12 İyul 2016 19:36
3 227

1993-cü il təvəllüdlü Təvəkkül Qadiyev və Ənvər İrzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Təvəkkül Qadiyev həmyaşıdı Ənvər İrzayev ilə birlikdə özgənin əmlakını ələ keçirməkdə ittiham olunublar.

Onlar 6 may 2014-cü il tarixdə, saat 02.00 radələrində Gəncə şəhər Cavadxan küçəsində yerləşən “Vertual” internet klubunun qarşısında Orxan Səxavətliyə hücum ediblər.

Onlar Orxanı hədələyərək 250 manat dəyərində “Samsung Galaxy Tab 37.0” markalı, T 211 modelli planşetini, 60 manat dəyərində “Nokia” markalı, 210.2 modelli mobil telefonunu və 6 manat pulunu ələ keçiriblər.

Bundan başqa, Təvəkkül Qadiyev mayın 8-də, saat 20.00 radələrində Gəncə şəhəri İ.Qayıbov küçəsində yerləşən Gəncə Tibb Kollecinin yaxınlığında təkrar Orxan Səxavətliyə hücum edərək “Samsung Galaxy Tab 37.0” markalı T 211 modelli planşetini ələ keçirib.

Mayın 9-da günorta saatlarında Təvəkkül Qadiyev yenidən Orxan Səxavətlini beşbarmaqla hədələyərək 20 manatını ələ keçirib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham ediliblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təvəkkül Qadiyev 9 il 6 ay, Ənvər İrzayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslərin cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayətləri baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında iş Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Orxan əl uzadaraq mənə salam vermək istədi”

Məhkəmə iclasında Ənvər İrzayev bildirib ki, Təvəkkül Qadiyevi uşaqlıqdan tanıyır: “Mayın 6-da dostum Ülvi Avazlı ilə birlikdə Gəncə şəhəri Bağmanlar küçəsində çay evində çay içən zaman telefonuma tanımadığım nömrədən zəng gəldi. Cavab verəndə bildim ki, danışan Şükürdür. Şükür Sabir küçəsində olduğunu, zəng etdiyi telefonun sahibinin internet klubda masturbasiya ilə məşğul olduğunu dedi. Onun səhv hərəkət etdiyini, ərazilərində bu cür hərəkət etdiyinə görə cəzalanmalı olduğunu və dərhal ora gələcəyimi bildirdim. Ülvi ilə birlikdə taksi ilə köhnə Sabir küçəsində yerləşən “Vertual” internet klubuna gəldik. Ora gələndə Şükürlə Təvəkkülün internet klubun qarşısında olduğunu gördük. Onlarla görüşəndə dedikləri oğlan harada olduğunu soruşdum. Sonradan adını bildiyim Orxan Səxavətlini çölə çağırdıq. Orxan əl uzadaraq mənə salam vermək istədi. Ona bildirdim ki, belə əxlaqsız hərəkətlər edirsən, sonra da bizə əl uzadıb salam verirsən. Təvəkkülə burada gözləməyini və həmin oğlanla bir az işimin olduğunu dedim. Orxanı internet klubun yan tərəfinə qaranlıq yerə apardım. Orxana səhv hərəkət etdiyini dedim. Orxan səhv hərəkət etdiyini etiraf edərək üzr istədi. Bundan sonra Orxana hərəkətini ört-basdır etmək üçün səhərə 50 manat pul gətirməli olduğunu bildirdim. Orxan pulunun olmadığını dedi və üstündə olan əşyalarını çıxartmasını tələb etdim.

