10 Noyabr 2017 10:03
4 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

…üçüncü mərhələdə Türkiyə “erməni xalqından üzr istəməklə mifik “erməni soyqırımı qurbanlarının” və “tarixi vətənlərindən sürgün edilənlərin” varislərinə böyük məbləğdə təzminat ödəməli olur və “1915-ci ilədək erməni ailələrinə məxsus mülk və torpaq sahələri”, məsələn, “İncirlik” hərbi bazasının, İstanbuldakı Atatürk Beynəlxalq hava limanının, baş nazirin Ankaradakı iqamətgahının – Çankaya köşkünün, Diyarbəkir hava limanının və s. ərazilərini üzərlərindəki tikililərlə birlikdə “tarixi sahiblərinə” qaytarır. Sonuncu, final mərhələsində isə bütün iddialara nöqtə qoyulur: Türkiyənin Şərqi Anadolu və Qara dəniz bölgələrinin 100 min kvadrat kilometrdən çox olan ərazisi qopardılaraq, “Qərbi Ermənistan Respublikası” adı ilə ermənilərə verilir və sonralar bu ərazi “referendum yolu ilə” Ermənistan Respublikasına birləşdirilir…

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər. – red) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

I HİSSƏ

“Erməni məsələsi”: Bir əlində xaç, bir əlində Quran

I.1.Həm yeni, həm də… yenə “erməni məsələsi”

“Hansı mənbədən olursa-olsun, hətta əvvəlki nəsillərdən və ya başqa xalqlardan gəlsə belə, həqiqəti cəsarətlə etiraf etmək lazımdır. Onu axtaran kəs üçün həqiqətin özündən savayı yüksək dəyər yoxdur”.

əl-Kindi

Tarix əslində keçmişin xatırlanması deyil, gələcəyin proqnozudur. Amma feilin keçmiş zamanında yazılır. Lev Trotski 1912-ci ildə yazdığı “Türkiyənin çürüməsi və erməni məsələsi” məqaləsində bu mövzunun böyük dövlətlərin əlində alət olduğunu vurğulayaraq bildirmişdi: “Erməni məsələsi yenidən canlanır. Əslində, o, heç vaxt ölməmişdi, ancaq müvəqqəti olaraq arxa plana keçmişdi”.

Bütövlükdə müasir “erməni məsələsi” əsasən “4T” formulu əsasında qurulmuşdur və bu gün də onun dörd prinsipi üzrə icra etdirilməkdədir: Tanıtma, Tanınma (Təsdiqləmə), Təzminat, Torpaq. Birinci mərhələdə həm təbliğat imkanları, həm də müxtəlif aksiyalar vasitəsilə, məsələn, terror aktları törətmək yolu ilə “erməni problemi”nin, “erməni iddiaları”nın mövcudluğu ictimai şüura təlqin olunur, tanıdılır, gündəmdə saxlanılır və ictimai şüurda möhkəmləndirilir. İkinci mərhələdə qondarma “erməni soyqırımı”, “Böyük Ermənistan və Birləşmiş Ermənistanın itirilmiş əraziləri”, “əzabkeş erməni xalqı” kimi siyasi miflər üzərində qurulan saxta iddialar dünya dövlətləri tərəfindən etiraf olunaraq rəsmi şəkildə təsdiqlənir. Bununla da Ermənistan tərəfdaşları ilə birlikdə Türkiyəni beynəlxalq qınaq və təzyiq obyektinə çevirir, rəsmi Ankaranı “erməni məsələsi”nin bütün vektorlarını, o cümlədən qondarma “erməni soyqırımı”nı tanımağa, əks halda isə regionda geosiyasi maraqları olan fövqəldövlətlərin “tövsiyələrini” qəbul etməyə məcbur edir. Hər iki mərhələnin icrasından sonra – üçüncü mərhələdə Türkiyə “erməni xalqından üzr istəməklə mifik “erməni soyqırımı qurbanlarının” və “tarixi vətənlərindən sürgün edilənlərin” varislərinə böyük məbləğdə təzminat ödəməli olur və “1915-ci ilədək erməni ailələrinə məxsus mülk və torpaq sahələri”, məsələn, “İncirlik” hərbi bazasının, İstanbuldakı Atatürk beynəlxalq hava limanının, baş nazirin Ankaradakı iqamətgahının – Çankaya köşkünün, Diyarbəkir hava limanının və s. ərazilərini üzərlərindəki tikililərlə birlikdə “tarixi sahiblərinə” qaytarır. Sonuncu, final mərhələsində isə bütün iddialara nöqtə qoyulur: Türkiyənin Şərqi Anadolu və Qara dəniz bölgələrinin 100 min kvadrat kilometrdən çox olan ərazisi qopardılaraq, “Qərbi Ermənistan Respublikası” adı ilə ermənilərə verilir və sonralar bu ərazi “referendum yolu ilə” Ermənistan Respublikasına birləşdirilir…

