26 Aprel 2018 12:54
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-4 tarixlərində Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçiriləcək.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, konfransda 25 ölkədən 150 nümayəndənin iştirakı gözlənilir.

Toplantının açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet iştirak edəcək.

Məruzəçilər sırasında Səlahiyyətli İqtisadi Operator (SİO) proqramının dünya üzrə lideri Lars Karlsson da olacaq. Tədbirə gömrük orqanları, logistika və nəqliyyat şirkətlərinin nümayəndələri qatılacaq.

SİO konsepsiyası Ümumdünya Gömrük Təşkilatı tərəfindən təqdim edilən gömrük-biznes əməkdaşlığına əsaslanır. SİO meyarlarına könüllü şəkildə riayət edən ticarətçilər təchizat zəncirinin təhlükəsizliyi üzrə ümumi məqsədə nail olmaq üçün gömrük orqanları ilə əməkdaşlıq edirlər. Gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət olunması sahəsində təcrübəyə malik və iqtisadi fəaliyyət üzrə heç bir hüquqpozmaya yol verməyən, müvafiq təhlükəsizlik və mühafizə tədbirlərini təmin edən, məlumatların qeydiyyatı üzrə qənaətbəxş sistemə və maliyyə imkanlarına malik şirkətlərə gömrük xidməti tərəfindən SİO sertifikatları verilir.

Səlahiyyətli İqtisadi Operatorlar gömrük prosedurları ilə bağlı imtiyazlardan yararlanmaq hüququ əldə edirlər. Beynəlxalq təchizat zənciri təhlükəsizliyinin gücləndirilməsi və qanuni ticarətin asanlaşdırılması məqsədi daşıyan SİO proqramı təchizat zəncirinin bütün iştirakçıları üçün açıqdır.

Konfransın proqramına yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına tanışlıq səfəri də daxildir.


Müəllif: İlhamə Əbülfət