“50 manat verməli olduğunu dedim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Orxanın pul çıxarmaq istəmədiyini görüb və əli ilə onun sifətinə bir neçə dəfə yavaşca şapalaqla vurub: “Orxanı şapalaqla vurdum ki, pulu çıxartsın, yoxdursa sabah gətirsin. Bu zaman Orxan əlini cibinə salaraq 2 manat çıxartdı və mənə verdi. Bundan sonra Orxana bu pulun az olduğunu və 50 manat verməli olduğunu dedim. Orxan da başqa pulunun olmadığını, əvəzində mobil telefonu verə biləcəyini söylədi. Amma Orxan bu söhbəti, yəni etdiyi hərəkətin aramızda qalmasını xahiş etdi. Ona heç bir problem olmadığını bildirdim. Sonra Orxandan telefonu verməsini tələb etdim. O da cibindən mobil telefonunu çıxararaq mənə verdi. Sonra Təvəkkülün yanına, internet klubun qarşısına gəldik. Təvəkkül Orxanın içəridə zaryadkada “Nokia” markalı telefonun da olduğunu bildirdi. Təvəkküldən həmin telefonu gətirməsini istədim. Təvəkkül telefonu gətirərək mənə verdi. Bu zaman Orxan telefonunu qaytarmağımızı istədi. Bildirdi ki, digər telefonu verilmədiyi halda evdə problemi olacaq. Ona görə də “Sumsunq-Galaxsi” Tah-3 markalı mobil telefonu Orxana qaytardıq, “Nokia” markalı telefonu isə özümüz götürdük. Telefonun içərisindən kartını, yəni SİM kartını çıxarıraraq Orxanın özünə verdim. Aramızda söyüş qoyduq ki, baş verənlərdən heç kimə bir söz də deyən deyilik”.

“Kirayə ev tutaraq gizlənmişəm”

Ənvər İrzayev bildirib ki, Orxan da telefon və verəcəyi pullar barədə halallıq verəcəyini və heç kimə bu barədə bildirməyəcəyini deyib: “Sonra Orxan getdi. Biz internet klubun qarşısında olanda Ülvi internet klubdan çıxaraq bizə yaxınlaşdı və Orxandan aldığım 2 manatı Ülviyə verdim. Ülvi pulu aldı və Ülviyə Orxanın üzr istədiyini və bir daha belə hərəkət etməyəcəyini bildirdim. Ülviyə Orxanın pulunu və telefonunu əlindən almasını demədim. Sonra evə getdim. Evdə olarkən səhv etdiyimi fikirləşdim və iki gündən sonra Təvəkkülü taparaq Orxanın telefonunu ona verdim. Bildirdim ki, bunlar mənə lazım deyil, Orxana qaytarsın. Təvəkkül də telefonu məndən götürdü. Sonradan bildim ki, Orxan polisə şikayət edib. Qorxumdan Bakı şəhərinə getdim və orada kirayə ev tutaraq naməlum yerlərdə gizləndim. Lakin iyulun 3-də Gəncə şəhərində gələndə polis əməkdaşları məni tutdular. Hadisə zamanı əlimdə bıçaq olmayıb, ancaq şillə ilə yavaşca Orxanın sifətinə vurmuşam ki, ağıllı olub, deyiləni etsin. Təvəkkülün məndən sonrakı hərəkətlərindən məlumatım olmayıb. Orxan şikayət edəndən sonra bilmişəm ki, onun planşet telefonunu və pulunu Təvəkkül alıb. Ülvi Orxana qarşı heç bir hərəkət etməyib, Orxandan pulu alaraq Ülviyə sonradan vermişəm. Şükür də yalnız Orxanın pis hərəkət etməsinə görə məni çağırıb. Orxanın pulunu tək almışam. Sonradan Orxanın mobil telefonunu əlindən alan zaman Təvəkkül yanımda olub, Şükür isə internet kluba girib, bir daha oradan çıxmayıb. Etdiyimiz hərəkətlərdən Şükürün məlumatı olmayıb. Təvəkküllə birlikdə Orxanın telefonunu əlindən almışam. Tutduğum hərəkətlərdən səmimi peşman olduğumu bildirirəm”.

“Orxanın pornoqrafik videolara baxdığını gördüm”