Bu gün siyasətdə, tarixşünaslıqda və etnoqrafiyada gündəmə gətirilən saxta erməni iddiaları isə bunlardır:

Osmanlı dövləti və müasir Türkiyə Respublikası qədim Ermənistan ərazilərində qurulmuşdur. Türklər – oğuzlar, qıpçaqlar, səlcuqlular, qaraqoyunlular, ağqoyunlular, osmanlılar, səfəvilər və s. Ermənistanı işğal edərək erməni xalqının tarixi ərazilərini əlindən alıblar;

türklər vaxtilə bu ərazidə dominant xalq olan xristian erməniləri və ermənilərə aid etnik qrupları dini mənsubiyyətlərinə görə millətlərə bölmüş, böyük hissəsini zorən islamlaşdırmış, türkləşdirmiş və ya kürdləşdirmişlər. Naxçıvan və Qarabağın erməni əhalisi də bu aksiyaya məruz qalmışdır;

türklər 1877-1878-ci illər rus-türk müharibəsindən sonra ermənilərə qarşı sistemli cəza aksiyalarının tətbiqinə başlamış, 1915-ci ildə isə onlara qarşı soyqırımı aksiyaları törətmişlər;

“erməni soyqırımı” nəticəsində öldürülənlərin sayı 1,5 milyon nəfərdən çoxdur. Bundan başqa, 1,5 milyondan 4 milyon nəfərədək erməni zor gücünə islamlaşdırılmış, onların etnik mənsubiyyəti dəyişdirilmişdir;

1915-ci il hadisələrində “Qərbi Ermənistanın” avtoxton əhalisi olan ermənilərə təqribən 14,6 milyard ABŞ dolları, Ermənistan Respublikasının əhalisinə isə 4,6 milyard ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur;

Türkiyə 1915-ci il erməni soyqırımını tanımalı, zərər çəkmiş insanların varislərinə ümumi məbləği 100 milyard ABŞ dollarından çox olan təzminat (daşınmaz əmlakın dəyəri də daxil olmaqla) ödəməlidir;

1920-ci ilin avqust ayının 10-da bağlanmış Sevr sülh müqaviləsinin və ABŞ Prezidenti Vudro Vilsonun arbitraj planının tələbləri birmənalı olaraq icra edilməli, Türkiyə-Ermənistan sərhədləri həmin plan üzrə yenidən müəyyənləşdirilməli, Şərqi Anadolu, Qara dənizin şərq sahilləri, Cavaxetiya (Gürcüstan) və Naxçıvan (Azərbaycan) daxil olmaqla “Qərbi Ermənistan” əraziləri ermənilərə (Ermənistana) qaytarılmalıdır.

Qərb və Türkiyədəki qərbmeyilli qruplar, Ermənistandan göndərilən çoxsaylı emissarlar da bu iddiaların reallaşdırılması, ölkədə etnosiyasi və etnodini qarşıdurmalar üçün əlverişli şəraitin yaradılması məqsədilə burada intensiv siyasi fəaliyyət göstərməkdədilər. Məlumdur ki, fövqəlgüclərin geosiyasi və geoiqtisadi maraqlarının ödənilməsinə qarşı ən dayanıqlı “immunitet” möhkəm dayaqlara malik olan milli dövlətçilik sistemidir. Beynəlxalq təcrübəyə əsasən, fövqəldövlətlərin həmin müqaviməti neytrallaşdırması üçün sınanmış “yumşaq güc” vasitələrindən biri bu ölkələrdə “yeni demokratik ənənələrin”, eksperiment xarakterli siyasətlərin tətbiqi ilə etnik və dini münasibətlərdə tarixən formalaşmış tarazlığı pozmaqdır. Belə ki, Qərbin belə dövlətlərə ixrac etdiyi multikulturalizm siyasəti variantı da mahiyyət etibarilə bir dövlətin siyasi, iqtisadi, sosial, mədəni (etnik, dini) dayaqlarının, son nəticədə mövcud hakimiyyətin siyasi iradəsinin zəiflədilməsinə istiqamətləndirilmişdir.

