13 Fevral 2015 04:33
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşəbbüsü, Sofiya Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr edilmiş Azərbaycanın klassik musiqisindən ibarət konsert təşkil edilib.

“Qarabağın musiqi çələngi” adlanan konsert proqramını “Nadejda” Bələdiyyə Mədəniyyət İnstitutunda Bolqarıstanın məşhur dirijoru, üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Kiril Lambovun rəhbərliyi ilə Sofiya simfonik orkestri təqdim edib. Giriş sözü söyləyən Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov konsertin təşkilatçılarına təşəkkürünü bildirərək, qonaqlara Qarabağ haqqında ətraflı məlumat verib.

Zəngin və qədim mədəniyyətə malik olan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayan səfir bu diyarın ürəyi sayılan Şuşa şəhərinin Qafqazın konservatoriyası adlandırıldığını və bir çox dünya şöhrətli Azərbaycan bəstəkarları, müğənniləri və musiqiçilərinin vətəni olduğunu diqqətə çatdırıb.

Onların sırasında dahi bəstəkar, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin, opera müğənnisi Bülbülün, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin, Fikrət Əmirovun, Niyazinin, xanəndələr Seyid və Xan Şuşinskilərin, Cabbar Qaryağdıoğlu, Zülfü Adıgözəlov və başqalarının adını çəkib.

Səfir qeyd edib ki, bu dahi şəxsiyyətlərin vətəni olan Şuşa, eləcə də Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon 20 ildən çoxdur erməni işğalı altındadır. İşğal nəticəsində bir milyondan çox insan məcburi köçkünə çevrilib, on minlərlə azərbaycanlı öldürülüb, Xocalı şəhərində dəhşətli soyqırımı törədilib. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, bu qətnamələrə əməl olunmur.

Sonra dirijor K.Lambov Azərbaycanın məşhur “Laçın” xalq mahnısı əsasında bəstələdiyi improvizasiyasını, "Azərbaycan-Bolqar dostluğunun inkişafına kömək” İctimai Birliyinin sədri, “Akord” beynəlxalq jurnalının baş redaktoru Mariya Atanasovanın “Anaların göz yaşlarını silin” şerinə bəstələdiyi musiqini, sözləri Bolqarıstan şairi və jurnalisti Qerqana Dvoretskayaya məxsus “Qafqazın qızılgülü” simfonik əsərini, habelə Fikrət Əmirovun “Şur” simfonik muğamını və Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentləri təqdim edib.

200-dən çox tamaşaçının izlədiyi konsertdə hər bir musiqi nömrəsi hərarətli alqışlarla müşayiət olunub. Konsertdən sonra tamaşaçılara öz minnətdarlığını bildirən K.Lambov bu alqışların arxasında bolqar xalqının dərin musiqi zövqü ilə yanaşı, Azərbaycan musiqinin əsrarəngiz gözəlliyinin dayandığını bildirib. Tədbirin sonunda səfirlik tərəfindən tərəfindən təşkil olunmuş fotosərgi nümayiş etdirilib.

Qonaqlar arasında Bolqarıstan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Xalq Məclisinin və nazirliklərin məsul işçiləri, müxtəlif siyasi partiyaların təmsilçiləri, ziyalılar, aparıcı KİV-in nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri olub.


Müəllif: