19 Fevral 2015 11:26

Azərbaycan Mətbuat Şurasının Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyi ilə birgə reallaşdırdığı Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramının (TAMEP) icrası davam etdirilir.

Teleqraf.com-un məlumatına görə, layihə çərçivəsindəki növbəti tədbir 2014-2015-ci tədris ilində ali məktəblərin jurnalistika fakultələrinə qəbulda ən yüksək nəticə göstərmiş on tələbənin Türkiyəyə səfərinin gerçəkləşdirilməsi olub. Qardaş ölkənin media təcrübəsi ilə tanışlıq məqsədi daşıyan səfər fevral ayının 8-14-ü aralığında baş tutub. Bakı Dövlət Universitetinin tələbələrindən ibarət heyətə rəhbərliyi sözügedən ali təhsil ocağının jurnalistika fakultəsinin dekanı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Şamil Vəliyev və universitetin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova həyata keçirib.

Səfər çərçivəsində tələbələr TİKA-da, TRT-də, TRT Ankara radiosunda, TRT muzeyində (9 fevral), Anadolu Agentliyində (10 fevral), Ankara Qazi Universitetinin jurnalistika fakültəsində (12 fevral), həmçinin “Haber 7”, “Yeni Şafak”, “Sabah” qəzeti (13 fevral) kimi nüfuzlu media qurumlarında təlim-təcrübə proqramlarına qatılıblar. Onlara Türkiyənin kütləvi informasiya vasitələrinin spesifik iş xüsusiyyətləri barədə geniş məlumatlar verilib, ölkənin media industriyası üçün xarakterik cəhətlərin təhlili aparılıb, habelə yeni media ənənələrinin formalaşmasındakı konkret məqamlardan söz açılıb.

Qeyd edək ki, 2014-cü ilin mart ayında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatoru Mustafa Haşim Polat və koordinator müavini İsmail Gürlek ilə görüşü zamanı da BDU-nun jurnalistika fakültəsinin infrastrukturunun və tədris proqramlarının yenilənməsi məsələləri müzakirə olunub, bu məqsədlə planlaşdırılan layihə barədə ictimaiyyətə məlumat verilib.

TAMEP layihəsi çərçivəsində indiyədək bir sıra tədbirlər gerçəkləşdirilıb. Bu baxımdan Bakıda 2014-cü ilin dekabrında Bakıda baş tutmuş “Türkiyə-Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusundakı konfransı qeyd etmək mümkündür. Azərbaycan Mətbuat Şurası və TİKA ilə yanaşı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, TRT-nin və Anadolu Agentliyinin Bakı nümayəndəliklərinin birgə əməkdaşlığı ilə baş tutmuş konfransın Türkiyədən olan iştirakçılarının Qubada şimal regionunda fəaliyyət göstərən media orqanlarının nümayəndələri ilə görüşü keçirilib, qonaqların Quba Soyqırımı Memorial Kompleksinə və toplu məzarlığa ziyarəti gerçəkləşdirilib.

TAMEP çərçivəsində həmçinin Türkiyəyə daha iki səfər də reallaşdırılıb. Bunlardan birində Azərbaycan KİV-lərində çalışan texniki personal təcrübə kursu keçib və əsasən TRT təcrübəsinə nəzər salınıb. Digər səfər zamanı isə əsasən Anadolu Agentliyinin onlayn yayımçılıq sahəsindəki iş prinsipləri ilə tanışlıq aparılıb, mövcud istiqamətdə dünyada tətbiq edilən təcrübə öyrənilib.

Naibə QURBANOVA


Müəllif: