24 Oktyabr 2017 15:13
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

131 və 172 saylı avtobus sürücüləri yolda qaydaları kobud şəkildə pozduqları üçün həmin marşrut xəttləri üzrə daşıyıcı şirkət rəhbərləri təcili Bakı Nəqliyyat Agentliyinə (BNA) çağırıldı.

Bunu Teleqraf.com-a açıqlamasında BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüləri müəyyənləşdirib, lazımı tədbirlərin görülməsi ilə bağlı daşıyıcı şirkət rəhbərlərinə tapşırıq verilib: “Diqqətə çatdırılıb ki, bu cür halların təkrarlanmaması üçün sürücülərin təlimatlandırılması işinə nəzarət gücləndirilsin. Bir daha bildiririk ki, sərnişinlərin həyatını birbaşa təhlükəyə atan, qoyulan tələblərə və qaydalara əməl etməyənlərə qarşı BNA-i hər zaman sərt mövqeydə olub”.

Mais Ağayev qeyd edib ki, BNA-i tərəfindən Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı kompleks təbirlərin görülməsi nəzərdə tutulub: “Həmin tədbirlərin icrası nəticəsində bu cür xoşagəlməz halların qarşısı alınmış olacaq”.

Qeyd edək ki, sərnişinlər mediaya Zabrat-Koroğlu yolunda 131 və 172 saylı avtobuslar yolun əks istiqamətində yüksək sürətlə hərəkət etməsi, hər iki avtobus sərnişinlə dolu, qapıları açıq və qapılardan da sərnişinlər sallanması ilə bağlı video yollayıblar.


Müəllif: İlhamə Əbülfət