1 İyul 2015 00:34
256

Ermənistan və Azərbaycanda son aylarda baş verən ictimai-siyasi hadisələrə baxsaq, “yüzillik”lə bağlı tədbiri və ilk Avropa Oyunlarını müqayisə üçün nümunə göstərmək olar.

Bəs fərq nədədir? Fərqin olması aydındır, bu fərqin böyük olması isə, ən azından, ermənilərə aydın deyil. Bir tədbir kifayət qədər şübhəli keçmişə, digəri isə xalqın gələcəyinə istiqamətlənib.

Ermənilərin uydurma “soyqırım” ilə qarınlarının doymayacağını Yerevandakı son hadisələr - elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı bu günə kimi davam edən etiraz aksiyaları da sübut etdi. Belə məqamda Ermənistan hökumətinə dahi rus şairi A.S.Puşkinin sözlərini həsr etmək olar: “...insanlar heç vaxt bu günlərindən razı deyillər və təcrübələrinə əsaslanaraq, gələcəklərinə az ümid bəsləyirlər və buna görə ötən günlərini öz təxəyyüllərinin çiçəkləri ilə bəzəyirlər”.

I Avropa Oyunları, ilk növbədə, Azərbaycan xalqının maraqları çərçivəsində keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı 2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu tədbirin keçirilməsində əməyini qiymətləndirmək çətindir.

Möhtəşəm bayram oldu. Təəssüf ki, tez sona çatdı. Bəs insanlara nə qaldı? Böyük infrastruktur, əhəmiyyətli tədbirlərin keçirilmə təcrübəsi, əlbəttə, idmana maraq, ilk növbədə, gənc nəsillərə öz təsirini göstərəcək. Bu, ölkənin gələcəyinə bir töhfədir.

Ermənistan uzun illər boyu xalqının vəsait və qüvvələrini uydurma “soyqırım” təbliğatına yönəldib, sərvətlərindən ölkənin inkişafı üçün deyil, nifrəti naminə istifadə edib.

Bütün dünyada müxtəlif tədbirlər, nümayişlər keçirmək, saxta məqalələr dərc etmək, pulla alınmış siyasətçilərin və bir sıra parlamentlərdə alimlərin çıxışını təşkil etməklə ermənilər “soyqırım” deyilən başıbəlalı mövzunu şişirtməyə davam edirlər. Bu mövzu qərbin antimüsəlman və antitürk siyasətçilərinin öz məqsədlərinə çatmasına xidmət edir. Onların arxasında duran qüvvələr “soyqırım” adlanan bu mövzunu müxtəlif xalqlar və dinlər arasında qarşıdurmanı dərinləşdirmək üçün istifadə edirlər.

Belə bir məqamda Bakıda ilk Avropa Oyunlarının keçirilməsi vahid Avropa qitəsi və ümumilikdə bütün dünyaya möhtəşəm pozitiv anlar yaşatdı. Bu, dinindən və milliyyətindən asılı olmayaraq, bütün insanları birləşdirən dəyərlərə dönmək üçün bir növ çağırış idi. Azərbaycan xalqının mənəvi gücü insanlar arasında dialoqa xidmət etdi.

“Soyqırım” adlanan mövzu, düşmənçilik və nifrətin qızışdırılması bəzi ölkə parlamentlərində, hətta Vatikanın yüksək rütbəli nümayəndələri arasında dəstək aldığı halda, söhbət mövzusu sülh və dostluq olan kimi, bir neçə qərb liderinin Azərbaycanda I Avropa Oyunlarını boykot etmək cəhdləri də diqqət çəkir.

Hər gün insanlıq dəyərlərindən car çəkən bir sıra qərb mətbuat orqanlarından fərqli olaraq, Azərbaycan xalqı və hökuməti sözdə deyil, əməldə bu dəyərlərə sədaqətini göstərdi.

Daha dərin, fəlsəfi araşdırmada bu mövzuya xeyir və şərin, doğru və yalanın mübarizəsi prizmasından baxmaq olar. Nəticə gözləniləndir – doğru qələbə qazanır. Və yəqin ki, Azərbaycanın ilk Avropa Oyunlarında əsas qələbəsi xalqımızla hökumətimizin birliyi oldu. Təxribatçı hücumlara, bəzi qərb dairələrinin respublikaya qarşı apardığı psixoloji müharibəyə baxmayaraq, ölkə bütün dünyaya göstərdi ki, azad və müstəqil Azərbaycan – boş sözlər deyil. Biz daha güclü olduq.

Elxan Ələsgərov, Fəlsəfə elmləri doktoru


Müəllif: