15 May 2014 10:33
647

Təhsil Nazirliyi daha iki ali məktəbdə təqdimat keçirdi

Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında “SABAH” qrupları ilə əlaqədar təqdimat keçirib. Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Təqdimatda bildirilib ki, SABAH qrupları öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açır. SABAH qruplarına daxil olan tələbələr həm yüksək səviyyəli təhsil almaq şansı qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaq.

SABAH təqaüdləri

Dövlət sifarişi ilə və ya ödənişli təhsil almasından asılı olmayaraq, SABAH qruplarında oxuyan bütün tələbələr SABAH təqaüdləri alacaqlar.

Sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə artırır. Bunu nəzərə alaraq, SABAH qruplarında tələbələrin istəklərinə uyğun çevik tədris proqramı tətbiq olunacaq. Təhsil müddətində xarici ölkə universitetləri ilə mübadilələr, əsas işəgötürənlərlə mütəmadi əlaqələrə böyük önəm veriləcək.

Ana dili ilə yanaşı, ingilis dilini də mükəmməl öyrənəcəklər

SABAH qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək.
Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.

SABAH qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla 52 ixtisası əhatə edəcək. Hər bir ixtisasın SABAH qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək.

İqtisadiyyat ixtisaslı “SABAH”çılar yalnız İqtisadiyyat Universitetində təhsil alacaq

Nümunə : “İqtisadiyyat” ixtisası Azərbaycanın paytaxtı və bölgələrini əhatə edən 20 ali təhsil müəssisəsində tədris olunur. Bu ixtisas üzrə baza məktəb kimi Azərbaycan Dövlət İqtisad Universiteti seçilib. “İqtisadiyyat” ixtisası üzrə SABAH qrupuna düşmək üçün seçim mərhələlərinə qatılan ən yaxşı 25 tələbə seçiləcək və Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülərək təhsillərini burda davam etdirəcəklər.

Sabah qrupuna tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. SABAH-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir – iyunun 12-dək www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər SABAH qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər.

Seçilmiş tələbələrə keyfiyyətli müəllimlər dərs deyəcək

SABAH qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq

Qeyd edək ki, Azərbaycan Dövlət Pedoqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi olmaqla 3 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Azərbaycan Dövlət Neft Akademiyasında isə SABAH qrupları neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, elektroenergetika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edəcək.

SABAH qrupları ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq.

Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.

NİGAR


Müəllif: