21 Fevral 2018 19:11
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yol təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev agentliyin media ilə yaxından əməkdaşlıq etdiyini bildirib: "Sizlər media nümayəndələri olaraq Agentliyinin fəaliyyətinə diqqət yetirirsiz. Tənqidi materiallara da rast gəlirik. Bəzi nöqsanlar, problemlər barədə mətbuatda əks olunan obyektiv, qərəzsiz yazılar bizləri daha məsuliyyətli çalışmağa sövq edir".

Əvəz Qocayev qeyd edib ki, bəzən mətbutdan tamamilə uzaq adamlar reketçiliklə məşğul olaraq KİV-in adına ləkə gətirir: "Təbii ki, biz Avtomobil Yolları Dövlət Agentliyi olaraq bu kimi media nümayəndələri ilə əməkdaşlıqdan uzaq dururuq. Amma qərəzsiz, jurnalistika ilə məşğul olan media qurumları ilə yaxından əməkdaşlıq edirik və bundan sonra da bu əməkdaşlıq davam edəcək. Çünki bizim gördüyümüz işləri cəmiyyətə onlar çatdırır,".

Əvəz Qocayevin çıxışından sonra Avtomobil Yolları Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edən KİV-lər qurum tərəfindən təltif olunub.


Müəllif: İlhamə Əbülfət