17 Mart 2015 21:15

Ağsu rayonunun Gəgəli kəndində I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalının açılışı olub.

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivala Türkiyə, Gürcüstan və Misirdən 150-dək iştirakçı qoşulub. Festivalın proqramına müxtəlif folklor qruplarının çıxışı, sərgi-yarmarkanın keçirilməsi və orta əsr Ağsu şəhər turu daxildir.

Tamaşaçılar ağsulu Aşıq Məhəmmədin ifalarını dinləyib, sərgi-yarmarkaya baxıblar. Sərgidə Bico, Qəşəd və Gəgəli kəndlərində toxunan xalça və palazlar, müxtəlif kəndlərdən sərgiyə gətirilmiş etnoqrafik əşyalar, Bakıda və Ağsuda yaşayan rəssamların əsərləri, heykəltəraş Vüqar Quliyevin daş və dəmir oksidindən hazırladığı miniatür heykəllər, Zaqatalanın Mamrux kəndində və Ağsuda hazırlanan tikmələr, əl işləri, kənd təsərrüfatı məhsulları, eləcə də orta əsr Ağsu şəhəri və Mehrəvan qalasından aşkar olunmuş arxeoloji materiallar nümayiş etdirilib.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Seymur Həsənov Azərbaycanda turizmin inkişafına kəndlərimizin də qoşulmasının vacibliyini və “yaşıl turizm”in Ağsuda da inkişaf etdirilməsinin zəruriliyini bildirib.

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Gəgəli kəndinin qısa tarixçəsi, türk tərəkəmə obası kimi əhəmiyyətini və tərəkəmə çərşənbəsinin fərqliliyini qonaqların nəzərinə çatdırıb. Festivalın ənənəvi keçirilməsinin kənddə maddi rifahın, mənəvi ab-havanın inkişaf edəcəyinə təsir edəcəyini bildirib.

Professor Şikar Qasımov Novruz və çərşənbə ənənələrinin sovet dövründə uzun müddət yasaq olduğunu deyərək, ümummilli lider Heydər Əliyevin bu bayrama verdiyi önəmi vurğulayıb. O, Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını və Prezident İlham Əliyevin hər il Novruz bayramı tədbirlərində yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Türkiyədən festivala qoşulmuş şair Muharrem Yenigün Novruzun türk toplumunda yerindən, Türkiyənin şərq bölgələrindəki Novruz adətlərindən danışıb. Misirli musiqişünas Mona Zedan isə ərəb xalq musiqisindən nümunələr ifa edib.

Daha sonra Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin şagirdləri məzhəkəli tamaşa göstəriblər.

Bakı Uşaq Teatrının hazırladığı bayram tamaşası isə kənd sakinlərinin marağına səbəb olub.

Festival martın 18-dək davam edəcək.


Müəllif: