Teleqraf.com Əhməd bəy Ağaoğlunun xatirələrinin davamını təqdim edir:
***
Tiflisdə
1887-ci ildə məktəbin 6-cı sinfini bitirdim. Son yeddinci sinfi Tiflisdə bitirməyə qərar vermişdim.
Bu qərarıma səbəb Qafqaz şeyxülislamının oğlu Nəsir bəy idi. Nəsir bəy Tiflis gimnaziyasını bitirib, Peterburqda hüquq fakultəsində tələbəydi. Özü qarabağlı idi və yay tətilini keçirmək üçün Qarabağa gəlmişdi. Ailə dostu idi, görüşürdük. Tiflisi çox mədh etdi, məni aldatdı. Əmim, atam razı olmadılar. Qaçmağa qərar verdim və Nəsirlə qaçdım. Əmim Əli bəy arxamızca Tiflisə gəldi. Məni bir gürcü ailəsinə yerləşdirərək geri döndü.
Rusiyadakı fikri və siyasi cərəyanlar Tiflisdə mərkəziləşmiş tərzdə idi. Burada gizli rus təşəkküllərinin şöbələri də vardı. Onsuz da gürcü münəvvərləri (ziyalıları – D.Ə) daha o zamandan bu cərəyan və təşəkküllərin ön sıralarında gəlirdilər. Həqiqətdə gürcülər heç bir zaman müqəddəratlarını ruslarınkından ayırmaq istəməzlərdi. Türk və İran qorxusu onları rusların qucağına atmışdı, onlar da ruslarla bərabər çalışırdılar.
Ümumiyyətlə, gürcü əsilzadələri hərbi xidmətə daxil olaraq rus sarayında yüksək məqamlarda özləri üçün yer tapırdılar. Münəvvər gürcü burjuaziyası və fəhləsi isə rus burjuaziyası və fəhləsi ilə birlikdə hərəkət edərdi. Tiflis bu hərəkatların çox canlı bir mərkəzi idi.
Daşnak və Hnçak komitələri hələ o zamandan burada əlaqələr qurmuşdu, fəaliyyətə keçmişdilər. Yalnız müsəlmanlar, türklər, ləzgilər, osetinlər, çərkəzlər, kobanlılar və s. istisnasız “çarlığın sadiq bəndələri” idilər! Aralarında heç bir hərəkət yox idi. Onsuz da yetişdirdikləri münəvvərlərin sayı onu keçməzdi!
Buna rəğmən, Tiflis ümumqafqaz müsəlman bəylərinin daimi bir görüş yeri idi. Fəqət onlar buraya Tiflisin malik olduğu həqiqətən zəngin kültür müəssisələrindən, teatrından, operasından, kitabxanasından və sairəsindən istifadə etmək üçün deyil, bu şəhərin eyni zamanda olduqca zəngin və çeşidli əyləncə yerlərindən bəhrələnmək üçün gələrdilər. Təbii ki, bu əyləncə həyatı çox bahalı olurdu. Bir çox böyük müsəlman ailələri bu sel kimi sərfiyyata dözə bilmir, əllərindəki əraziləri və çiftlikləri satmaq məcburiyyətində qalırdılar. Bu hal yaxın bir gələcəkdə mühüm ictimai məsələ şəklini alacaq, mənim həyatıma da təsirsiz ötüşməyəcəkdi.
Hələlik təbii olaraq mən bu kimi məsələlərlə məşğul deyildim. Girdiyim Tiflis məktəbinin yeddinci sinfini müvəffəqiyyətlə bitirməyə çalışırdım.
Tiflis Şuşadan bambaşqa yer idi. Burada türk, ümumiyyətlə, müsəlman çox az idi. Hələ girdiyim məktəbdə bir nəfər də yoxdu.
Hər bazar günü şeyxülislamı ziyarətə gedərdim. Şeyxülislamın evi və rəsmi idarəsi eyni binanın içində idi. Onun düz qarşısında küçənin digər tərəfində müftinin evi və idarəsi vardı. Şeyxülislamlıq idarəsinin qapısının üstündə rusca və türkcə bu sözlər yazılmışdı: “Əli təriqətinə mənsub Qafqaz müsəlmanlarının dini idarə binası!”
Müftinin binasının üzərinə də belə yazılmışdı: “Ömər təriqətinə mənsub Qafqaz müsəlmanlarının dini idarə binası!”
Əli təriqəti, Ömər təriqəti! Nə əcaib bir şey! Heç eşitmədim! Mənim bildiyim şiə və sünni var. Əcəba, Əli və Ömər təriqətləri də başqa şeylərdir?
Beynim qurcalandı, amma çox məşğul olmadım. O zaman şəhərin müsəlmanlarının məskunlaşdığı qisminə verilən ad məni daha çox maraqlandırdı. Buraya Şeytanbazar deyirdilər. Niyə? Nəyə görə? Qəribəsi budur ki, burada yaşayanlardan “harada yaşayırsınız” soruşulduğu zaman “Şeytanbazarda” deyə cavab verərdilər.
Həqiqətən də, bura şəhərin digər tərəflərindən tamamən ayrı bir yer idi. Küçələri dar və pis idi. Evləri, dükanları kiçik, kasıb və baxımsız idi. İnsanların üst-başları da digərlərinə nisbətən intizamsız idi. Üstəlik şəhərin digər tərəfində yaşayanlar bu tərəfə gəldikləri zaman özlərini yuxarıdan aparırdılar. Buradakılara hörmətsiz davranır, buradakılar da onlara qarşı axmaq və miskin vəziyyətə düşürdülər. İlk dəfə idi ki, mən iki insan kütləsinin yan-yana yaşadıqlarını, fəqət qarışmayaraq və bir-birilərinə qarşı “yuxarı və aşağı” vəziyyət aldıqlarını gördüm. Çox yaxşı xatırlayıram, bu ilk müşahidə beynimi qurcalamış, ürəyimi bulandırmışdı. Fəqət hadisəni təhlil edərək izah edəcək səviyyədə olmadığım üçün bununla çox məşğul olmadım.
Məktəbdə sinif yoldaşlarım gürcü, rus, erməni və bir neçə də əcəmdən ibarət idi.
Tiflisin çoxlu teatrı, operası, kitabxanası, əyləncə bağları vardı. Gimnaziyanın son sinif tələbələri belə şeyləri ötürməzdilər. Bunlar artıq ali məktəbin qapısına gəlmiş sayıldıqları üçün sərbəst hərəkət edirdilər və hər yerdə hörmət və məhəbbətlə qarşılanırdılar. Hələ teatrların və operanın son mərtəbəsinin balkonları onların xüsusi malı idi. Səhnəyə qoyulan yeni pyeslərin və aktyorların taleyi onların əlində idi. Mühafizəkar aktyorlara və mühərrirlərə üz verməzdilər. Bununla yanaşı Tiflisdə hələ o zaman Rusiyadakı inqilabi hərəkatların mühüm təbəələri vardı. Buna əlavə olaraq, bir də gürcülərin və ermənilərin təşəkkülləri vardı. Təkcə müsəlmanlar və türklər bütün bu hərəkatların xaricində qalmışdılar və çarın sadiq bəndələrindən sayılırdılar.
Məktəbin son sinif tələbəsi bu gizli təşəkküllərə mənsubdu. Dostlarım məni də gizli cəmiyyətlərə aparmağa başladılar. İlk getdiyim cəmiyyət bir xalqçı Narodnik cəmiyyətinin şöbəsində idi. Peterburqdan gələn biri cəmiyyətin fəaliyyəti haqqında izahat verirdi. Uzun saçlı, iri eynəkli, sivri saqqallı bu şəxsin üstümdə buraxdığı təsirin gücünü təsvir edə bilmirəm. Vaxtilə axundları və mollaları dinlədiyim istək ilə indi bu şəxsi dinləyirdim. O, danışdıqca nəzərimdə yüksəlir, göylərə ucalır, səsi də mənə xətibin sədası kimi gəlirdi. Ah, axundlar nədən bəhs edirdi, bunlar nədən bəhs edirlər! İki aləm arasındakı fərq bütün varlığımı sarsıtdı, məni mənən digərindən ayırmaq üçün ən güclü zərbə oldu. Xətib xalqdan, xalqın iztirablarından, sıxıntıdan, istibdaddan, canişinlərin amansızlıqlarından, torpaq sahiblərinin mərhəmətsizliklərindən bəhs edir, qarşılarındakını istibdadla mübarizə aparmağa, xalqın köməyinə qaçmağa dəvət edirdi. Eyni zamanda xətib praktik fəaliyyət göstərən dostlardan bəzilərinin hökumətin pəncəsinə keçdiklərini, sıxıntı içində olduqlarını, özlərinə yardım edilməsi lazım gəldiyini əlavə etdi. Dərhal bir siyahı tutuldu, hər kəs verdi.
İştirak etdiyim bu ilk gizli cəmiyyət bütün mənəvi həyatım üzərində qəti təsir edən hadisələrdən biridir.
Məktəbdə təhsilim və müvəffəqiyyətim yolunda idi. Tək bir türk-müsəlman olduğum üçün hər kəsin diqqətini cəlb edirdim. Təftiş üçün gələn bütün yüksək məmurlar məni “yoxlamadan” getməzdilər. Bu ümumi etina və diqqət bir tərəfdən ürəyimi sıxır, digər tərəfdən də izzəti-nəfsimi oxşayırdı, məni çox çalışmağa sövq edirdi. Hələ məktəb müdirinin məni bir zəngin erməni ailəsinə tövsiyə etməsi qürur vermişdi. Bu zəngin ailənin mən yaşda bir qızı yeddinci sinif tələbəsi olaraq geometriya və cəbrdə çox zəif imiş, atası məktəbin müdirinə müraciət edərək qız üçün bir yardımçı istədiyində, riyaziyyat müəllimi olan müdir də məni tövsiyə etmişdi. Erməni ata əvvəlcə heyrət etmiş, sonra qəbul etmişdi! Bütün məktəb və hətta bütün maarif mühiti üçün bu bir hadisəyə çevrilmişdi: “Məktəb müdiri heç kimi tapmadı, bir türkü tövsiyə etdi?!” deyə danışırdılar.
Kömək edəcəyim qızın evi Tiflisin ən aristokratik qismində idi. İlk getdiyim gün bütün ailəsini bir çox dostları ilə bərabər bir stol arxasında gördüm. Hamısı mənim nə cür insan olduğumu görmək üçün toplanmışdılar. Təbii ki, çox sıxıldım, fəqət özümü itirmədim. Soruşduqları suallara tələsmədən cavab verdim, zənn edirəm ki, yaxşı təəssürat oyatdım. Anlaşıldı ki, ailə özü də qarabağlı imiş, qızın atası mənim böyük əmimi tanıyırmış!
Çay içdikdən sonra qızla bərabər yandakı otağa getdik. Adı Siranuş olan bu qız hündürboy, şişman, erməni tiplərindən mükəmməl bir nümunə idi. Üzərində rus gimnaziyalarının qəhvəyi rəngdə önlüyü vardı. Ruscası mənimkindən mükəmməl idi.
(Davamı var)