməyi bir qərarla məhv edir. Azərbaycanla Türkiyə arasındakı yazı əlaqəsinin müharibədə təhlükəli olacağını düşünən və artıq repressiya maşını ilə bütün ziyalıları qıran rejim kiril qrafikasının keçidlə bağlı qərar verir.

1967-ci ildə Azərbaycanda səfərdə olan, Səməd Ağaoğlu (Əhməd Ağaoğlunun oğlu) kitabında yazır: “Moskvanı belə bir qərar verməsinə səbəb İttifaq xalqlarını bir-birindən uzaqlaşdırmaq ola bilməz. Çünki slavyan əlifbası ortaq olduğuna görə, əsl hədəfi başqa bir nöqtədə axtarmaq lazımdır. Bu başqa nöqtə bizə görə bütün bu ölkələrin türk xalqlarının Türkiyə xalqından uzaqlaşdırılması ola bilər”.

Beləliklə, 1940-cı il yanvarın 1-dən latın əlifbası kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olunur.

Kiril əlifbası ta ki 1991-ci ilin dekabrında Ali Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafikalı əlifbaya keçidi təsdiq etməsinə qədər davam tətbiq olunur.

18 iyun 2001-ci ildə mərhum prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman ilə latın qrafikasına keçid rəsmən başa çatır.

Dilqəm Əhməd


Müəllif: Dilqəm Əhməd