Qərbin zərərli multikulturalizm konsepsiyasının Türkiyə variantının – uğursuz və sonralar dayandırılmış “demokratik açılım” siyasətinin tətbiqi nəticəsində burada süni etnomədəni problemlərin yeni dalğası formalaşmağa başlamışdı. Səbəb kimi isə iki amili göstərmək olar. Birinci amil Türkiyənin son dövrlərdə iqtisadi-siyasi sahələrdə qazandığı uğurlara, çoxvektorlu xarici siyasətinin effektivliyinə, onun fövqəldövlətlərlə münasibətində hüquq bərabərliyini əsas prinsip kimi götürməsinə, Avropa ölkələri ilə yanaşı islam və türk dünyası ilə əlaqələrinin genişlənməsinə, Yaxın Şərq münaqişələrinin həllində, transsərhəd enerji nəqlində müstəqil geosiyasi oyunçu olmaq səylərinə Qərbin qısqanclığı və sərt reaksiyası ilə bağlıdır. Bunun məntiqi davamı olan ikinci amil isə Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi məqsədilə ölkədə liberal islahatlara, o cümlədən Qərbin yeritdiyi mültikulturalizm – “demokratik açılım” prosesinə başlanılması ilə xarici ideoloji təsirlərə əlverişli şəraitin yaradılması və ölkədə etnik-dini tarazlığın pozulmasına yönəlik fəaliyyətin genişləndirilməsidir.

Bu baxımdan, Almaniyanın və Fransanın nümunəsində Qərbin multikulturalizm siyasəti variantlarının Türkiyədə tətbiqi səyləri dövlətçiliyin, demokratik prinsiplərin, milli birliyin möhkəmləndirilməsinə deyil, burada tarixi ənənələrə malik olan və müxtəlif mədəniyyətlərin təbii adaptasiyasına əsaslanan polikultural cəmiyyətin zəiflədilməsinə və “etnomədəni muxtariyyətlər” ideyasının ictimai şüura nüfuz etdirilməsinə, etnik inteqrasiyanın deinteqrasiya ilə əvəzlənməsinə yönəldilmiş planlı fəaliyyət kimi dəyərləndirilməlidir. Yerli şəraiti – ortaq mədəniyyəti, formalaşmış etnik münasibətləri, dominant xalqın və dinin cəmiyyətdəki birləşdirici rolunu və s. istisna edən bu hərəkətlər nəticəsində Türkiyəyə tarixən xas olan polikultural yaşam tərzinə – xalqların və dinlərin tarixən birgəyaşayışına və mədəniyyətlərin qarşılıqlı mübadiləsi prosesinin yerinə “etnik açılım” kodu ilə Qərbin multikulturalizm siyasəti modelinin gətirilməsi son nəticədə “etnik və dini azlıqların mədəni-siyasi hüquqlarının müdafiəsi” adı altında həmin qruplar arasında fərqləri qabartmış və onları siyasiləşdirmişdir.

Mustafa Kamal Atatürkün dövlətçilik prinsiplərinin Türkiyədə etnik və ya dini zəmində hər hansı bir bölücülük fəaliyyətini, təbliğatı və siyasi təşkilatlanmanı qadağan etməsinə baxmayaraq, son illər bu ölkədə baş verən radikal mərkəzdənqaçma, açıq separatizm meyilləri, xüsusilə də dövlətin və cəmiyyətin parçalanmasına yönəldilmiş xarici təhdidlərin təsiri altında “etnik kimlik” məsələsi aktuallaşaraq ölkənin növbəti siyasi problemi səviyyəsinə qalxmışdır. Həmin təhdidlər nəticəsində “müsəlman” kimi deyil, “müsəlmanlaşdırılmış” və ya “islamlaşdırılmış” ermənilər məsələsi də daxili etnik-dini münasibətlər çərçivəsindən çıxarılaraq, Türkiyə cəmiyyətinin mürəkkəb mövzularından biri həddinə çatdırılmışdır. Bundan başqa, daxili etnomədəni münasibətlərin tənzimlənməsində multikulturalizm konsepsiyasının müxtəlif variantlarını tətbiq etmiş ABŞ və Avropa dövlətlərinin təcrübəsindən bəhrələnən Türkiyə “etnik açılım” layihələri ilə bir daha təsdiqlədi ki, bu siyasət formalaşmış vətəndaş cəmiyyətində etnik və dini qrupların mərkəzdənqaçma prosesini, separatizm meyillərini sürətləndirir, “etnik və dini azlıqların mədəni-siyasi hüquqlarının müdafiəsi” adı altında həmin icmalar arasında fərqləri kəskinləşdirir, siyasiləşdirir, bütövlükdə milli dövlətçiliyə ciddi hüquqi-siyasi təhdidlər yaradır.

(Ardı var)


Müəllif: Teleqraf.com