20 Sentyabr 2017 20:21
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, universitetin Analitik kimya kafedrasının professoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi Ekoloji Kimya və Ətraf Mühitin Mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışından sonra tədbir universitetin böyük akt zalında davam edib.

Rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın pedaqoji xidmətlərindən danışıb. O, bildirib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetişdirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf ediblər. Rəfiqə xanım haqda xoş xatirələrini bölüşən rektor onun böyük bir nəslin ən parlaq nümayəndələrindən biri və ən gözəl keyfiyyətlərini özündə birləşdirən ziyalı xanım olduğunu xüsusilə qeyd edib, akademikin məhsuldar elmi-pedaqoji fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb.

Təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, Rəfiqə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb.

Sonda ailə üzvləri adından alimin qızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək tədbirin yüksək səviyyədə təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib.


Müəllif: Könül