16 Sentyabr 13:28
1 624

Sentyabrın 14-də səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 29 yaşlı qadından yeni məlumat var.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 29 yaşlı qadının anası Əskərova Balaxanım Yasamal rayonunda yerləşən 38 nömrəli məktəbdə direktor müavin vəzifəsində çalışır. Atası yaxınlarda rəhmətə gedib. Qadın anasının çalışdığı məktəbdə ingilis dili müəllimi işləyirmiş. Onun hamilə olduğu bildirilib.

Bundan başqa qəzanı törədən şəxsin sürücülük vəsiqəsi olmayıb və o əvvəllər məhkum edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Ağentliyindən əməkdaşımıza bildirilib ki, 39 saylı marşrut daşıyıcı fiziki şəxsdir:

“Sürücülərin sürücülük vəsiqəsinin olub-olmamasına BNA deyil, Daxili İşlər Nazirliyi nəzarət edir”.

Bəs daşıyıcı şirkət sürücüləri hansı prinsiplər əsasında işə götürməlidir, sürücülük vəsiqəsi olmayanları işə götürmək olarmı?

“Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov bildirib ki, “Yol hərəkəti haqqında” qanunda sürücülüklə bağlı məsələlər öz əksini tapıb:

“İlk növbədə həmin şəxs sürücü olmalıdır. Əgər o şəxsin sürücülük hüququ yoxdursa, ya onu işə götürdün, ya da meşədən ayını işə götürdün. İkisi də eyni şeydir. Qeyd edim ki, işə götürülən sürücünün “D” katoqoriyalı sürücülük vəsiqəsi olmalıdır. İşə götürən daşıyıcı onun həyatı haqqında araşdırma aparmalıdır. Bizim qanunvericiliyə görə, sürücülük hüququ və sağlamlığı qaydası varsa, məhkumluğa görə avtobus sürücüsü kimi işə götürməmək söhbəti yoxdur. Amma burada daşıyıcını kimsə məcbur etmir ki, məhkum olunmuş şəxsi işə götür, yaxud da, götürmə”.

Ərşad Hüseynov qeyd edib ki, daşıyıcı şirkət sürücülərin hər biri haqqında geniş araşdırma aparmalıdır:

“Araşdırma zamanı məhkum olunan şəxs zorakılıq, xuliqanlıq edib, əvvəllər də, yol-nəqliyyat hadisəsi zamanı kimisə öldürübsə, onu işə götürmək olmaz. Amma hansısa ehtiyatsızlıqdan məhkum olubsa, işə götürülməsi qanunlara zidd deyil”.

Qeyd edək ki, sentyabrın 14-də Bakının Yasamal rayonunda 39 saylı sərnişin avtobusu "İnşaatçılar" metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılaraq, 18 saylı avtobusdan düşən, qucağında körpə uşaq olan 29 yaşlı qadını vurub. Günel Əskərova uşağını kənara ataraq xilas edə bilsə də, özü dünyasını dəyişib.


Müəllif: İlhamə Əbülfət