Digər təqsirləndirilən Təvəkkül Qadiyev ona elan edilmiş ittihamla deyil, Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 6-da, gecə saat 01.00-da dostu Şükür Əşrəfovla birlikdə kiçik qardaşı Elşadı axtarmaq üçün bir-bir internet klubda stollarda oturan şəxslərə baxıb: “Həmin vaxt Gəncə şəhəri köhnə Sabir küçəsində yerləşən “Vertual” internet klubuna daxil olarkən 13-cü stolda sonradan adını bildiyim Orxan adlı oğlanın pornoqrafik videolara baxdığını və əxlaqsız hərəkətlər etdiyini gördüm. Şükür Orxanın bu hərəkətini görərək bir dəqiqə çölə çıxmasını dedi. Orxanla birlikdə internet klubdan çölə çıxdıq. Şükür Orxana bu hərəkətinin ikinci dəfədir ki, təkrarlandığını dedi və ona iradını bildirdi. Şükürlə Orxan çöldə qaldı. Mən isə internet kluba daxil oldum. İnternet klubu işlədən Rəşad adlı oğlana bu cür hərəkətlərə yol verdiyinə görə iradımı bildirdim. Rəşad da bir söz demədi. Bundan sonra mən də çölə çıxdım. Şükürlə Orxanın yanında dostumuz “Əmmiş” ləqəbli Ənvər və Ülvinin onlarla söhbət etdiyini gördüm. Ənvər və Ülvi Orxanı səhv etdiyinə görə başa saldılar. Orxan orada onlara görə hamıdan üzr istədi və evə gedəcəyini bildirərək internet kluba daxil oldu. Orxan gödəkcəsini götürərək getdi. Orxan gedəndən sonra Ənvər məni çağıraraq Orxanın “Nokia” markalı mobil telefonunu əlindən aldığını və qaytarmasını xahiş etdi. Mən də telefonu götürdüm və Orxanın arxasınca getdim. Orxana çatandan sonra sonradan qaytarmaq şərti ilə mənə 5-10 manat verməsini dedim. Orxan da 5-ci gün mənimlə görüşməsini bildirdim. Buna görə də Orxanın mobil telefon nömrəsini aldım və oradan ev getdim. Orxanın mobil telefonu məndə qaldı və bu barədə heç kimə bildirmədim”.

“Anama telefonu mənə pay verdiklərini dedim”

Təvəkkül Qadiyev qeyd edib ki, mayın 8-də, saat 19.00 radələrində Orxanın mobil telefonuna özünə məxsus telefondan gizli olaraq zəng edərək yaşadığı evin qarşısına çıxmasını bildirib: “Orxanın yaşadığı evin yanına gəldim. Orxan evdən çıxaraq Tibb Kollecinin yanında İ.Qayıbov küçəsində mənimlə görüşdü. Bu zaman oradan təsadüfi tanıdığım Kamran adında oğlan keçdi və mənimlə salamlasdı. Orxanla dayandığım zaman Kamran nəsə problem olub-olmadığını soruşdu. Kamrana heç bir problem olmadığını dedim. Orxana 15-20 manata ehtiyacımın olduğunu, ona həmin pulu verməsini və imkan düşəndə qaytaracağımı dedim. Orxan da pulu səhər verəcəyini bildirdi. Orxanın “Samsung” planşet telefonun olduğunu bildiyimdən ona dedim ki, onda çin istehsallı mobil telefonumu ona verim, o da əvəzində da öz planşet telefonunu mənə versin. Pul lazım olduğundan telefonu satacaqdım. Daha sonra eyni ilə belə planşet telefon ona qaytaracaqdım. Orxan da heç bir söz demədən razılaşdı və planşet “Samsung” telefonunu mənə verdi. Özümdə olan “Eqitel” markalı telefonu Orxana verdim və kartları dəyişdik. Orxandan planşetin qidalandırıcısını və qulaqciğını da istədim. O da gətirərək verdi. Səhəri gün saat 13.00-da Orxandan aldığım telefonu götürərək Gəncə şəhər Mərkəzi Univermağına gəldim ki, orada telefonu satım. Telefonu bir neçə şəxsə göstərdim. Lakin 100-120 manat qiymətləndirdiklərinə görə satmadım. Axşam anam mən də telefon olduğu gördü və haradan əldə etdiyimi soruşdu. Anama telefonu mənə pay verdiklərini dedim. Anam belə payın lazım olmadığını və geri qaytarmağımı bildirdi. Gecə Orxana zəng edərək narahat olmamasını və səhəri telefonunu qaytaracağımı bildirdim. Səhər yuxudan gec durduğuma görə Orxanla görüşə bilmədim”.

“Orxanı döyməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 10-da Nizami Rayon Polis İdarəsindən zəng edərək onu idarəyə çağırdılar: “Həmin gün saat 20.00 radələrində zirzəmidən Orxanın “Nokia” və qulaqcıq, enerji adapteri ilə birlikdə “Samsung” markalı telefonlarını götürürək polis idarəsinə gəldim. Bu barədə protokol tərtib edildi. Mənə qarşı Orxan Səxavətli yalan ifadə verib, onunla üzləşdim. Orxanı döyməmişəm, ona beşbarmaq çıxarmamışam”.

Tərəfləri dinləyən hakim heyəti sonda təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: