4 Mart 2015 14:49
2 822

Samir Məmmədov: "Oğlan və qızları agentliyə qəbul edəndə öncə xarici görkəminə diqqət yetiririk"

"Əgər sən də özünü yüksək moda və model biznesində görmək istəyirsənsə, o zaman bizə qoşul. Azərbaycanda ən yüksək səviyyəli, ilk və yeganə "Fashion and model" təhsilini yalnız "High Life Fashion and Model Academy"də ala bilərsiniz".

Bu, Azərbaycanda fəaliyyət göstərən model agentliklərindən birinin elanıdır. Adıçəkilən şirkətə zəng vurub onların fəaliyyəti və ölkədə model biznesinin durumu barədə məlumat almaq istəyimizi bilincə, sözü bir qədər dəyişib, səhnə mədəniyyəti, fotoqraflıq, aktyorluq və digər sahələr üzrə təhsil verdiklərini dedilər.

Əlaqə saxladığımız "Life" adlı model agentliyindən də oxşar cavab aldıq. "Delorean" Model Agentliyinin əməkdaşı Samir Məmmədov isə şərtlərini açıqladı. O, agentliyə qəbul etdikləri qız və oğlanların əsasən xarici görünüşünə diqqət yetirdiklərini və bundan sonra onlara "master-klass" keçdiklərini dedi.

Müsahibimizdən modellərin fəaliyyətinin nədən ibarət olduğunu soruşduq: "Bizim gənc, cazibədar model oğlan və qızlarımız var, reklam çarxlarına çəkilə, şou proqramlara, verilişlərə qatılmaqla yüksək reytinq qazandıra bilərlər. Bundan başqa, iri ticarət mərkəzlərndə, super marketlərdə hansısa məhsulun uğurlu reklam təqdimatını apara bilərlər".

Samir Məmmədov Azərbaycanda olmasa da, xaricdə hətta geyim mağazalarında paltarları da canlı modellərin nümayiş etdirdiyini deyir: "Ona görə də xaricdə model biznesi var və bu, oturuşmuş bir sahəyə çevrilib.

Məsələn, Türkiyədə model agentlikləri çox vaxt aldıqları sifarişləri çatdıra bilmir. Bizdə isə əksinə, elanlar veririk, təklif edirik ki, bizim xidmətimizdən faydalansanız, işiniz üçün uğurlu olar".

"Gəlirli olmaması bu sahəni inkişafdan saxlayır"

"Delorean" Agentliyinin modeli Elmina Qafarovadan isə qazancı barədə soruşduq. Müsahibimiz gəlirinin ancaq podium və çəkilişlərdən gələn qonorardan ibarət olduğunu dedi. Bu isə təxminən 500-1000 manat eləyir: "Bu, hazırkı model sənəti üçün normal qazanc sayıla bilər, çünki bizdə bu sahədə gəlir çox azdır. Baxmayaraq ki, sifarişlərim olur... Şəxsən mən reklam üçün marketlərdən təklif alıram, amma Avropada bu işə görə külli miqdarda qonorar ödənilir".

Sual yaranır, həqiqətən də, bizim modellərin Adriana Lima, Keyt Moss kimi tanınmış modellərdən nəyi əskikdir ki, onlara bir çəkilış üçün yüz min dollarlar ödənildiyi halda, bizdə bu rəqəm min manatdan o yana getmir?

Mütəxəssislər model biznesinin moda jurnallarının, agentliklərin, fotostudiyaların inkişafından asılı olduğunu deyirlər. Bundan başqa, ölkədə fəaliyyət göstərən iri şirkətlər də reklamlar üçün model xdimətindən istifadəyə maraq göstərmədiklərindən bu sahə zəif inkişaf edib. Nüfuzlu şirkətlər çox zaman dünyaca məşhur modellərə müraciət edir ki, bu da yerli modellər tərəfindən birmənalı qarşılanmır.

Elmina Qafarova deyir ki, gəlirin olmaması bu sahəni inkişafdan saxlayır: "Monika Belluci, Adriana Limanı tərifləyənlər bizimkiləri bəyənmir. Halbuki işini bilən, savadlı modellərimiz də var. Sadəcə, bizim də xarici təcrübə keçməyimiz, peşəkar səviyyədə çalışmağımız lazımdır. Məsələn, Adriana Limanı saçından tutmuş, makiyajına, geyiminə qədər hər şey peşəkarların iştirakı ilə başa gəlir. Bizdə isə çəkiliş zamanı belə model saçını özü düzəldir, makiyaj etdirir, geyim tapır. Yerli modellərimiz öz hesabına idmana gedib, bədən quruluşunu formada saxlayırlar. Adriana isə məşhur agentliklərlə müqavilə imzalayıb. Onun idmanından tutmuş masajına kimi diqqətlə maraqlanırlar".

"Modellik, əslində, incəsənətin bir qoludur"

Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakultəsinin səhnə mədəniyyəti üzrə pedaqoqu Lalə Hüseynova deyir ki, bizdə birmənalı şəkildə qəbul olunmasa da, modellik əslində, incəsənətin bir qoludur: "Hələ 80-cı illərdə Təhsil Şurasından təklif olunmuşdu ki, model sənəti müvafiq ali məktəblərdə ayrıca bölmə kimi tədris olunsun. O zaman buna əhəmiyyət verən olmadı. Məsələn, Moskvada bu sənətlə ali məktəb səviyyəsində peşəkarlar məşğul olur, tələbələr isə sonradan agentliklərə göndərilir, təcrübə keçirlər. Qonşu Türkiyənin özündə modellər və model agentlikləri maddi dayanıqlığı olan resurslar sayılır. Bu, həm də ölkədə iqtisadi baxımdan şirkətlərin inkişafından xəbər verir".

Yeri gəlmişkən, dünyada qəbul olunmuş françayzinq qaydalarına görə, özünü tanıtmaq istəyən nüfuzlu şirkətin baxımlı və cazibədar simasının olması uğurun yarısı deməkdir. Azərbaycanda isə bu sahədə boşluq olduğundan sima kimi məşhur müğənni və aktrisalardan istifadə olunur.

Teleseriallara da faydası dəyər

Dəfələrlə "Best model of the Azerbaijan" kimi nüfuzlu yarışma keçirən bir ölkədə indiyədək yüzlərlə model yetişməli idi. Reklam siması kimi də onların fəaliyyətindən yararlanmaqla bu sahəyə stimul vermək olardı.

Lalə Hüseynova hesab edir ki, modellərin bu sahəyə ali təhsil müəssisələrindən gəlməsi qonşu Türkiyədəki kimi teleserial industriyasına fayda vermiş olar.

Müxtəlif ölkələrdə model biznesi tələbi fərqlidir. Məsələn, İsveçrədə heç kim bu bizneslə ciddi maraqlanmır. İtaliya, Fransa, Amerika, Türkiyədə isə bu, dayanıqlı və gəlirli sahə hesab olunur. Azərbaycanda isə bu sahə hələ perspektivini gözləyir.

Naibə Qurbanova


Müəllif: