13 May 2014 19:44
456

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanda iştirak edən abituriyentlərin nəticələrini açıqlayıb. Qeyd edək ki, imtahan əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilib.

TQDK-dan Teleqraf.com-a verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə, öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər.

TQDN xəbər verilib ki, imtahanda iştirak etmək üçün sənəd vermiş 18302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

NİGAR


Müəllif: Teleqraf.com